İyul-avqust aylarında temperatur normadan artıq olacaq
“Hazırda həm Bakı şəhərində, həm şəhər ətrafında, həm də rayonlarda havanın temperaturu normadan təqribən 3-5 dərəcə artıqdır".
Bunu APA-ya Coğrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
O bildirib ki, ümumiyyətlə, ölkədə iyun ayı isti ay hesab olunur, çünki yayın başlanğıc ayıdır. Amma yenə də temperatur normadan artıqdır: “Norma dedikdə biz 1961-ci ildən 1990-cı ilə qədər olan illəri götürürük. Bu, Ümumdünya Metrologiya Təşkilatı tərəfindən bütün dünya üçün norma kimi qəbul edilib. 1991-ci ildən sonrakı dövrü həmişə onunla müqayisə edib, nəticəyə gəlirik. Temperaturun 3-5 dərəcə normadan yüksək olması müəyyən fəsadlara səbəb olur. Respublika ərazisində, xüsusən də Bakıda günvurma hadisələrinin xeyli artması nəzərə çarpır.
Bundan başqa, xüsusən dağlıq ərazilərdə isti hava ilə soyuq hava qarşılaşanda kondensasiya və sublimasiya prosesləri güclənir, nəticədə leysan xarakterli yağışlar, dolu hadisələri müşahidə edilir. Bunların da intensivliyi keçən illərə nisbətən bir az artıqdır”.
M.Həsənov deyib ki, bu il isti hava axınlarının intensivliyi daha da artacaq: “Bu, insanların sağlamlığına, təbii şəraitə, ekoloji mühitə, ayrı-ayrı kənd təsərrüfatı bitkilərinə mənfi təsir göstərir".
Direktor müavini bildirib ki, ölkə ərazisində iyul-avqust aylarında normadan yüksək temperaturun olacağı proqnozlaşdırılır: “Bunlar təbii ki, ehtimallardır. Hava kütləsi müəyyən istiqamətlərə hərəkət edərkən, digər hava kütləsi, relyef, ümumi iqlim fonu ona mane ola bilər. Bütün bunlara baxmayaraq, havanın isti keçəcəyi gözlənilir”.
Əvvəlki illərə nisbətən havanın isti keçməsinin səbəbinə gəlincə isə, M.Həsənov deyib ki, dünyada qlobal iqlim dəyişmələri, istiləşmə prosesi gedir və bu da Azərbaycanda özünü büruzə verir: “Havada, xüsusən də Bakıda tozun miqdarı gözlə görünə biləcək səviyyədə çox artıb. Bu isə öz növbəsində istilik effekti yaradan amillər sırasındadır. Yəni, karbon, metan qazının miqdarı ilə yanaşı, tozun miqdarının artması da istiləşməyə səbəb olur”.