Qurdlu və əzik-büzük, yöndəmsiz meyvələr almaq xeyirlidir.
İnsanlar qurdlu meyvələri almamaqla özlərini qurddan qoruyub dərmana düçar edirlər
Sehiyye.info yerli mətbuata istinadən xəbər verir ki,yay aylarının sevilməsinin bir səbəbi də dadlı və ləzzətli meyvələrdir. Həm ucuz, həm də dad baxımından olduqca fərqli olan yay mövsüm meyvələrini sevməyən demək olar ki, yoxdur. Xüsusən yayda həm bollaşması, həm dadının fərqli olması meyvələrə olan iştahı daha da artırır.
Yayın ilk günlərində piştaxtalara qoyulan meyvələrin əksəriyyəti isə dərmanlı meyvələrdir. Ovuç içi böyüklüyündə çiyələklər, alçalar bu kimi meyvələrin dərmansız yetişməsi, təbii ki, qeyri-mümkündür. İnsanlar isə meyvənin ən diri və şax olanını almağa həvəslidir. Halbuki, əzik və yöndəmsiz meyvələr tam təbii və tamamilə dərmansız olur.
Dərmanlı meyvələrin orqanizmə mənfi təsiri böyükdür. Əksər insanlara təsir etməyən meyvələr xüsusən azyaşlı uşaq və immun sistemi zəif olanlarda zəhərlənmələr meydana gətirir. Görünüşcə iri və gözəgəlimli, dad baxımından kasıb olan meyvələr dərmanla böyüyən meyvələrdir. Valideynlər bu cür meyvələrdən uşaqlarına verməsələr belə addımbaşı alça və çiyələk vedrələrində satılan meyvələrdən qoruya bilmirlər. Məhz bu cür meyvələrin də əksəriyyəti rayondan gətirilib adı altında müştərilərə satılır. Meyvənin üzündən onun dərmanlı olub-olmamasını bilmək isə müştərinin öhdəsinə düşür.
Meyvə-tərəvəz yetişdirib Qubadan Bakıya satmağa gətirən fermerlər deyir ki, indi şəhər əhalisinin çoxu üz- gözündən yaraşıqlı meyvə və tərəvəz almağa meyl edir. Bu cür meyvə və tərəvəzin nə qədər ziyanlı olduğunu isə bilib-bilməməzlikdən gəlirlər. Çünki süfrəyə, hörmətli qonaq qabağına yöndəmsiz və əzik meyvə qoymaq ayıbdır. "İndiki supermarketdə meyvə və tərəvəzlərin 90%-i hormonludur. Bunu mənim deməyimə ehtiyac yoxdur, göz görür. Meyvə-tərəvəzlərin yetişdirilməsində hormonlardan istifadə edilir, çünki hormon meyvənin sürətli böyüməsinə səbəb olur. Meyvə və tərəvəz kənardan baxdıqda plastik oyuncaqlara bənzəyir. Daha parlaq, daha sürüşkən olurlar. Məsələn, kartofa baxırsan yupyumru top kimidir. Torpaqda bitən tərəvəzin bu qədər qüsursuz olması mümkün deyil. Formaca əyri olanları isə alan yoxdur. Halbuki, keyfiyyət baxımından əyrilər həm ucuz, həm hormonsuz olur. Eləcə də çiyələk. Hormonsuz çiyələklərin ikisinin, üçünün bir birinə birləşik yetişməsi nadir hallarda olar. Lakin indiki çiyələklərin çoxu belədir və iridir. Dadı isə su kimidir. Bu, həmin meyvənin hormonlu olduğunu göstərir".
Hormonlu meyvə-tərəvəzi seçə bilmək isə diqqət tələb edir. Məsələn, əyri və yöndəmsiz, olduqca dadlı olan meyvə-tərəvəzlər hormonsuzdur və daimi olaraq bunlara vərdiş etmək lazımdır. Hormonlu və dərmanlı meyvə-tərəvəzlərdə çürümə gec olar və qurdlanmaz. Halbuki, insanlar qurdlu olan meyvələri almamaqla özlərini qurddan qoruyub dərmana düçar edirlər. Hormonlar isə insan orqanizmi üçün çox təhlükəlidir. Hələ inkişaf dövründə olan uşaqlar üçün isə bu cür meyvə və tərəvəzlər müsbətdən çox mənfi təsir göstərir.
Ekspertlərin sözlərinə görə, hormonlu meyvə-tərəvəzlər insan üçün çox təhlükəlidir və nəticəsi xərçəngə qədər gəlib çıxa bilər. Bədəndə hormon balansının pozulması isə həm oğlanlarda, həm də qızlarda sonsuzluq yaradır. Son iyirmi ildə sonsuzluğun statistikasının kəskin dəyişmə səviyyəsi növbəti iyirmi ildə bizi nələr gözlədiyindən xəbər verir: "Meyvə və tərəvəzlərə vurulan hormonların müəyyən edilmiş norması var. Normadan keçdiyi halda meyvə-tərəvəzlərdə hormon artıq olur və bu hormonlar insan bədənində olan hüceyrələrdə parçalanmır. Sağlamlıq baxımından elə meyvələr var ki, onların vitamini insan orqanizmi üçün vacibdir, lakin həddindən artıq hormonlu meyvələr bu vitamini orqanizmə ötürə bilmir. Xüsusilə inkişaf çağındakı uşaqlar üçün hormonlu qidalar çox təhlükəlidir. Yuxusuzluq, yorğunluq, baş ağrısı, eqzema, yaddaşın itməsi və diqqət əskikliyi, depressiya, immunitet sistemində zəiflik, otoimmun xəstəliklər, yüksək təzyiq, ürək-damarxəstəlikləri, öd daşları və xərçəng xəstəliklərinə səbəb ola bilər".
Hormonlu meyvə-tərəvəzlərdən uzaq durmaq üçün hər fəsildə fəsilə uyğun meyvə və tərəvəzlərdən almaq lazımdır. Yay aylarında qış, qış aylarında yay meyvəsi yemək istəyənlər bilməlidirlər ki, meyvələr dəqiq hormonludur. May ayında çiyələk, badımcan, pomidor, soğan, ərik kimi meyvə-tərəvəzlər, iyun ayında təzə pomidor, təzə paxla, dolmalıq bibər, kahı, iyul və avqust aylarında gilənar, qarpız, ərik, təzə sarımsaq, yemiş, üzüm, gilas, tut kimi məhsullara üstünlük verilməlidir. Çünki bu aylarda sadalanan meyvə və tərəvəzlər isti ilə normal və tez böyüyür, əlavə hormon və parniklərə ehtiyac olmur.(Day.az)