sehiyye.info

Azərbaycan Tibb Universitetinin professorunun rus dilində dərs vəsaiti yüksək rəy alıb

Azərbaycan Tibb Universitetinin professorunun rus dilində dərs vəsaiti yüksək rəy alıb
Azərbaycan Tibb Universitetinin mütəxəssislərinin rus dilində hazırladığı dərs vəsaiti rusiyalı professorlar tərəfindən yüksək rəy alıb.

Sehiyye.info xəbər verir ki,Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, insan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, professor Vaqif Şadlinskinin rezidentliyə namizədlər üçün rus dilində hazırladığı dərslik bütün meyarlar üzrə müsbət qiymətləndirilib.

Professor V.Şadlinski və digər mütəxəssislərin müəllifi olduğu “Rezidenturaya qəbul olanlar üçün “İnsan anatomiyası”” dərs vəsaiti İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rəhbərliyi tərəfindən araşdırılıb. Nəticədə həmin universitetin tədris işləri üzrə prorektoru Tatyana Litvinova və insan anatomiyası kafedrasının müdiri, professor Vladimir Nikolenko azərbaycanlı həmkarlarının hazırladığı dərs vəsaitinin beynəlxalq normalara uyğun olduğu qənaətinə gəliblər.

Dərsliyə verilən rəydə qeyd olunub ki, dərs vəsaiti yüksək səviyyədə hazırlanıb, kifayət qədər təsvirlərlə əhatə olunub. Burada rus dilinin qaydaları qorunmaqla yanaşı, terminlər beynəlxalq anatomik nomenklaturaya uyğun verilib. Bütün bölmələr üzrə zəruri məlumatlar yerləşdirilib. Dərslikdə elmin və kliniki praktikanın son nailiyyətləri kifayət qədər əks olunub.

Rəydə bildirilib ki, bu vəsait Azərbaycanda tibb təhsili verən ali məktəblərin yuxarı kursları və rezidenturaya qəbul olmaq istəyənlər üçün rus dilində əla vəsait hesab edilə bilər.

Qeyd edək ki, “Rezidenturaya qəbul olanlar üçün “İnsan anatomiyası”” dərs vəsaiti professor V.Şadlinski, A.İsayev, B.Hüseynov və dosent Ş.Qasımov tərəfindən hazırlanıb.



REKLAM