sehiyye.info

Yeniyetmələr niyə aqressivləşib? EKSPERTLƏR ŞƏRH EDİR

Yeniyetmələr niyə aqressivləşib? EKSPERTLƏR ŞƏRH EDİR
Mütəxəssislər tövsiyə edirlər ki, problemin həlli üçün müəllim-valideyn-məktəb psixoloqundan ibarət şəbəkənin formalaşması labüddür

Təəssüflər olsun ki, cəmiyyətdə artan aqressivlik özünü yeniyetmə və azyaşlıların münasibətində də büruzə verir. Hətta bu aqressiyanın nəticəsi kimi zorakılıq, ağır qətl hadisələrinin baş verməsi ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə vaxtaşırı məlumatlar da yayılır. Bu, cəmiyyətdəki, ailələrimizdəki aqressiyanın məktəblərə sıçramasıdır.

Sehiyye.info xəbər verir ki, “İki sahil”in müxbiri mövzu ilə bağlı bir çox məqamlara aydınlıq gətirmək üçün mütəxəssislərlə həmsöhbət oldu:

Ailədaxili münaqişələr, televiziya, internet vasitələri, sosial şəbəkələrdə zamanın çox keçirilməsi...



“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva sözügedən məsələ ilə bağlı bildirdi ki, son zamanlar məktəblərdə şagirdlərin öz aralarında, o cümlədən onlarla müəllimlər arasında baş verən müxtəlif xoşagəlməz hallar geniş şəkildə cəmiyyətdə və sosial şəbəkələrdə müzakirə olunur və heç də xoş hal kimi qarşılanmır: “Yeniyetmə şagirdlər və gənclər arasında aqressiv davranışların və bunun yaratdığı fəsadların nəticələri artmaqdadır. Əlbəttə, həmin şəxslərdə aqressiyanın səbəblərini bir və ya bir neçə amillərlə bağlamaq düzgün olmaz. Lakin baş verənlərin fonunda aparılan araşdırmalar və müşahidələr göstərir ki, öz sinif yoldaşına qarşı şiddət göstərən şagirdlərin bu davranışları bir qayda olaraq ailə daxilində qeyri-normal münasibətdən qaynaqlanır. Bu məsələdə ailədaxili münaqişələr, şiddətin yaratdığı psixoloji çətinliklər, aqressiya, stress özünü qabarıq şəkildə göstərir və bu aqressiyanı məhz öz yaxın dostlarına, sinif yoldaşlarına qarşı nümayiş etdirirlər. Bundan başqa, televiziya, internet vasitələri, sosial şəbəkələrdə zamanın çox keçirilməsi, orada şagirdlərə faydalı olmayan müxtəlif məlumatlar, videolar, fotolar və digər vasitələrdən istifadə zaman keçdikcə həmin şagirdlərin psixologiyasına təsir edir, aqressiv davranışlar sərgiləmələrinə gətirib çıxarır. Qeyd etdiyim səbəblərin yaratdığı aqressiya hər zaman yaxşı sonluqla nəticələnməyə bilir.”

Müəllim hansısa şagirddə şiddətə meyillilik, aqressiya müşahidə edərsə...

“Məktəblilər arasında artan aqressiv davranışların qarşısını necə almaq olar” sualına isə həmsöhbətimizin cavabı belə oldu: “Problemin həllində məktəb direktorları, müəllimlər, məktəb psixoloqları aktiv şəkildə iştirak etməli, bu prosesə şagirdlərin valideynlərini, yaxınlarını cəlb etməlidirlər. Şagirdlərin günlərinin əsas hissəsini məktəblərdə keçirdiyini nəzərə alsaq, müəllimlər bu kimi hallarla qarşılaşmamaq üçün xüsusilə diqqətli olmalıdırlar. Hansısa bir şagirddə şiddətə meyillilik, aqressiya və ya digər məqamları görüb, hiss edərlərsə bu barədə direktora, məktəb psixoloquna və ailəsinə xəbər verməlidirlər. Həmin şagirdlə sərt və ya ciddi şəkildə deyil, sakit və anlaşıqlı formada profilaktik söhbət edilməli, onu narahat edən məqamları dinləməli, etdiklərinin yalnış olduğunu və hansı fəsadlar törədəcəyi başa salınmalıdır. Həmçinin həmin şagirdin ailəsi ilə mütəmadi əlaqədə olmalı, görüşlər keçirilməli, şagirdin öz ailəsi və yaxınlarına olan münasibətləri də araşdırılmalıdır.”

