Səhiyyə Nazirliyi və UNICEF: Süni qida qəbulu adi hala çevrilməməlidir!
Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır. Körpənin ana südü ilə qidalandırılması onun immunitetinin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmuş körpəni həyatının ilk saatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırmaq onun həm sağlam böyüməsini, həm də beyninin inkişafını təmin edəcək. Ona bu dövrdə digər maye (su, çay) və ya qida lazım deyil. Ana südündə yetərincə maye var və bu, hətta istidə belə körpənin tələbatını ödəyir.
Səhiyyə Nazirliyi xəbər verir ki, əgər hər hansı tibbi göstəriş yoxdursa, körpələrə süni qidaların verilməsi onların fiziki və psixi inkişafına, həmçinin ananın sağlamlığına mənfi təsir göstərir. Süni qidalandırılma ailənin həm mənəvi, həm də maddi təməlinə zərbə vurur.
Körpənin ana südü ilə qidalandırılması nəticəsində ana və uşaq arasında həm də mehriban münasibət, xoş ünsiyyət yaranır, heç şübhəsiz ki, bu, körpənin sağlam inkişafında mühüm rol oynayır. Əksər tibb işçiləri bu barədə anaları məlumatlandırır və körpələrini dünyaya gəldiyi ilk saatdan etibarən əmizdirməyi onlara tövsiyə edirlər. Təəssüflər olsun ki, bəzən anaları süni qidalara yönəldənlərə də rast gəlinir.
Diqqətə çatdırmaq lazımdır ki, yeni doğulan körpələrə doğulduğu ilk gündən süni qida verilməsi Səhiyyə Nazirliyini, o cümlədən neonatal komissiyanın ekspertlərini də narahat edir. Bu məqsədlə UNICEF-in “Körpə dostu klinikası” təşəbbüsü ilə bağlı Səhiyyə Nazirliyinin dəstəyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və neonatal komissiyanın ekspertlərinin iştirakı ilə təbii qidalanmanın müstəsna rolu haqqında strategiya hazırlanıb. Bu işə 2019-cu ilin yanvar ayından start verilib. Layihənin birinci mərhələsində mövcud problemlər müzakirə edilib, onun mərhələləri işlənib. İşin birinci mərhələsində respublikanın bir sıra doğum evlərində ilkin audit aparılıb. Analarla fərdi sorğu keçirilib. Sorğunun nəticələri araşdırılıb, real mənzərə müəyyən edilib. Hal-hazırda ikinci mərhələ davam etdirilir – həkimlərə və tibb bacılarına treninqlər keçirilir, hamilələr və yeni ana olanlar üçün informasiya mənbələri, normativ sənədlərə əlavələr hazırlanır. Məqsədimiz və hədəfimiz bütün doğum evlərində istər təbii doğuş, istərsə də qeysəriyyə kəsiyi ilə doğulmasından asılı olmayaraq bütün uşaqların ilk 1 saat ərzində ana südü ilə qidalanmasını tətbiq etməyə nail olmaq və bunun vacibliyini analara izah etməkdir ki, süni qida qəbulu adi hala çevrilməsin.
Hazırda hamilə qadınların hamiləlik dövründə mama-ginekoloqların nəzarətində olduqları müddətdə də bu barədə məlumatlandırma aparılır. Məlumatlı ana bu qaydalara riayət etməyən doğum evlərində olarkən özü səy göstərərək körpəsinə yalnız ana südü verəcəyini qətiyyət və israrla bildirə bilir. Anaların düzgün əmizdirmə barədə kifayət qədər məlumatlandırılması üçün kitabçalar hazırlanır, bu istiqamətdə gənc analarla maarifləndirmə işləri də gücləndirilir. Göstəriş olmadan süni qida təyin edən həkimlərin aşkar edilməsi üçün müvafiq tədbirlər hazırlanır. Süni qidaların reklamının yolverilməz olduğu qanunvericilikdə də öz əksini tapıb. Strategiyanın bir istiqaməti də ana südü verilməsinin körpənin 6-cı ayına kimi davam edib-etmədiyini öyrənməkdir. Bunun üçün ana ilə yenidən əlaqə saxlanılır. Əldə olunan nəticələr audit aparılan klinikaların rəhbərliyi ilə birgə dəyirmi masada mütəmadi müzakirə olunur.
Səhiyyə Nazirliyi ana olmağa hazırlaşan qadınları doğum evlərində olarkən körpələrini yalnız ana südü ilə qidalandıracaqlarını qətiyyətlə tələb etmələrini və yeni doğulmuş körpələri həyatının ilk saatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırmağı məsləhət görür. Nazirlik ana südü ilə qidalandırmanı dayandırmaq haqqında uşağın 1-2 yaşından tez düşünməməyi tövsiyə edir.