Fəsil dəyişikliyinin yaratdığı narahatlıqlar
Payız kiməsə romantik, kiməsə gərgin təsir bağışlayan bir fəsildir. İlin bu fəsli bəziləri üçün depressiya, tənhalıq və gücün tükənmə dövrüdür. Bəzən elə həmin hisslərin təsiri nəticəsində payız depressiyası yaranır. Həkim və mütəxəssislərin fikrincə, orqanizmdə vitamin çatışmazlığı və az hərəkətli həyat tərzi həmin psixoloji vəziyyəti yaradır.
Fəsil dəyişikliyi zamanı ona uyğunlaşmaqda çətinliklə üzləşənlər olur. Dəyişkən hava şəraiti bəzən onlarda həm psixoloji fəsadlar, həm də xəstəliklərlə müşahidə edilir. Psixoloqlar payız fəslində insanlarda həssaslaşma, depressiv hallar müşahidə edildiyini söyləyirlər. Bu isə aktiv həyat tərzinə mənfi təsir göstərir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi Könül Məmmədova AZƏRTAC-a deyib: “Bir qədər fiziki passivliyi olanlar, oturaq iş şəraitində işləyənlər, daha çox intellektual əmək sərf edənlərdə həmin hal daha tez müşahidə olunur. Payız depressiyasına düşən insanlar daha çox həyəcanlı, yatmağa meyilli olur. Gecələr uzandıqca, gündüzlər qısaldıqca onlar yatmağa daha çox meyilli olurlar. Tez oyanmaq, işə tez başlamaq onlarda həyəcan yaradır, hansısa işin dalınca getməyə həvəsli olmur və hər şeydən soyuyurlar.
Bundan başqa, hava dəyişikliyi də depressiyaya şərait yaradır. Havalar sərinləşdikcə müəyyən xəstəliklər meydana gəlir. Xəstəliklərin depressiyası payızda özünü göstərir. Həmçinin yaşla əlaqədar depressiyaya da düşmək olur. Ona görə də ilk növbədə, fiziki aktivliyi qorumaq lazımdır. Hər gün hava şəraitindən asılı olmayaraq heç olmasa 1 saata qədər təmiz havada gəzmək lazımdır”.
Paytaxtdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayevanın dediyinə görə, hamilə qadınlar, azyaşlı uşaqlar və yaşı 50-dən yuxarı olanlarda fəsil dəyişikliyi müəyyən əlamətlərlə özünü göstərir: “Beş-altı yaşlı uşaqları həmin dövrdə fiziki və emosional yükdən azad etmək lazımdır. 11-14 yaşlı uşaqlarda bədəndə hormonal dəyişiklik getdiyindən onları fiziki cəhətdən yükləmək məsləhət görülmür. Həmin dövrdə ən çox narahatlığı dərman qəbul edən xəstələr keçirirlər. İqlim dəyişikliyi zamanı onlarda təzyiq qalxmaları müşahidə edilir və onlar çox vaxt yanlış olaraq dərman qəbulunu və miqdarını artırırlar. Həmin xəstələrin həkimə üz tutmağı məsləhətdir, narahatlıq iqlim dəyişikliyi ilə əlaqədardırsa, sakitləşdirici dərmanların qəbul edilməsi məsləhət görülür, çünki fəslə uyğunlaşma birbaşa sinir sistemi ilə əlaqədar olur. Təzyiq oynaması da əsasən onlarda sinir sisteminin təsiri ilə baş verir”.