sehiyye.info

Baş həkimdən külli miqdarda pul alınması ilə bağlı məhkəmədə şahid ifadə verib

Baş həkimdən külli miqdarda pul alınması ilə bağlı məhkəmədə şahid ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Rövşən Əliyev, Hətəmxan Çobanov və Elxan Hümbətovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Sehiyye.info xəbər verir ki,"Report"un xəbərinə görə, cinayət işinə hakim Samir Əliyevin sədrliyi ilə baxılır.

Təqsirləndirilən şəxslər özlərini vəzifəli şəxslər kimi təqdim etməklə üç nəfərdən külli miqdarda pul almaqda və şantaj yolu ilə pul istəməkdə ittiham olunurlar.

Zərərçəkmiş şəxslərdən biri Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalovdur. Təqsirləndirilən Elxan Hümbətov isə bildirib ki, Mübariz Zeynalovdan 120 min manatı şantaj yolu ilə deyil, Sumqayıt şəhərinə baş həkim vəzifəsinə düzəltmək adı ilə alıblar.

Məhkəmə prosesində Rövşən Əliyev sərbəst ifadə verib. O deyib ki, baş verənlərdə heç bir günahı yoxdur.

Şahidin sözlərinə görə, təqsirləndirilən Elxan Hümbətovla birlikdə həbsxanada olublar: "Biz həbsxanada olanda aramızda cüzi pul söhbəti var idi. O, mənə kömək edəcəkdi ki, mənim birillik şərti cəzamı həll edək və mən ölkəni tərk edim. Mənim üç oğlum təzyiqlərdən sonra Ukraynaya köçdü. Mən heç bir işdə iştirak eləməmişəm. Mən, sadəcə, Elxanın xahişi ilə baş həkim Mübariz Zeynalovla görüşə getmişəm".

Məlum olub ki, təqsirləndirilən şəxslər onu baş həkimə general kimi təqdim ediblər. Məhkəmənin suallarına cavab verən Rövşən Əliyev bildirib ki, bundan xəbəri olmayıb.

Amma növbəti suallarda Rövşən Əliyevin ifadələrində ziddiyyətlər üzə çıxıb. Məlum olub ki, Rövşən Əliyev özünün general kimi və Hətəmxan Çobanovun da Prezident Administrasiyasının vəzifəli şəxsi kimi təqdim edilməsindən xəbəri olub.

Rövşən Əliyev sonradan özünün baş həkim Mübariz Zeynalovdan 15 min manat almasının səbəbini də belə izah edib ki, verdiyi pulu geri almaqda köməklik göstərəcəyini vəd edib.

Həmin 15 min manata isə özünə "NİVA" alıb.

Təqsirləndirilən Elxan Hümbətov deyilənlərə etiraz edib. Bildirib ki, Rövşən Əliyev düzgün ifadə vermir.

R.Əliyevin dediklərində ziddiyyətin olması bir daha üzə çıxıb. Məlum olub ki, Rövşən Əliyev özünü həqiqətən də Ukraynanın generalı kimi təqdim edib və hətta forması da olub. Belə ki, Ukraynada fəaliyyət göstərən ictimai birliklərdən biri vasitəsilə general rütbəsi aldığını deyən Rövşən Əliyev bu əməlinə görə səmimi peşmançılıq çəkdiyini bildirib.

Məhkəmənin davamında şahidlərdən Elxan Hümbətovun dayısı və bacısı oğlu barəsində məcburi gətirilmə qərarı çıxarılıb. Belə ki, Elxanın dayısı Ələkbər Həsənov bu işdə adı çox hallanan şəxslərdəndir. Məlumata görə, Elxan dayısı vasitəsilə baş həkimi yeni vəzifəyə göndərəcəkmiş.

Məhkəmə iclası oktyabrın 16-da davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə pul tələb etmək ittihamı irəli sürülüb.



REKLAM