T.Paşayevanın valideynlərə tövsiyəsi isə bu cür oldu: “Ailə münasibətlərində daha diqqətli olmalı, hər hansı bir mübahisə və anlaşılmazlıq baş verdikdə, daha sakit və övladlarından kənarda həll etməli, övladlarının təhsil aldığı məktəb müəllimləri və sinif rəhbəri ilə sıx əlaqədə olmalı, hər zaman övladının yanında olduğunu hiss etdirməli, onlarla birlikdə vaxt keçirməli, ehtiyac olarsa mütəxəssislərdən dəstək almalıdırlar.”

Gün ərzində ən azı yarım saat övladınızla söhbət edin



“Nuray” uşaq bağçasının direktoru, psixoloq-pedaqoq Zeynəb Eyyubovanın sözlərinə görə, dövrün elə çağındayıq ki, insanlarda aqressiya çoxalıb, bir-birini incitmə halları artıb. İnsanların bir-birilə qarşılıqlı anlaşma problemi var. Ona görə də zaman keçdikcə aqressiv insanların sayı artır: “Yeniyetmə və gənclər daha çox evdə və məktəbdə aqressiv olurlar. Travma ilə böyüyən uşaqlar adətən zəiflərə qarşı daha aqressiv olur. Bu bullinqlə (zorakılıq), təcavüzlə, istismar halları və ən əsası intiharla nəticələnə bilər.”

Mütəxəssis uşaqlardakı aqressiyanın qarşısını almaq üçün valideynlərə tövsiyə edir ki, gün ərzində ən azı yarım saat övladları ilə söhbət etsinlər: “Valideynlər uşaqlarının dostları, sosial şəbəkə hesabları, maraqları, əyləncələri haqqında məlumatlı olmalıdırlar. Ən azı 6 aydan bir yeniyetmələri psixoloji diaqnostikadan keçirtmək lazımdır. Valideynlər sözügedən mövzu ilə bağlı maarifləndirici seminarlara qoşulsun. Məktəb psixoloqları şagirdlərlə həftəlik görüşlər, qrup terapiləri təşkil etməlidir.”

Aqressiya göstərən uşaq cani, qatil yaxud da pis insan deyil, o sadəcə uşaqdır



Sosioloq Lalə Mehralının dediyinə görə, məktəblilərin aqressiyasının əsas səbəbləri onların ailəsi və çevrəsi, baxdıqları proqramlar, oynadığı oyunlardır: “Ailədə aqressiya görən və aqressiv çevrəsi olan uşaqlar gördüklərini əks etdirəcək və ətrafına tətbiq edəcəklər. Övladlarınızın maraq dairəsini incələmək lazımdır. O zaman səbəb özü meydana çıxacaq. Problemin qaynaqlandığı səbəblərdən biri də pandemiyadır. Valideynlərin işsiz qalması, ailənin gəlirlərinin azalması, uşaqların həmyaşıdlarından təcrid olunması, onlarla ünsiyyətin minumuma endirilməsi aqressiyanın çoxaldan səbəbdir.”

Məktəblilərin aqressiyasının qarşısının alınması sırf pedaqoq və psixoloq öhdəsinə buraxılacaq məsələ olmamalıdır. Düşünmürəm ki, bu, təkcə müəllimlərin problemidir

Müsahibimiz tövsiyə edir ki, uşaqların aqressiyasının yaranma səbəblərini araşdırmaq, aqressiyadan qurtulmasını təmin etmək lazımdır: “Məktəblilərin aqressiyasının qarşısının alınması sırf pedaqoq və psixoloq öhdəsinə buraxılacaq məsələ olmamalıdır. Düşünmürəm ki, bu, təkcə müəllimlərin problemidir. Məktəb psixoloqları aqressiv və zorakı davranışlara meyilli uşaqlarla qrup və ya fərdi şəklində maarifləndirici görüşlər təşkil edə bilər. Valideynlərin məktəblərlə ünsiyyət şəraitini yaxşılaşdırmaq lazımdır. Valideyn-müəllim kontaktını yenidən bərpa etmək zəruridir. Bu kimi hallarda şagirdlərin nəzarət mexanizmi də daha mükəmməl qurulacaqdır.”

Lalə Mehralı diqqətə çatdırdı ki, aqressiya göstərən uşaq cani, qatil yaxud da pis insan deyil, o sadəcə uşaqdır. Onlar hər zaman yaxşını pisdən ayırmağı bilmirlər. Buna görə də həddi-buluğa çatana qədər valideyn, müəllim köməyinə ehtiyac duyurlar. Belə uşaqlara qarşı sərt cəzalar tətbiq etmək əvəzinə, onları cəmiyyətə qazandırmaq lazımdır.

