Orqanizmdə dəmir çatışmazlığı olarsa ,nə baş verər ? Həkim məsləhəti
![]()
Orqanizmdə dəmir çatışmazlığı ciddi patoloji hal sayılır və bu hal insanda bir çox xəstəliklərin meydana gəlməsinə əlverişli şərait yaradır.
Statistikaya görə dünya əhalisinin təxminən 30 faizində dəmir çatışmazlığı var. Bəs bu orqanizm üçün hansı problemləri yaradır?
Ümumiyyətlə dəmirin orqanizmdə rolu nədən ibarətdir?
Sehiyye.info bildirir i, bu barədə tanınmış həkim terapevt Nərminə Abbasova öz fikirlərini oxuculara çatdırır:
“Dəmir - bədən üçün həyati əhəmiyyətli mikroelementdir. Onun çatışmazlığı bütün orqanizmə təsir edir. Dəmirin defisiti nadir hallarda həyati təhlükə yaratsa da, əhval, xarici görünüş və sağlamlığımızı kifayət qədər pisləşdirə bilər”.
Dəmir çatışmazlığının ilk əlamətləri aşağıdakılardır:
Üz dərisində solğunluq, dəri quruluğu
Saçlarda və dırnaqlarda kövrəklik
Dodaq ətrafında çatların yaranması
İştəhasızlıq
Yorğunluq
Udqunmaq çətinliyi
Bağırsaq pozğunluqları
Təngnəfəslik
Ürək döyüntüsünün tezləşməsi-taxikardiya
Baş ağrısı və başgicəllənmə
Ağız boşluğunda quraqlıq.
Orqanizmin dəmirə sutkalıq tələbatı kişilərdə 10, qadınlarda 20, uşaqlarda 4-18 mq-dır. Hamilə qadınlarda isə sutkalıq norma 30-35 mq olmalıdır.
Solğun dəriyə sağlam və çəhrayı rəng verən qırmızı zülallar və hemoqlobin ifraz etmək üçün bədənə dəmir lazımdır.
Həkim deyir ki, dəmirin defisiti nəticəsində hemoqlobinin aşağı düşməsi dilin solğunluğuna gətirib çıxara bilər:
“Bədəndə dəmir çatışmazlığı mioqlobinin səviyyəsinin azalması, dilin şişməsi və ya iltihablanması ilə yekunlaşa bilər. Menstruasiyanı ağır keçirən qadınlarda və vegeterianlarda dəmir çatışmazlığı olduğu üçün onlar həddindən artıq saç tökülməsinə məruz qalır. Dırnaqlar keratindən və dırnaq təbəqəsini qoruyan proteindən ibarətdir. Dırnaqlar oksigenə ehtiyac duyur, lakin hemoqlobin olmadıqda oksigen bədəndə dövr etmir. Əgər gündəlik adi işləri yerinə yetirərkən boğulduğunuzu hiss edirsinizsə, bunun səbəbi dəmir çatışmazlığıdır. Dəmir çatışmazlığından dolayı hemoqlobin və oksigen səviyyəsi də aşağı düşəcək. Dəmir çatışmazlığı nəticəsində meydana gələn oksigen çatışmazlığı baş ağrıları doğura bilər. Soyuq qan dövranı onu göstərir ki, qan əl və ayaq kimi uzaq orqanlara yaxşı çata bilmir. Dəmir çatışmazlığı olan insanlarda narahat ayaq sindromuna daha çox rast gəlinir. Sinir sisteminin pozulması yuxu zamanı ayaqları hərəkətə gətirmək arzusu doğurur”.
