sehiyye.info

TƏBİB-ə veriləcək xəstəxanalarda – DƏYİŞİKLİKLƏR BAŞLAYIB – RƏSMİ AÇIQLAMA

TƏBİB-ə veriləcək xəstəxanalarda – DƏYİŞİKLİKLƏR BAŞLAYIB – RƏSMİ AÇIQLAMA
Gələn ildən Azərbaycanın bütün ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanır.
FED.az xəbər verir ki, bununla əlaqədar olaraq ölkədəki xəstəxanaların əksəriyyəti 1 yanvar 2020-ci ildən etibarən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin - TƏBİB-in tabeliyinə veriləcək. Hazırda bu tibb müəssisələrində hazırlıq işləri başlayıb, o cümlədən İKT infrastrukturu qurulur, xəstəxanalar komtüterləşir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, tibb müəssisələrində İKT-nin qurulması icbari tibbi sığortanın məlumat bazasının, habelə müvafiq proqram təminatının yaradılması və tətbiqi məqsədi daşıyır.

Proqram təminatı xəstəxanalara müraciət edən vətəndaşın onlayn qeydiyyatının aparılmasına, onun sığortaolunan olub-olmamasını müəyyənləşdirilməsinə, pasiyentin müraciət etdiyi şöbələr, ona xidmət göstərən həkimlər, təyin olunan müayinə və müalicə (ambulator və stasionar) haqqında məlumatların sistemə daxil edilməsinə imkan yaradır, həmçinin vətəndaşların zaman və məkandan asılı olmayaraq diaqnozları və laborator analizlərinin nəticələri haqda məlumatları rahatlıqla əldə etmələrinə xidmət edir.

Bu günədək 21 tibb müəssisəsi 617 ədəd kompüter avadanlığı ilə təchiz olunub, habelə internetə çıxışın təmin olunması məqsədi ilə tibb müəssisələrinə fiber optik kabel xətti çəkilir, internetin təyin olunmuş məntəqələrə ötürülməsi üçün 25 tibb müəssisəsində kabelləşmə işləri icra olunub.

İyul ayından etibarən isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin əməkdaşları tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə xəstəxanalarda təlimlər keçirirlər. Bu günədək Bakı və Sumqayıt şəhərləri üzrə 48 tibb müəssisəsinin, həmçinin 22 regionda yerləşən tibb müəssisələrinin qəbul və qeydiyyat şöbələrinin işçiləri üçün təlimlər keçirilib.

Qeyd olunmalıdır ki, tibb müəssisələrinin elektronlaşdırılması və müvafiq heyətin təlimatlandırılması üçün nəzərdə tutulan maliyyə xərcləri bu məqsədlə Agentliyə ayrılan büdcə vəsaiti hesabına həyata keçirilir. Hazırlanmış işçi plana uyğun olaraq, icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək bütün tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlərin icrası və təlimlərin keçirilməsi cari ilin sonuna kimi davam etdiriləcək.



REKLAM