Tibb işçiləri sertifikatı imtahansız əldə edə biləcəklər

Azərbaycanda həkim və digər tibb işçiləri sertifikasiya imtahanı ilə yanaşı, Davamlı Peşəkar İnkişaf proqramı vasitəsilə də sertifikat əldə edə biləcəklər.
Sehiyye.info xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Azərbaycan Televiziyasının “Hədəf” proqramına və Trend Beynəlxalq İnformasiya Agentliyinə birgə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, sertifikasiya imtahanlarından keçid göstəricisi ən qızğın müzakirələrin aparıldığı dövrdə belə 97 faiz olub. Lakin hər beş ildən bir keçirilən imtahan tibb işçilərinin bilik və bacarıqlarını yalnız qiymətləndirməyə imkan verir, onların davamlı inkişafını tam təmin etmir.
“Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, tibb işçiləri iki seçimdən istifadə edə biləcəklər. Onlar ya beş ildən bir sertifikasiya imtahanı verəcək, ya da həmin müddətdə Davamlı Peşəkar İnkişaf proqramı üzrə ən azı 250 kredit balı toplayaraq sertifikat əldə edəcəklər.
Teymur Musayev, həmçinin Səhiyyə Nazirliyi tərəfindən sertifikasiya sual bazasının mütəmadi yeniləndiyini və yaxın vaxtlarda bu sahədə yeni rəqəmsal həllin istifadəyə veriləcəyini qeyd edib. Metbuat.az