40 yaşlı qadın həkim səhlənkarlığından həyatını itirdi.Yeni Klinikada

Bakıdakı "Yeni Klinika" yenidən dəhşətli ana ölümü ilə gündəmə gəlib. Doğum şöbəsinin müdiri Dr. Nəzrin Məmmədovanın səhlənkarlığı ucbatından 40 yaşlı qadın faciəli şəkildə həyatını itirib. Nəticədə körpə övlad ana nəvazişindən məhrum qalıb, ailə isə böyük dərdə düçar olub.
Sehiyye.info xəbər verir ki, faciəli hadisə 22 oktyabr 2026-cı il tarixində baş verib. Mərhum 40 yaşlı İrina Georgiyevna Mirzəyeva özündən 17 yaş kiçik həyat yoldaşı ilə çətinliklə və böyük maneələri aşaraq ailə qurmuşdu. Cütlüyün övladı dünyaya gəlsə də, bu xoşbəxtlik həkim məsuliyyətsizliyi üzündən qısa çəkib.
Məlumata görə, hamiləlik zamanı preklampsiya (ana bətnində yüksək təzyiq) göstəricisi ilə keysəriyyə əməliyyatına alınan xəstənin əməliyyatdən sonra təzyiqi 160/110 mm Hg olub. Protokola və tibbi qaydalara əsasən, belə ağır vəziyyətdə olan xəstə ən azı 72 saat xəstəxana şəraitində, reanimasiya və ya daimi nəzarət altında saxlanılmalıdır. Eyni zamanda, xəstənin vaxtından əvvəl evə buraxılması üçün ondan bütün riskləri öz üzərinə götürdüyünə dair yazılı imtina sənədi alınmalıdır. Lakin "Yeni Klinika"da xəstəxana yataqlarının boşaldılması bəhanəsi ilə İrina Mirzəyevadan heç bir yazılı razılıq alınmadan, təzyiqi yüksək olan vəziyyətdə evə buraxılıb.
Evə götürüldükdən qısa müddət sonra halı pisləşən qadın təcili yardım gələnə qədər dünyasını dəyişib.
İddialara görə, ölümün baş verməsinin iki əsas tibbi səbəbi ola bilər:
* Daxili qanaxma: Xəstənin vaxtından tez evə yollanması səbəbindən daxili qanaxma nəzarətdə saxlanılmayıb.
* Ağciyər emboliyası: Çəkisi 100 kq olan və qan göstəriciləri ağır olan xəstəyə lazım olduğu miqdarda qansulandırıcı (klexsan) dərman verilməyib, yalnız tək doza ilə kifayətlənilib.
Bütün bu açıq-aşkar səhlənkarlıq və protokolların kobud şəkildə pozulmasına baxmayaraq, Doğum şöbəsinin müdiri Dr. Nəzrin Məmmədovanın əməllərinin yenidən ört-basdır edilməyə çalışıldığı bildirilir.
Yazıda adıçəkilən qurumun və ya şəxslərin də mövqeyini dərc etməyə hazırıq.//yurdmedia