Xəstəxanaya getməyib, analiz də verməyib – Amma “mygov”da nəticələr var

Son günlərdə bir sıra vətəndaşlar övladını tibbi müəssisəsinə aparmadığı halda, onlara məxsus “mygov” hesabında uşaqlarının laborator nəticələrinin yerləşdirildiyini bildirirlər. Bununla bağlı sosial şəbəkələrdə xeyli paylaşıma rast gəlmək mümkündür, eyni zamanda, redaksiyamıza da müraciətlər daxil olub.
Sehiyye.info məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlayıb.
Qurumdan sorğuya cavab olaraq bildirilib ki, əvvəlki dövrlərə aid diaqnoz, tibbi qeyd və göndərişlərlə bağlı yarana biləcək uyğunsuzluqların araşdırılması məqsədilə TƏBİB tərəfindən nəzarət tədbirləri gücləndirilib:
“Daxil olan müraciətlər hər bir hal üzrə fərdi qaydada araşdırılır, məlumatların mənbəyi və yaranma səbəbləri müəyyən edilir, zərurət olduqda aidiyyəti tibb müəssisələri və məsul şəxslər tərəfindən əlavə yoxlamalar aparılır.
Qeyd edilən hallar davamlı və kütləvi şəkildə deyil, əsasən texniki səbəblərdən nadir hallarda baş verir. Bu hallar baş verdikdə isə dərhal zəruri addımlar atılır və analoji halların təkrarlanmasının qarşısını almaq üçün müvafiq tədbirlər görülür”.//xitab24