Həkim bölgüsündəki ciddi fərq

Azərbaycanda həkimlərin ərazi üzrə bölgüsündə ciddi fərq qalmaqdadır. Ölkədə fəaliyyət göstərən həkimlərin təxminən üçdə ikisi Bakıda çalışır. Regionlarda isə xüsusilə ayrı-ayrı ixtisaslar üzrə kadr çatışmazlığı diqqət çəkir. Sentyabrın 1-dən TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması isə bu mənzərənin dəyişdirilməsi üçün yeni imkan yaradır.
34 mindən çox həkimin 23 mindən çoxu Bakıda
Dövlət Statistika Komitəsinin yeni açıqladığı “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti – 2026” statistik məcmuəsi ölkədə tibbi kadrların bölgüsü ilə bağlı diqqətçəkən rəqəmləri ortaya qoyur.
Statistikaya əsasən, 2026-cı ilin əvvəlinə Azərbaycanda bütün ixtisaslar üzrə 34 776 həkim fəaliyyət göstərib. Onların 23 585 nəfəri Bakı şəhərinin payına düşüb. Beləliklə, ölkədəki həkimlərin təxminən 67,8 faizi Bakıda cəmləşib. Başqa sözlə, ölkədə çalışan hər üç həkimdən təxminən ikisi paytaxtda fəaliyyət göstərir.
Əhali ilə müqayisədə də fərq kifayət qədər böyükdür. Bakıda hər 10 min nəfərə 100,1 həkim düşür. Ölkə üzrə orta göstərici isə 33,9 həkimdir.
Bu rəqəmlər paytaxtla regionlar arasında həkim təminatının fərqli olduğunu göstərir. Lakin bu fərqi yalnız həkimlərin Bakıda işləmək istəyi ilə izah etmək də düzgün olmazdı. Paytaxtda iri xəstəxanaların, ixtisaslaşmış tibb müəssisələrinin, klinikaların və müxtəlif səhiyyə strukturlarının daha çox cəmlənməsi də kadrların yerləşməsinə təsir edən amillər sırasındadır.
Maraqlıdır ki, problem yalnız Bakı ilə regionlar arasında fərqlə məhdudlaşmır. Paytaxtın ayrı-ayrı rayonları arasında da həkimlərin sayı kəskin dəyişir. Nəsimi rayonunda 6 443, Yasamalda 4 228, Nərimanovda 2 686, Xətai rayonunda isə 2 251 həkim qeydə alınıb.
Regionlar üzrə göstəricilər isə paytaxtla müqayisədə daha fərqli mənzərə yaradır. Qarabağ iqtisadi rayonunda 740, Şərqi Zəngəzurda 160, Mil-Muğanda 390, Dağlıq Şirvanda isə 356 həkim fəaliyyət göstərir.
Xüsusilə Şərqi Zəngəzur üzrə 160 həkim göstəricisi diqqət çəkir.
Bu məqamda maaş artımı gündəmə gəlir
Həkimlərin bölgələr üzrə qeyri-bərabər paylanması fonunda sentyabrın 1-dən tətbiq edilən yeni əməkhaqqı mexanizmi xüsusi əhəmiyyət daşıyır. TƏBİB-in məlumatına görə, yeni qaydalar TƏBİB tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edir. Onların arasında 8 675 ambulator tibbi xidmət göstərən həkim, 7 129 isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya və regionlarda kadr çatışmazlığı olan dar ixtisaslar üzrə çalışan həkimdir.
İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılıb. Əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılır.
Yeni sistemdə diqqətçəkən əsas məqamlardan biri regionlarda kadr çatışmazlığı olan ixtisaslar üçün daha yüksək əməkhaqqının müəyyənləşdirilməsidir. Belə ki, Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla digər şəhər və rayonlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının aylıq əməkhaqqı 1 450 manatdan 3 000 manata yüksəldilir. Bu, 107 faizlik artımdır. Neonatoloqların əməkhaqqı 1 450 manatdan 2 400 manata, hemodializ həkimlərinin maaşı isə 1 450 manatdan 2 250 manata çatdırılır. Bundan başqa, kadr çatışmazlığı olan regionlarda mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya ixtisasları üzrə çalışan həkimlərin aylıq əməkhaqqı 1 450 manatdan 2 150 manata yüksəldilir.
Bu yanaşmanın əsas fərqi ondan ibarətdir ki, maaş artımı bütün həkimlər üçün eyni formada tətbiq edilmir. Kadr çatışmazlığının daha çox olduğu istiqamətlər və regionlar ayrıca stimullaşdırılır.
Regionlarda işləyən həkimlər üçün əlavə maliyyə mexanizmi
Yeni sistem bununla da məhdudlaşmır. TƏBİB bildirir ki, Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla, kadr çatışmazlığı olan regionlarda müəyyən tibbi xidmətlər üzrə fəaliyyət nəticələrinə görə hesablanan əlavə ödənişlərə 1,3 əmsalı tətbiq ediləcək.
Bu mexanizm cərrahi tibbi xidmətlər, stasionar terapevtik xidmətlər, fizioterapiya və reabilitasiya, anesteziya və invaziv radioloji xidmətlər kimi istiqamətləri əhatə edir.
Beləliklə, regionlarda çalışan həkim üçün yalnız baza əməkhaqqının artırılması deyil, fəaliyyət nəticələrindən asılı olaraq əlavə qazanc imkanının yaradılması da nəzərdə tutulur.
