“Bu kanallara baxmaq əsəb sistemini pozmaq deməkdir” – Qadın cinayətlərinin səbəbləri
Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan elm adamları qadınların öz özünü susdurmasının müxtəlif sağlamlıq problemlərinə yol aça biləcəyini bildirib. Aparılan araşdırmaya görə, qadınlar üçün bir münasibətdə üstünlüyü özünə vermək və sözünü çəkinmədən demək, deyinmək onların sağlamlığına müsbət təsir edir, həyati əhəmiyyət kəsb edir.
Bəs Azərbaycanda vəziyyət necədir? Azərbaycanda qadınlar susdurulurmu, yoxsa deyingəndirlərmi? Bu deyingənliyin onların ailəsində bir sıra problemlərə, şiddətə, hətta cinayətə gətirib çıxardığı da deyilir. Bu həqiqətənmi belədir?
Mövzu ilə bağlı psixoloq Azad İsazadə ilə əlaqə saxladıq. “Yeni Sabah”a danışan A. İsazadə bu sözləri deyib:
“İlk növbədə bir şeyi dəqiqləşdirək. Çox tez-tez qeyd olunur ki, Amerika alimləri, Avstraliya alimləri nəsə dedi. Xeyr, bu deyilənlər hamısı statistikaya görə aydınlaşıb, böyük elmi iş deyil.
Reallıq isə belədir ki, cinsindən asılı olmayaraq, hər bir insan problem yaşayanda onu danışmaq ehtiyacı duyur. Qadınlar daha çox emosional olduqları üçün onların danışmağa daha çox ehtiyacı olur. Ümumiliyyətlə, Azərbaycan camaatı danışmağa çox meyillidir. Xanımlar kişilərdən, sözsüz ki, daha çox meyillidir. Sadəcə biz bir-birimizi dinləməyi xoşlamırıq. Cəmiyyətimizdə qarşıdakı tərəfi dinləyən insanların sayı çox azdır. Bu da çoxlu sayda psixoloji problemlərərlə nəticələnir”.
ADP sədri Sərdar Cəlaloğlunun "Azadlıq Radiosu"na verdiyi müsahibədə qadın hüquqlarından danışarkən, "Qadınla kişinin hüququ bərabərdisə, bəs niyə qızları əsgər aparmırlar?", "Qadın ərə tabe olmalıdır... Bəs kəbin nə üçündür?" kimi səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Bəs tanınmış siyasi xadimlərin xanımlarla bağlı belə fikirlər səsləndirməsi qadınlara qarşı aqressiyanı daha da artırmır? A.İsazadə bu məsələyə də öz münasibətini bildirib:
“Bu, qanunlarımıza ziddir. Adətən adət-ənənəyə istinad edirik. Amma adət-ənənə qanuni xarakter daşımır, yazılı formada təsdiq olunmayıb. Biz hüquqi dövlətdə yaşayırıq, buna görə də qanunlara tabe olmalıyıq, yazılmış qanun adət-ənənəyə zidd olsa belə. Əgər tabe olmayacaqdıqsa, onda o qərar qəbul edilməməli idi. Qanuna görə də, qadın-kişi bərabərliyi qeyd olunub. Bu mövzu müzakirə olunmamalıdır.
İkinci məsələ isə zorakılğın artması ilə bağlıdır. Bəlkə də heç çoxalmayıb. Elə keçmişdə də belə imiş. Lakin müasir zamanda mətbuatda daha çox xəbər tuturuq. BMT-nin hesablamalarına görə, dünya üzərində 80 faiz xanım zorakılığın müxtəlif növlərinə məruz qalıb. Çox vaxt da biz bundan xəbər tutmuruq. Söhbət iqtisadi, psixi və fiziki zorakılıqdan gedir. Zorakılıq faktları həddindən artıq çoxdur, amma mətbuatda görünən hissəsi işıqlandırılır”.
Tez-tez qeyd olunur ki, qadına qarşı şiddətin azaldılması, bu barədə cəmiyyətin maarifləndirilməsi üçün televiziyanın üzərinə böyük yük düşür. Psixoloq bu barədə sərt fikirlər səsləndirib:
“Mən televiziya kanallarının heç birinə baxmıram. Mənim fikrimcə, bu kanallar cəmiyyətimizə mənfi təsir göstərir. Televiziya kanallarını 0-dan, yenidən yaratmaq lazımdır. Bu gün Azərbaycan kanallarına baxmaq öz əsəb sistemini pozmaq deməkdir”.