İlyarımdır Quba Rayon Mərkəzi Xəstəxanasında yaşayan Rusiya vətəndaşı vətəninə yola salınacaq - FOTO
On səkkiz aydır Quba Rayon Mərkəzi Xəstəxanasında yaşayan Rusiya vətəndaşı yaxın günlərdə vətəninə yola salınacaq.
Sehiyye.info bildirir ki,Xəstəxananın baş həkimi Əliyar Sərvərovun məlumata görə, 64 yaşlı Viktor Seryakov xəstəxanaya 2017-ci ilin noyabr ayında təcili-tibbi yardım maşını ilə gətirilib:
"Tibb müəssisəsində müayinə zamanı onun gözlərinin görmədiyi, bədəninin müxtəlif nahiyələrində yaraların olduğu və bir sıra xəstəliklərə yoluxduğu müəyyənləşib".
V.Seryakovun özü haqqında verdiyi məlumata əsasən, o, 1994-cü ilədək Rusiya Federasiyasının Vladimir vilayətində yaşayıb. Üç il məhbus həyatından sonra azadlığa çıxıb və tanışının təklifi ilə Azərbaycana işləməyə gəlib. Uzun müddət Siyəzən və Quba rayonu ərazilərindəki təsərrüfatlarda çalışıb. Sənədlərini isə itirib.
V.Seryakov Quba Rayon Mərkəzi Xəstəxanasında qaraciyər problemləri, ağciyərdə xroniki pnevmaniya və dəri xəstəliklərindən kompleks müalicə olunub. Gözlərinin tutulmasına səbəb olan kataraktanın əməliyyatla müalicəsi isə, yanaşı xəstəlikləri olduğuna görə təxirə salınıb.
İki ilə yaxın tibb müəssisəsində yaşayan Viktora xəstəxana heyəti qulluq edib. Lakin, onun sənədləri olmadığından hər hansı dövlət müəssisəsinə yerləşdirilməsi mümkün olmayıb.
Baş həkim V.Seryakovla əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovaya müraciət etdiyini bildirib:
"Ombudsman Elmira Süleymanovanın Rusiyanın ölkəmizdəki səfirliyi və Rusiyanın Federal Ombudsmanı ilə danışıqlarından sonra V.Seryakov pasportu əvəz edən şəhadətnamə ilə təmin olunub. İndi onun Rusiyaya göndərilməsi və orada yerləşdirilməsi ilə bağlı digər məsələlər həll edilir. Viktor Seryakov sentyabr ayında vətəninə yola salınacaq"(Report.az)