Səhiyyə Nazirliyinin nümayəndələri Bişkekdə keçirilən regional müşavirədə iştirak ediblər
Oktyabrın 14-15-də Qırğızıstanın paytaxtı Bişkekdə “İnsulinə əlçatanlığın təmin olunması” mövzusunda regional müşavirə keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müşavirə Qırğızıstan Respublikasının Səhiyyə Nazirliyi, dünyanı təhlükəsiz, effektiv və əlverişli dərmanlarla təmin olunmasında araşdırma və təbliğat işlərini aparan HAI (Health Action International) təşkilatı, Səhiyyə Siyasətinin Təhlili Mərkəzi ilə birgə əməkdaşlıqla diabetin müalicəsi üçün insulinə artan qlobal ehtiyacın həlli, problemlər və məhdudiyyətlərin aradan qaldırılması ilə məşğul olan ACCISS layihəsi əsasında həyata keçirilib.
Tədbirdə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin mütəxəssisi, endokrinologiyanın kuratoru Aynur Zeynalova, Respublika Endokrinologiya İnstitutunun direktor müavini Babək Salek, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin mütəxəssisi Nigar Mehdiyeva, Respublika Diabet Cəmiyyətinin sədri Mömünat Ömərova, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova iştirak etdilər.
Müşavirədə bildirilib ki, dünyada 100 milyona yaxın insan insulinə ehtiyac duyur, lakin onlardan yarıdan çoxu bu dərmanı almaqda və ya əldə etməkdə çətinlik çəkir. Tədbirin əsas məqsədi insulinə ehtiyacı olan diabet xəstələrinin dərmana əlçatanlığını təmin etmək, keyfiyyətli dərman tədarükünün həyata keçirilməsində qeyri-bərabərliyi və əngəlləri aradan qaldırmaq, iştirakçı ölkələrin təcrübələrini dinləyərək milli və qlobal səviyyədə insulinin istifadəsi, müalicə və xərclərində mövcud problemləri aradan qaldıraraq sağlam siyasəti müəyyən etməkdir.
Dünya Səhiyyə Təşkilatı, UNİSEF nümayəndələrinin və ABŞ, İngiltərə, Fransa, Rusiya, Ukrayna, Belarus, Özbəkistan, Moldova, Niderland, İsveçrə, Mozambik, Mali, Peru, Tanzaniya və digər ölkələrin ekspertlərinin iştirakı ilə keçirilən müşavirənin birinci günü diabet xəstəliyi üzrə regionlarda mövcud olan ümumi vəziyyətlə tanışlıq olub. Müşavirənin ikinci günündə nümayəndələr ölkələrində diabet xəstəliyinin müalicə və profilaktikasının aparılmasında istifadə edilən klinik-rəhbər vəsaitlər barədə və mövcud problemlər ətrafında fikir mübadiləsi aparıblar.
Panel müzakirə zamanı ekspertlər insulinə əlçatanlığı rahat şəkildə təmin etmək, dərmanların ölkəyə idxalı və idarə edilməsi sistemini həyata keçirməklə bağlı fikirlərini bildirərək, bu istiqamətdə siyasətin və idarə mexanizmlərinin doğru qurulması qaydalarını izah ediblər.
Yekunda iki gün ərzinə aparılan müzakirələrin və nəticələrin analizi həyata keçirilib, bu istiqamətdə gələcək planlarla bağlı fikirlər dinlənilib.