Tibb Universitetinin həkimlərinin səyləri nəticəsində anası ilə çox ağır qan qrupu uyğunsuzluğu olan uşaq sağ qalıb
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında çox çətin və mürəkkəb keçən hamiləlik sağlam uşağın dünyaya gətirilməsi ilə sonlandırılıb.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, klinikanın neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı bətn daxilində ana və uşağın qan qrupu uyğunsuzluğunun çox ağır formasının aşkarlandığını deyib. Bu səbəbdən körpəyə ana bətnində 3 dəfə qan transfuziyası icra olunub. Lakin buna baxmayaraq, hamiləliyin son 2 həftəsində xəstəliyin kritik həddə çatması səbəbindən körpə təcili olaraq xaric edilib. Neonatoloq hesab edir ki, həmin körpənin ana bətnində 34 həftəyə qədər yaşaması birmənalı olaraq ginekoloqun apardığı lazımi tədbirlərin nəticəsidir. Əgər ginekoloq tərəfindən ana bətnində körpəyə qan transfuziyası olunmasaydı, uşaq dünyaya sağ gəlməzdi. Bu, ginekologiyanın uğurudur. Lakin kritik dönəmdən keçərək 20 günlük müalicədən sonra uşağın sağlam şəkildə evə yazılması isə neonatologiyanın uğurudur.
Dəfələrlə övlad itkisi yaşamış ailənin bu dəfə evinə sağlam körpə ilə getməsi Tədris Cərrahiyyə Klinikasının ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun, neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlının əməyinin nəticəsidir.
Uğurlu əməliyyatdan sonra ailə klinikanın həkimlərinə öz minnətdarlığını bildirib. Bu ailənin sevincində cərrah Murad Əlibəyov və komandası, kardioloq Elşad Rzayev, sonoqraf Fəxriyyə Əmrahovanın və digərlərinin də payı var.