Yeni islahat həkimləri Bakından regionlara yönəldə bilərmi?
Əslində, hazırkı statistika ilə yeni əməkhaqqı mexanizmini yanaşı qoyanda məsələnin əsas sualı da ortaya çıxır. Bir tərəfdə ölkə üzrə 34 776 həkimdən 23 585-nin Bakıda çalışdığını göstərən statistika var. Digər tərəfdə isə regionlarda konkret ixtisaslar üzrə həkimləri daha yüksək əməkhaqqı ilə stimullaşdırmağa yönəlmiş yeni mexanizm tətbiq edilir. Bu baxımdan maaş artımı regionlarda kadr siyasətinin mühüm alətlərindən birinə çevrilə bilər. Xüsusilə paytaxtda işləmək ilə regionda işləmək arasında gəlir fərqinin azalması və bəzi ixtisaslarda regionlarda daha yüksək əməkhaqqının təklif edilməsi həkimlərin bölgələrə marağını artıra bilər.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, millət vəkili Əhliman Əmiraslanov da bu addımın xüsusilə regionlar baxımından əhəmiyyətli olduğunu bildirib. Onun sözlərinə görə, parlamentdə və Milli Məclisin Səhiyyə komitəsində bölgələrdə kadr və həkim çatışmazlığı məsələsi dəfələrlə müzakirə olunub. Deputat hesab edir ki, tibb işçilərinin əməkhaqqının artırılması bu problemin həllinə ciddi təkan verə bilər.
Ə. Əmiraslanovun fikrincə, maaş artımı xüsusilə bölgələrdə çalışan tibb işçiləri üçün əhəmiyyətlidir. O, illik əməkhaqqı fondunun 189 milyon manat artırılmasını tibb işçilərinin maddi rifahının yüksəldilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib.
“Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar” İctimai Birliyinin sədri İlqar Hüseynli də bildirib ki, nəticəyə əsaslanan ödənişlər yüksək ixtisaslı həkimlərin bölgələrə cəlb olunmasını və orada qalmasını stimullaşdıra bilər. Onun sözlərinə görə, bunun nəticəsində bəzi mürəkkəb tibbi xidmətlərin regionlarda göstərilməsi genişlənə, pasiyentlərin digər şəhərlərə, xüsusilə paytaxta üz tutmaq zərurəti azala bilər.
Ekspert bununla yanaşı vurğulayıb ki, regional əmsalın müasir avadanlıq, yaşayış şəraiti, nəqliyyat, peşəkar inkişaf və digər imkanlarla tamamlanması vacib amillərdəndir.
Ailə həkimlərinin maaşının artırılması da əhəmiyyətlidir
Yeni əməkhaqqı mexanizmində ilkin səhiyyə xidmətinə də xüsusi diqqət ayrılıb. Ailə həkimi və sahə həkimi vəzifələrində çalışan həkimlərin aylıq əməkhaqqı 1 150 manatdan 2 000 manata çatdırılır. Bu, 850 manat və ya 74 faiz artım deməkdir. Bu dəyişiklik regionlar üçün xüsusilə əhəmiyyətlidir. Çünki əhalinin səhiyyə sistemi ilə ilk təmas nöqtəsi məhz ilkin səhiyyə xidmətidir. Regionlarda ailə və sahə həkimlərinin sayının və fəaliyyət imkanlarının artırılması müəyyən xəstəliklərin erkən aşkarlanmasına, pasiyentlərin düzgün istiqamətləndirilməsinə və daha ağır halların vaxtında ixtisaslaşmış tibbi müəssisələrə yönləndirilməsinə şərait yarada bilər.
Maaş artımının real nəticəsi nə vaxt görünəcək?
Hazırkı statistika 2026-cı ilin əvvəlinə olan vəziyyəti əks etdirir. Əməkhaqqı islahatı isə sentyabrın 1-dən tətbiq edilir. Buna görə bugünkü rəqəmlər maaş artımının regionlarda kadr bölgüsünə təsirini hələ göstərə bilməz. Təbii ki, əsl nəticəni qiymətləndirmək üçün qarşıdakı dövrdə bir neçə göstəriciyə baxmaq lazım gələcək. Məsələn, regionlarda boş həkim yerlərinin sayı nə qədər azalacaq, hansı ixtisaslara müraciət artacaq, Bakıda çalışan həkimlərin bölgələrə keçidi baş verəcəkmi, regionlarda həkimlərin iş yerində qalma müddəti necə dəyişəcək və ən əsası, əhalinin tibbi xidmətlərə çıxışında hansı dəyişiklik yaranacaq və s.
Əgər bu göstəricilərdə müsbət dinamika yaranarsa, yeni əməkhaqqı mexanizminin regionlarda kadr balansına təsir etdiyi barədə daha əsaslı danışmaq mümkün olacaq. Nəticə etibarilə, Azərbaycanda həkimlərin ərazi üzrə bölgüsü ilə bağlı rəqəmlər problemin miqyasını göstərir: 34 776 həkimin 23 585-nin Bakıda çalışması tibbi kadrların paytaxtda yüksək konsentrasiyasını ortaya qoyur. Sentyabrın 1-dən tətbiq olunan əməkhaqqı artımları, xüsusilə regionlarda kadr çatışmazlığı olan ixtisaslar üçün nəzərdə tutulan daha yüksək ödənişlər bu fərqin azaldılması istiqamətində yeni mexanizm yaradır.