sehiyye.info

Rusların çörək qoxulamaq adəti

Rusların çörək qoxulamaq adəti
Rusiyalıların araq içərkən çörək qoxulamağının səbəbini araşdırmaq Rusiyadakı həyat tərzinin reallıqlarına bir qapı açır.

"Bristolda bir nəfər Novichok adlı araq istehsal etməyə başlayır", - ev sahibəsi Nataşa Ward deyir.

"Və ona xəbərdarlıq edilir 'İstehsalı dərhal dayandır!"

Londonun cənubundakı evində biz qonaq edən Ward gülərək deyir. Masaya yeməkləri yığdıqca bizi onlarla tanış edir.

"Siyənək ilə başlayacağıq, tutma siyənək yox, duzlu. İngilislərin çuğundurdan zəhləsi gedir, çünki onu ancaq tutmada görüblər. Tutma siyənəklər meyitə oxşayırlar".

Ward bir neçə mədəniyyət dəyişib. O, yarı-rus, yarı-ingilisdir və Birləşmiş Millətlər, Angelina Jolie və Mixail Qorbaçov kimi böyük adlar üçün tərcüməçi işləyib. Bu tapşırıq - araq içərkən rusların niyə çörək iylədiyini izah etmək - Rusiyadakı həyat tərzinin reallıqlarına qapı açır.

Rusiya ilə Qərbin hazırkı münasibəti bir o qədər də isti deyil: Rusiya və Amerikanın nüvə silahları sazişindən çıxması, İngiltərədə Salisbury zəhərlənməsi və əlbəttə ki, 2018-ci il Dünya Kubokunun Rusiyada baş tutması.

"Rusiya yığmasının məğlubiyyətinə sevinmişdik", Anna İvanov deyir, həyat yoldaşı Mişa isə çiyinlərini çəkir.

Anna və Mişa Ward-un ən yaxın rəfiqəsi Helena Bayliss-in valideynləridir və onlar Rusiyadan 20 il əvvəl qızları ingilislə evlənən zaman köçüblər.

"Rusiya yığmasının hər qələbəsi mediada işıqlandırılırdı. Hamı bu haqda danışırdı".

"Yaxşı", Ward deyir, "hansı araqdan başlayaq?"

Seçim çox uğurlu olur, başqa cür ola da bilməzdi. Nə qədər olmasa, Rusiya Dövri Cədvəlin yaradıcısı Dmitri Mendeleyevin vətənidir.

Ward-un təklif etdiyi vodkalar arasında acı bibərlərdən hazırlanmış "perçovka" arağı, sadə rus arağı, Newfoundland-da və evdə çəkilmiş limonlu araq var idi.

"Bu əslində, 95 faiz tərkibli tibbi spirtdən hazırlanıb", Ward deyir, "ona su qatıb (yarıma-yarım), limon əlavə edirsən".

- "Eyni samaqon (ingiliscə Moonshine) kimi?"

"Yox, samaqon olsaydı, distillə edilmiş olardı", Bayliss gülməyə başladı, - "Nataşa, heç gözləməzdim!"

Bu kiçik yığıncağımızın iki səbəbi var: birincisi xoş vaxt keçirmək və ikincisi rusiyalıların araq içdikdən sonra, çörək qoxulamaq adətinə bələd olmaq.

İlk olaraq həm vodka, həm də onu içəcəyimiz stəkanlar soyuducunun buz gözündən çıxarıldı və Bayliss arağı russayağı içməyin incə məqamlarından danışmağa başladı.

"Araq soyuq olmalıdır, stəkan isə xırda və içər-içməz yemək üçün ya duzlu bir şey, ya da çovdar çörəyi qoyulmalıdır", - o deyir.

"Araqdan sonra, şirniyyat yemək olmaz, düz gəlməz".

"Yaxud", Ward əlavə edir, "Allah eləməmiş, heç nə yeməmək olmaz!"

İçkinin buz kimi soyuq olmağı heç də qorxulu səslənməsin, əksinə boğazdan rahatlıqla keçir.

"Qurtumlamaq və dadına baxmaqdan söhbət gedə bilməz", Bayliss deyir.

Bəs adamlar niyə onu içir? Onun anası güldü. "Sonrakı həzz üçün!"
Rusiyanın araq ritualı qədim ənənədir.