Nərminə xanım bildirdi ki, dəmirin çatışmazlığı nəticəsində hemoqlobinin aşağı düşməsi oksigeni bütün orqanizmə bərabər paylamaq üçün ürəyi daha çox işləməyə məcbur edir. Onun sözlərinə görə, dəmir azlığı bir çox insanlarda zəiflik, enerji itkisi, diqqət konsentrasiyasının pozulması və ya əvvəllər diqqətinizi çəkən bir çox şeyə marağın itməsinə səbəb olur:
“Dəmir çatışmazlığının müalicəsi zamanı əsas məqsəd bədəndə dəmir səviyyəsini normaya çatdırmaqdır. Bunun üçün dəmir artıran dərmanlar və düzgün qidalanma rejimi təyin edilir. Müalicəyə başlanmadan əvvəl qanda dəmir səviyyəsi yoxlanılır və uyğun dərmanlar təyin edilir. Ən çox təyin olunan preparatlar arasında dəmir tərkibli dərmanlar mövcuddur. Bunlar tabletlər, maye formalar və hətta inyeksiyalar şəklində təqdim edilir. Həkimin göstərişi olmadan dərman istifadəsi tövsiyə edilmir. Çünki dəmir səviyyəsinin çoxalması başqa problemlərə səbəb ola bilər. Dəmir artıran dərmanlar və dəmir tərkibli dərmanlar düzgün dozada istifadə edilməlidir. Bunun üçün göstərilən texniki göstəricilərə baxmaq və ya təyin edilmiş dozada qəbul etmək mühümdür”.
Həkim qeyd etdi ki, sağlam insanlarda qanda dəmir norması müəyyən bir aralıqda olur. Bu aralıq yaş, cinsiyyət və ümumi sağlamlıq vəziyyətinə görə dəyişə bilər:
“Ümumiyyətlə, qadınlar üçün qanda dəmirin səviyyəsi kişilərlə müqayisədə daha aşağı olur. Bu da onların daha çox dəmir çatışmazlığı riski ilə üzləşməsinə səbəb olur. Qanda dəmirin norması pozulduqda, yəni ya çox olduqda, ya da azaldıqda, bu, müxtəlif sağlamlıq problemlərinə gətirib çıxara bilər. Həmçinin, qanda dəmirin normal miqdarı düzgün müalicə və balanslı qidalanma ilə qorunmalıdır. Qanda dəmirin norması mütəmadi olaraq yoxlanılmalıdır. Bu zaman qanda dəmirin normal miqdarı təyin edilir və azlıq olarsa, müalicə aparılaraq normal səviyyəyə çatdırılır”.
Nərminə xanım bildirdi ki, qanda dəmir çoxluğu vəziyyəti də sağlamlıq üçün ciddi təhlükə yaradır. Bu, hemokromatoz kimi tanınan nadir xəstəliklə əlaqəli ola və daxili orqanların zədələnməsinə səbəb ola bilər. Həkimin sözlərinə görə, belə hallarda qaraciyər, ürək və mədəaltı vəz zədələnməsi müşahidə edilir.
Nəzərə almaq lazımdır ki, dəmir orqanizm tərəfindən yaxşı mənimsənilmir. Onun yaxşı mənimsənilməsi üçün tərkibində C vitamini olan qidalardan da istifadə etmək vacibdir. Bunun üçün yuxarıda sadalanan qida məhsullarını rasionunuza daxil edərkən ən azı limondan istifadə etmək olar.
Dəmir çatışmazlığının aradan qaldırılması üçün düzgün və balanslı qidalanma mühüm rol oynayır. Belə ki, qida rasionunda tərkibi dəmirlə zəngin olan məhsullara üstünlük verilməlidir. Həmçinin gündəlik qida rasionunda çeşidliliyin qorunması, xüsusilə də fol turşusu, B12, Sink, A vitamini və digər vacib elementlərin fərqli qida məhsullarından qəbul edilməsi tövsiyə olunur. Araşdırmalara görə, dəmirə gündəlik tələbat yaşa, fizioloji vəziyyətə, inkişaf sürətinə, orqanizmin quruluşuna və həyat fəaliyyətinə görə dəyişir.
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207