sehiyye.info

Qanda rezus faktoru gözlənilmədən dəyişə bilər

Qanda rezus faktoru gözlənilmədən dəyişə bilər
İnsan qanı təkcə qruplara (I, II, III və ya IV qan qrupu), eləcə də rezus faktoruna görə (müsbət və ya mənfi) təsnif olunur. İnsanın həyatı boyunca qan qrupu dəyişməz qalsa da, rezus faktoru gözlənilmədən dəyişə bilər.

Sehiyye.info xəbər verir ki, bu yenilik Vyana Tibb Universitetinin bir qrup aliminin apardığı tədqiqat nəticəsində müəyyən edilib. Tədqiqat qrupunun rəhbəri Qünter Körmöçi bildirib ki, tibbi praktikada qan dövranında tez-tez həm müsbət, həm də mənfi rezus faktorlu qan hüceyrələrini daşıyan pasiyentlərə rast gəlmək mümkündür. Eyni şəxsdə qarışıq rezus faktoru qəfil baş verən genetik mutasiya sayəsində mümkün olur.

Alim bildirib ki, qarışıq rezus faktoru pasiyentlərdə ötən əsrin 60-cı illərində müşahidə edilsə də, bunun dəqiq izahı verilə bilmir və bütün hallar qan xəstəlikləri ilə (leykoz və s.) izah edilirdi. Lakin avstriyalı alimlər müşahidə ediblər ki, bir sıra pasiyentlər qanda eritrozitlərdə xüsusi antigenləri, yəni müsbət rezus faktorunu yaş artdıqca itirə bilirlər və bu halda bədənin hansısa bir hissəsində qan hüceyrələrində rezus faktoru mənfiyə çevrilir. Müəyyən edilib ki, belə pasiyentlərin yarısında qan xəstəliyi yoxdur, bu, yalnız orqanizmin yaşlanması fonunda baş verən genetik mutasiyadır.

Alimlər, həmçinin müəyyən ediblər ki, qanda rezus faktorundakı dəyişiklik, – indiyədək hesab edildiyi kimi, - təkcə qanyaradıcı (hemopoetik) kök hüceyrələrdə deyil, eyni zamanda, çoxxassəli (pluripotent, asanlıqla yerləşdiyi toxumanın formasını ala bilən) kök hücəyrələrdə rast gəlinir. Alimlərin rəyinə görə, rezus faktorunun müsbətdən mənfiyə dəyişməsi yaşı 65-dən yuxarı şəxslərdə heç də nadir hadisə deyil və hər 500 nəfərdən birində bu hala rast gəlmək mümkündür.



REKLAM