Həmin həzz ilə mən rusların çörək qoxulama ritualı vasitəsilə tanış olmuşam. Ward mən ən yaxın rəfiqəm Marşanın anasıdır.

Yeniyetmə ikən biz Marşa ilə anasının Rusiyaya iş səfərlərindən sonra təşkil etdiyi məclislərdə iştirak etməyi çox sevərdik. Masanı ekzotik spirtli içkilər, duzlu tutmalar və qara çörək bəzəyərdi.

Biz Ward ilə qonaqlarının ucadan gülərək hekayələr danışdığını və hər araqdan sonra nə isə yediklərini böyük məmnuniyyətlə izləyərdik.

Qonaqlar doyduqdan sonra - amma tost demək davam etdiyi üçün - onlar araqdan sonra, çörəyi yemək əvəzinə, iyləyərlərdi. Biz təəccübdən donub qalardıq.

İyirmi il sonra, həmin ritualı televizorda gördüm. Netflix seriallarından biri olan House of Cards-da ABŞ prezidenti ilə şam yeməyi edən Rusiya prezidenti arağı rus kimi içməyi təqdim edirdi. Qoxulamaq da öz yerində.

Televiziyada bu bir az mürəkkəb və teatr nümayişi kimi təqdim olunsa da ("Bunu hörmətli qonağın yanında etməzlər!" Ward iddia edir), dərin qoxulamaq fısıltısı eşidilirdi.

Serialın həmin seriyası ilə bağlı müxtəlif yazılar qələmə alındı: çörək, alkoqolun dadını uzaqlaşdırmaq üçün qoxulanır, rus tutmalarındakı duz və turş - Ward-un masasındakı kimi - alkoqolun neytrallaşmasına kömək olur.
Helena Bayliss: "Araq soyuq, stəkan xırda olmalıdır və araqdan sonra yeməyə duzlu bir şey qoyulmalıdır".

Lakin Ward və onun dostlarına əsasən, ritual təkcə tibbi əhəmiyyət daşımır, həm də sosial funksiyaya sahibdir: sonradan çörəyi yeyərək və ya qoxulayaraq arağı sərxoş olmaq üçün içmədiyini göstərirsən.

"Arağın ardınca yeməyə duzlu çörək tikəsi və ya siyənək, yaxud kürü yoxdursa, çörəyi qoxulayırsan", Bayliss deyir.

"Bu simvolikdir"
Ward razılaşır: "Qoxulamaq ancaq normal yemək almayacaq qədər kasıb olanda baş verir".

REKLAM

www.landrover-azerbaijan.com

Daha ətraflı
Ya da əlbəttə ki, çox tox olduqda. Əgər bir məclisdə ancaq kiçik tikə çörək qalıbsa, hamının qoxulaması üçün masa ətrafındakı qonaqlara bir-bir ötürürsən.

Əgər heç çörək yoxdursa? "Köynəyinin qolunu iyləyirsən!"

Məclisimizin ilk badəsini qaldırdıq: Mişa gözəl tost dedi, buz kimi arağı rahatlıqla içdik və ardınca yağlanmış böyük tikə çörək yedik. Bir neçə badədən sonra, hərəmiz çörəkdən azca qoparıb, dərindən qoxuladıq.

Bəziləri inanır ki, çörəyi alkoqolun dadını uzaqlaşdırmaq üçün qoxulayırlar.

Rusiyada arağı içmək haqqında ciddi qaydalar var. Lakin eyni zamanda, bir kəsin arağı niyə içdiyi də bir o qədər vacibdir.

Rusiyada bu, sosial fəaliyyət hesab olunur. Rusiyada qonaqlıqlar masa ətrafında keçirilir və araq içmək qrup fəaliyyəti sayılır (təklikdə həzz alınacaq bir şey deyil).

Zakuskaları da paylaşmaq lazımdır və təklif gözləmədən əl uzadıb götürmək gərəkdir.

Bir də tost demək var. Mişa onun əhəmiyyətini xüsusi vurğulayır.

"Əgər içirsənsə, nə isə deməlisən!", o söyləyir.

"İngiltərədəki kimi deyil, harada ki, hər kəs özü üçün oturur. Biz birlikdəyik! Ona görə də hamı üçün eyni şey olmalıdır. Bu insanlara birlik aşılayır!"

