sehiyye.info

Uşaqlar arasında nadir xəstəlik yayıldı - "Qulyabanı sindromu"

Uşaqlar arasında nadir xəstəlik yayıldı - "Qulyabanı sindromu"
İspaniyada 16 uşaqda "qulyabanı sindromu" adlanan nadir xəstəlik aşkarlanıb. Xəstəlik nəticəsində onların bədəni qeyri-adi dərəcədə tüklənib.

Bu barədə "Daily Mail" məlumat yayıb.

Mədə xəstəliyindən əziyyət çəkən gənc pasiyentlər "omeprazol"la müalicə olunub. Bu dərmanın tərkibində isə saç artıran kosmetik vasitə - minoksidil aşkar edilib. Nəticədə, uşaqlarda hipertrixoz yaranıb. Bu xəstəlik zamanı insan bədəninin normalda tüksüz olan yerləri cinsindən və yaşından asılı olmayaraq tüklənir.

Xəstəliyə səbəb olan, "Farma-Química Sur SL" şirkətinə məxsus dərmanların bir neçə partiyası iyulun 11-də artıq satışdan çıxarılıb. Avqustun əvvəllərində isə növbəti partiya aşkar olunaraq götürülüb.

Hökumət hesab edir ki, təhlükəli preparatlar İspaniyanın cənub hissəsində 30 aptekə paylanılıb.

"Farma-Química Sur SL" şirkəti müvəqqəti olaraq lisenziyadan məhrum edilib və hazırda dərman istehsalı və satışı ilə məşğul ola bilməz. Təşkilat nümayəndələri güman edir ki, yararsız preparatlar Hindistan filialında istehsal olunub.

Hökumətin verdiyi məlumata görə, səhv tərkibli "omeprazol" yalnız uşaqlarda "qulyabanı sindromu" yaradır, böyüklərə isə təsir etmir. Qeyd olunur ki, dərman qəbulunu dayandırdıqda, pasiyentlərin bədənindəki tüklənmə azalır.(Oxu.az)



REKLAM