Subay qadınların böyütdüyü uşaqlar fərqli olur — Sosioloq

Azərbaycanda subay qadınların övladlığa uşaq götürməsi hallarının artması cəmiyyətdə sosial dəyərlərin və ailə modellərinin müəyyən transformasiyaya uğradığını göstərən tendensiyalardan biri kimi qiymətləndirilir. Əsas sual isə ondan ibarətdir ki, bu dəyişiklik ənənəvi ailə anlayışına necə təsir edir və gələcəkdə sosial münasibətlərdə hansı yeni yanaşmaları formalaşdıra bilər. Ümumilikdə bu tendensiya bir tərəfdən fərdi seçim azadlığının və sosial məsuliyyət hissinin güclənməsi kimi dəyərləndirilir, digər tərəfdən isə cəmiyyətin ailə institutuna baxışında daha müxtəlif modellərin qəbul olunmağa başladığını göstərir.
Sehiyye.info xəbər verir ki, sosioloq Əhməd Rəhmanov bildirib ki, qanun çərçivəsində bu normal haldır, amma ailə münasibətləri baxımından məsələ daha həssasdır.
"Tənha qadınların böyütdüyü oğlan uşaqları ilə tam ailədə böyüyən uşaqlar arasında fərqlər ola bilər. Bu, müəyyən psixoloji və sosial amillərlə bağlı formalaşan vəziyyətdir. Çünki qadın mühitində böyüyən oğlan uşağının dünyagörüşü və sosiallaşma prosesi fərqli istiqamətdə inkişaf edə bilər. Cəmiyyətin ümumi vəziyyətinə baxdıqda, müxtəlif sosial problemlərin mövcud olduğu mühitdə uşaqların tərbiyəsi xüsusi əhəmiyyət daşıyır. Belə şəraitdə uşaqlara məsuliyyət, dayanıqlıq və ailəni qoruma kimi anlayışların aşılanması vacibdir. Lakin ata fiqurunun olmaması bəzi hallarda bu modelin formalaşmasına təsir göstərə bilər".
Sosioloq bildirib ki, uşaq çox vaxt ailə daxilində gördüyünü nümunə götürür və gələcək davranış modelini də buna uyğun formalaşdırır.
"Ata nümunəsinin olmaması bəzi uşaqlarda sosial və emosional boşluqlar yarada bilər. Digər tərəfdən, boşanmaların və ailə dağılmalarının artması təkcə bu amillə izah oluna bilməz. Burada sosial, iqtisadi və fərdi psixoloji faktorlar da rol oynayır. İnsanların çətinliklər qarşısında daha tez uzaqlaşma meyli bəzən ailə institutuna da təsir edir.Ümumilikdə, qanuni baxımdan tənha qadının uşağı böyütməsi problem deyil və uşağın maddi və sosial təminatı ola bilər. Lakin ailə modeli baxımından ata və ana fiqurunun birgə olduğu mühit uşağın sosial və emosional inkişafında daha balanslı təsir yarada bilər".//demokrat