Keçmiş Sovet respublikası Gürcüstanda tostlar o qədər mühüm sayılır ki, xüsusi məclislər üçün professional tost deyənlər dəvət olunur.

Rusiyada tostlar daha sadə olur. Bu günün tostlarına bir araya yığışmağımız, masadakı gözəl xanımlar və Kraliçanın sağlığı üçün deyilir.

Tostları Mişa deyir və ardınca hər kəs Poyexali ("Getdik!") söyləyir. Kosmonavt Yuri Qaqarin 1961-ci ildə kosmik gəmisi ilə uçmağa hazırlaşan zaman istifadə etdiyinə görə, "getdik" kəlməsi məşhurlaşıb və hələ də istifadə olunur.

Rusiyalıların dərin vodka sevgisini anlamamaq mümkün deyil. Hətta içkinin adı da əzizləmə formasındadır - "voda" su deməkdir və "vodka" əzizləmə şəklində azca su kimi istifadə edilir.

Ancaq Rusiyada vodka içməyin qaranlıq tərəfi də var. Tarix boyu alkoqolizm Rusiyada bir bəla olub və vodka gündəlik həyatın çətinliklərindən qaçmaq üçün vasitəyə çevrilib.

"Sovet İttifaqında çətin günlər çox olurdu", Ward deyir.

Rusiyadakı məclislərdə qonaqlar hər araq badəsindən sonra, zakuska üçün masaya rahat əl uzada bilirlər.

Əlbəttə ki, Bayliss ingilis ilə ailə qurmamışdan və Mişa ilə Anna Britaniyaya köçməmişdən əvvəl, Mişanın işi ona ölkədən çıxmağa imkan verməyib.

"Biz həmin həyat tərzinə öyrəşmişdik, ancaq o normal deyildi," Mişa Sovet Rusiyasındakı həyatından danışır.

"Biz tez-tez BBC-yə, Amerikanın Səsinə qulaq asırdıq və fərqli həyatın mövcud olduğunu bilirdik. Amma sən bu cür ölkədə doğulmusansa, heç yerə gedə bilməyəcəyini anlayırsan".

Anna razılıqla başını tərpədir.

"Mümkünsüzü arzu etmək kimi".

İvanovlar qıtlıq və partiya imtiyazı ilə bağlı çoxlu hekayələr danışırlar.

"Ya istədiyini ala bilirdin, ya da yox", Anna deyir.

"Bir şey üçün pul ödəmək istəyirsən? Onda sənə partiyadan bir tanış lazım idi. Dükana gedib, istədiyin ayaqqabını ala bilmirdin, amma partiya və KQB rəhbərləri üçün xüsusi şöbə var idi".

Lakin bu xatirələrə baxmayaraq, həmin gün masada paylaşdığımız tost demək vərdişindən tutmuş, rus hekayələri və zarafatlarına qədər rus ənənələrində böyük istilik hiss etdik.

"Bir nəfər şam yeməyinə siyənəklər gətirir", Ward deyir, "və ev sahibi açanda onların xarab olduğunu görür. Balıqları gətirən adam isə 'Yanlış başa düşdüyünüz üçün bağışlayın, amma o siyənəklər yemək üçün yox, hədiyyə idi!' deyir".

Rus ənənəsinə əsasən, içməmişdən əvvəl ürək sözlərini deməlisən.

Növbəti tostun vaxtı idi və Mişa sözlərini demək üçün ayağa qalxdı - "bu isə yanımızda olmayan dostların şərəfinə!".

Araq içildi, çörək tikələri yeyildi və çəngəllər duzlu balıqlara sancıldı. Masa ətrafındakı hər kəsin yanaqları qızarmışdı və hamı məmnun idi.

Günorta axşama qarışan zaman Mişa ətrafa nəzər yetirdi və dedi: "Vodka bıçaq kimidir. Nə yaxşıdır, nə də pis. Bıçaq ilə hər şey edə bilərsən. Ət doğrayarsan, çörək dilimləyərsən - xüsusi bıçaqla əməliyyat edə bilərsən. Amma başqa bir bıçaqla da insan öldürə bilərsən; ona görə də bıçağı günahlandırmaq olmaz".

O, bir anlıq ara verir. "Araq da eynidir. Bu içkidir, nə yaxşı, nə də pis. Başa düşürsənsə, nə əla. Hər şey əla qalacaq".



REKLAM