Övladlarımızı radikal dini cərəyanların təsirindən necə qoruyaq? – ARAŞDIRMA
Artıq illərdir ki, bəzi yeniyetmə, gənc, hətta uşaqların dini radikal təriqətlərə meyillənməsi baş verir. Bunların nəticələri barədə az-çox məlumatlıyıq. Əfsus ki, bu zaman həmin şəxslər sadəcə “qurban” olduqlarını anlamır, bunu dinin müəyyən “vacib hökmü” kimi qəbul edərək “yuxarı”ların – sifarişçilərin əmr və tələblərini qeyd-şərtsiz yerinə yetirməklə məşğul olurlar. (Müxtəlif səviyyələrdə olan çıxışlarda bu fikirlər səsləndirilib: həm dövlət qurumlarının nümayəndələri tərəfindən, həm də ilahiyyatçılar tərəfindən)
Radikal dini ideologiyaları yayaraq uşaq və yeniyetmələri öz cənginə alanlar əlbəttə ki, çox zaman problemli, münaqişəli, valideyn tərbiyəsindən uzaq, diqqətdən kənar uşaqları özlərinə “qurban” seçirlər. Valideynlər bundan xəbər tutanda isə artıq gec olur, necə deyərlər “qatar getmiş sayılır”. Bəs görəsən, ata və analar, böyük qardaş və bacılar ailələrində belə bu məqamda nələrə diqqət yetirməli və nədən agah olmalıdırlar. Mövzu ilə bağlı Psixologiya Elmi Tədqiqat İnstitutunun rəhbəri, psixoloq Elnur Rüstəmovun fikirləri ilə tanış olduq.
“Çox zaman onlar bunu problem kimi yox, həyat tərzi kimi dəyərləndirirlər və psixoloji dəstəyə müxtəlif üsullarla müqavimət göstərirlər”
- Bildiyiniz kimi, bugün biz informasiya əsrində yaşayırıq. Əsrin öz çağırışları var. Bu çağırışları adekvat cavab vermək üçün birinci növbədə ən müasir elmi biliklərlə silahlanmalıyıq. Bu istiqamətdə təhsil bizim üçün ən prioritet sahə olmalı, onun fasiləsizliyi təmin olunmalıdır. İnsan özünü dərk edəndən ömrünün sonuna qədər öyrənməli, özünü inkişaf etdirməlidir. Bununla paralel psixoloji sağlamlıq qorunmalıdır. Bura biz psixoloji, tibbi, pedaqoji, loqopedik məqamları daxil etməliyik. Bu məqamlar uşaq dünyaya gələndən hər bir valideynin diqqət mərkəzində olmalıdır. Burada birinci növbədə harada, hansı şəraitdə yaşamağından asılı olmayaraq valideyn özü maraqlı olmalıdır. Valideynin maraqlı olması üçün cəmiyyətdə maariflənmə işini aparmaq lazımdır. Bunun həyata keçirmə formaları müəyyənləşməli, faydaları təbliğ olunmalıdır. Bu gün qeyd edilən istiqamətdə dövlət tərəfindən böyük addımlar atılır və qanunlar qəbul olunur. Bu qanun layihələrində psixoloji sağlamlıq və psixoloji təhlükəsizliklə bağlı geniş faəliyyət istiqamətləri öz əksini tapıb. Bu,həmdə psixoloji dəstəyin fasiləsizliyinin təmin edilməsi istiqamətində atılan addımdır. Artıq uşaq bağçasından başlayaraq hər bir uşağın psixi sağlamlığı diqqət mərkəzində olacaq. (Mənbə: “Psixoloji sağlamlıq haqqında” Qanun)Bütün bunlar əslində yuxarıda qeyd etdiklərimin həyata keçirilməsində hazırlanan baza prinsiplərdir. Bunlar həyata keçirilidikcə uşaq və yeniyetmələrin hansısa radikal qrupara qoşulması, zərərli vərdişlərə aludə olması və sair bu kimi neqativ halların qaşısı alınacaq. Böyük iqtisadi, siyasi təbəddülatlarla dolu bir zaman yaşayırıq. Bundan ən çox əziyyət çəkən günahsız insanlar olur. Tarixən insanları kütləvi şəkildə idarə etmək, onları öz marağının qurbanına çevirmək üçün müxtəlif vasitələrdən istifadə olunub. Bu vasitələrdən biri də bu gün dünyada geniş yayılmış radikallıq və onun bir qolu olan dini radikalizmdir. Cəmiyyətdə qarışıqlıq salmaq üçün çox vaxt onlardan istifadə olunur. Azərbaycanda da bunu həyata keçrimək istəyən qüvvələr var və onlar bütün mümkün vasitələrdən istifadə edirlər ki, ətraflarına daha çox insan cəlb etsinlər, onları öz mənfur planlarında istifadə etsinlər. Çox zaman bu işdə yeniyetmələrdən vasitə kimi istifadə edirlər. Onların duyğularına təsir göstərərək, öncə özlərini “ədalət” carçısı kimi onlara təqdim edir, bəzi dini ritual və konkret öz məqsədlərinə xidmət edən kitablar oxutdurur, audio və video materiallarla təbliğat işi aparırlar. Valideynlər ilk dövlər bunun təhlükəli olduğunu görməməzlikdən gəlirlər. Artıq övladlarının düşüncə və davranışlarında qəribəliklər görəndə hərəkətə keçirlər ki, bu da çox zaman gec olur. Digər qisim uşaq və yeniyetmələri isə valideynlər özləri bu işlərə cəlb edirlər. Əsas təhlükə də belə hallarda yaranır.(Xəbərlə.com)