sehiyye.info

Altsheymer xəstələrinin beynində naməlum və qəribə struktur aşkar edildi

Altsheymer xəstələrinin beynində naməlum və qəribə struktur aşkar edildi
Minsota Universitetinin bioloqları Altsheymer xəstəliyindən əziyyət çəkən insan və siçanların beynində əvvəllər elmə məlum olmayan zədələnmiş mitoxondri yığınları tapıblar.

Sehiyye.info bildirir ki, "Nature Neuroscience" jurnalında dərc olunan araşdırmada bu yeni strukturlara "mitoxondrial düyünlər" (və ya ərplər) adı verilib. Sözügedən kəşf həm fluoressent markerli transgen siçanlarda, həm də Altsheymer xəstəliyindən vəfat etmiş şəxslərin beyin toxumalarında qeydə alınıb. Eyni yaşda olan sağlam insanların beynində isə analoji hallara rast gəlinməyib. Sınaqlar göstərib ki, siçanlarda bu düyünlər hətta gənc yaşlardan formalaşmağa başlayır və orqanizm qocaldıqca onların sayı sürətlə artır.


Hüceyrələrdən kənarda toplanan amyoloid ərplərindən fərqli olaraq, mitoxondrial düyünlər neyronları daxildən zədələyir və neyronun öz gövdəsində deyil, məhz onun çıxıntılarında — akson və dendritlərdə cəmləşir. Bu strukturların yaranması hüceyrənin korlanmış mitoxondrilərdən təmizlənmə prosesinin (mitofaqiya) pozulması ilə bağlıdır. Düyünlərin sayı həddindən artıq çoxaldıqda, orqanizmin təmizləyici sistemləri onların öhdəsindən gələ bilmir və zədələnmiş hissəciklər toplanmaqda davam edir. Tədqiqatın rəhbərləri, biofizik Pol Robbins və hüceyrə bioloqu Syuli Dan bildirirlər ki, bu kəşf Altsheymer zamanı neyronların necə sıradan çıxması ilə bağlı təsəvvürləri kökündən dəyişir. Alimlərin qənaətinə görə, gələcəkdə demensiyanın müalicəsində həm amyoloid, həm də mitoxondrial düyünlərə eyni vaxtda təsir edən kombinasiyalı terapiya metodunun tətbiqi ən perspektivli yol hesab olunur.//32gun



REKLAM