Dünyanın ən təhlükəli xəstəliyi - Azərbaycanda dörd ildə 3,2 dəfə artıb
Dünyada ən təhlükəli xəstəliklərdən biri də çoxsaylı mielomadır. Çoxsaylı mieloma limfositlərin erkən sələfləri səviyyəsində olan hüceyrələrin şiş xəstəliyidir. Bu xəstəlik, eyni zamanda, limfoprolivativ xəstəliklər qrupuna aid edilir.
Xəstəliyin rast gəlinmə tezliyi ölkə, irq və cinsiyyətə bağlıdır. Çoxsaylı mieloma bütün şişlərin 0,8 faizini təşkil edir.
ABŞ-da çoxsaylı mielomanın rastgəlinmə tezliyi orta hesabla 4-5 ilkin xəstələnmədir. ABŞ-ın afroamerikalı əhalisi arasında bu xəstəliyə 100 min nəfərdən 9-10-da rast gəlinir.Yaponiyada isə 100 min əhaliyə düşən ilkin xəstələnmə 1,2-dən artıq olmur. Bu göstərici Cənubi Koreyada 1,4, Çində isə 1,3-dür. Tayvan da çoxsaylı mielomanın az rast gəlindiyi ölkədir.
Çoxsaylı mieloma sağalmaz mürəkkəb patologiya olaraq qalır və buna görə də müalicənin əsas məqsədi ümumi sağ qalmanı uzatmaqdır. Bu göstərici ölkədən asılı olaraq dəyişir və ölkədəki tibbi xidmətin keyfiyyətindən asılıdır.
Azərbaycanda bu xəstəliklə bağlı vəziyyətə gəldikdə, 2011-2017-ci illərdə ölkəmizdə bu kateqoriyadan olan 262 xəstə tədqiq edilib.
Xəstələrin cinsi, diaqnoz qoyulma vaxtı yaşı, yaşama müddəti, klinik və laboratoriya xüsusiyyətləri tədqiq edilib, eyni zamanda, müalicənin qiymətləndirilməsi aparılıb.
Azərbaycanda 2011-ci ildə 32, 2012-ci ildə 18, 2013-cü ildə 39, 2014-cü ildə 30, 2015-ci ildə 38, 2016-cı ildə 57, 2017-ci ildə isə 50 nəfərə çoxsaylı mieloma diaqnozu qoyulub.
Bu kateqoriyadan olan ən çox xəstə isə 2016-cı ildə qeydə alınıb – 57 xəstə. Bu isə o deməkdir ki, dörd il ərzində (2012-2016) Azərbaycanda çoxsaylı mieloma xəstələrinin sayı 3,2 dəfə artıb.
Ölkəmizdə yaşa görə bu xəstəliyin rast gəlinmə tezliyi kişilər arasında 100 min nəfərə 1,38, qadınlar arasında isə 100 min nəfərə 1,24-dür. Müqayisəyə gəlincə, Azərbaycandakı göstəricilər Norveç, Fransa, Niderland, Böyük Britaniya, Almaniya və İtaliyadan aşağıdır.
Çoxsaylı mieloma ən çox 50-60 yaş qrupunda olan kişi və qadınlarda aşkar edilir. Amma digər yaş qruplarında olan insanları da bu xəstəlik "ağuşuna" ala bilir.
Azərbaycanda çoxsaylı mieloma ən çox Abşeron iqtisadi-coğrafi rayonunda qeydə alınıb (100 min əhaliyə 4,09 xəstəlik). Ən az isə Naxçıvanda müşahidə olunub (100 min əhaliyə 0,66 xəstəlik).
Mütəxəssislər hesab edir ki, göstəricinin Abşeronda çox olmasının səbəbi təbii qanunauyğunluqdur. Çünki bu region ekoloji cəhətdən Azərbaycanın ən əlverişsiz ərazisidir.
Qeyd edək ki, Azərbaycanda çoxsaylı mieloma xəstələrinin müalicəsi Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş protokol üzrə aparılır.
Onko-hematoloji xəstələrə göstərilən tibbi yardımı yaxşılaşdırmaq məqsədilə Azərbaycan Nazirlər Kabineti "2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı"nı təsdiq edib.