Kriminal “qəhrəman”ları öz kumirinə çevirən uşaqlar təbii ki, onlar aqressiv olacaqlar



Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov isə bizimlə söhbətində bildirdi ki, məktəblilərdəki aqressiyanın kökündə müxtəlif faktorlar durur: “Zənnimcə, ən ciddi səbəb cəmiyyətdə və ailədəki aqressiyadır, hansı ki, yeniyetmələr həmin aqressiyanı məktəbə daşıyırlar. Sözügedən problem həm də tərbiyə faktorundan qaynaqlanır. Təəssüf ki, valideynlər uşaq tərbiyə etməklə bağlı ədəbiyyat oxumurlar. Əksər ailələrdəki mütaliəsizlik uşaqların tərbiyəsinə lazımi səviyyədə diqqət ayrılmamasına gətirib çıxarır. Boşanmış ailələrdə böyüyən uşaqların da ciddi problemləri olur. Onlar valideynlər arasındakı münaqişənin daşıyıcılarına çevrilirlər. Həmin ailələrin uşaqları travmaları, aqressiyaları cəmiyyətə qaytarırlar.”

Həmsöhbətimiz əlavə etdi ki, bir çox insanlar uşaqların aqressiv olmasında məktəbi günahlandırırlar: “Zənnimcə, sözügedən mövzuda ən aşağı günahı olan tərəf məktəblərdir. Uşaqların günün dörddə bir hissəsini məktəbdə, dörddə üç hissəsini ailədə olur. Bəzi valideynlər uşaqlar məktəbdən gəldikdən sonra ona yetərincə diqqət və qayğı göstərmirlər, başlı-başına buraxırlar. Onlar tərbiyə prosesini nə cür qurmaları haqqında bitkin biliklərə sahib deyillər. Bu, çox zərərlidir. Tərbiyəsində problem olan uşaq normal tərbiyəli həmyaşıdını çox rahatlıqla poza bilir. Valideynlər məsuliyyətini dərk etsə, onu başlı-başına buraxmasa, övladının tərbiyəsi ilə yaxından məşğul olsa, uşaqda özünəinamı formalaşdıra bilsə, valideynə etibar etmək hissini onda yaratsa, uşaqlarda çətin məqamlarda, problemləri olduqları zaman valideynə üz tutarlar. Nəticədə uşaqların tərbiyə prosesində boşluqlar da olmaz.”

İlqar Orucov onu da əlavə etdi ki, yeniyetmələr arasında aqressiyanın artmasında cəmiyyətin böyük günahı var: “Son dövrlər insanlarda özünəvurğunluq, özündənrazılıq halları, pis mənada paxıllıq hissi müşahidə edilir. Bu, çox narahatedicidir və heç də xoşagələn deyil. Uşaq da bütün bunların ağır formada daşıyıcısına çevrilir.”

Mütaliə mədəniyyətini formalaşdırmaq təbliğ etmək lazımdır. Bununla bağlı televiziyalarda maarifləndirici verilişlər yayımlanmalıdır. Kütləvi informasiya vasitələrində kriminal, bayağı, qeyri-etik ifadələrlə dolu materialların yayımlanmasına qarşı çıxılmalı, bununla bağlı senzuralar olmalıdır

Müsahibimiz əlavə etdi ki, cəmiyyətdəki boşluğun acı nəticələrini görürük: “Təəssüf ki, kriminal “qəhrəman”ları öz kumirinə çevirən uşaqlar var. Təbii ki, onlar aqressiv olacaqlar. Uşaqlar əsl qəhrəmanları tanımırlar, amma kriminal “qəhrəman”lara oxşamaq istəyirlər. Cəmiyyətdən “akademik, elm xadimi, yazıçı, dünya şöhrətli rəssam” adını soruşsaq əksəriyyəti bilməyəcəklər. Amma, kriminal aləmin üzvlərini yaxşı bilirlər. Bunu aşılayan cəmiyyətin özüdür. Bu gün boşluqlardan yaranmış problemləri yaşayırıq.”

Mütəxəssis əlavə etdi ki, uşaqların bugünkü aqressiyasında hamımız günahkarıq: “Aqressiyanın kökündə təbliğat və ideoloji işin düzgün qurulmaması dayanır. Bununla bağlı müvafiq aidiyyəti dövlət qurumları ciddi şəkildə işləməli, müvafiq proqramlar hazırlamalıdırlar. İnsanları kamilləşdirən mütaliədir. Mütaliə mədəniyyətini formalaşdırmaq təbliğ etmək lazımdır. Bununla bağlı televiziyalarda maarifləndirici verilişlər yayımlanmalıdır. Kütləvi informasiya vasitələrində kriminal, bayağı, qeyri-etik ifadələrlə dolu materialların yayımlanmasına qarşı çıxılmalı, bununla bağlı senzuralar olmalıdır. Milli dəyərlərimizə sahib çıxmasaq, təbliğ edə bilməsək bir müddət sonra aqressiyanın daha şiddətli formalarını görəcəyik.”

// “İki sahil”



REKLAM