sehiyye.info

Alimlər mədə-bağırsaq xərçənginin inkişaf səbəbini tapdı

Alimlər mədə-bağırsaq xərçənginin inkişaf səbəbini tapdı
Mədə-bağırsaq xərçənginin yaranma sirri açılıb. Tədqiqatçılar mədə-bağırsaq sistemindəki sinir sistemi elementlərinin xərçəng hüceyrələrinin böyüməsinə birbaşa təsir etdiyini üzə çıxarıblar. "BMJ Oncology" jurnalında dərc olunan elmi iş bu xəstəliyin müalicəsində yeni üfüqlər açır.

Avstraliyanın Oliviya Nyuton-Con adına Onkoloji Tədqiqatlar İnstitutu və La Trobe Universitetinin araşdırmasına əsasən, CGRP adlı neyropeptid və onun RAMP1 reseptoru mədə və yoğun bağırsaqdakı şişlərin inkişafını stimullaşdırır. Şiş hüceyrələrinin özlərinin də bu neyropeptidi istehsal edərək sinir sisteminin siqnallarından özlərini bəsləmək üçün istifadə etdiyi müəyyən edilib.

Doktor Pavita Parathanın rəhbərlik etdiyi qrup, RAMP1 reseptorunun hüceyrələrdən kənarlaşdırıldığı zaman xərçəngin böyümə qabiliyyətinin ciddi şəkildə zəiflədiyini müşahidə edib. Ən maraqlı məqam isə odur ki, CGRP və RAMP1 fəaliyyətini dayandıran dərmanlar artıq tibb sahəsində mövcuddur və hazırda miqren xəstəliyinin müalicəsində geniş istifadə olunur.

Bu dərmanlar artıq təsdiqlənmiş və pasiyentlər tərəfindən yaxşı mənimsənilən vasitələr olduğu üçün onların onkoloji praktikaya uyğunlaşdırılması daha qısa zaman ala bilər.

Doktor Liza Milke qeyd edir ki, sinir sisteminin xərçəngin inkişafındakı rolunu öyrənmək olduqca ümidvericidir. Növbəti mərhələdə miqren əleyhinə olan bu dərmanların kolorektal xərçəngə qarşı klinik sınaqları planlaşdırılır.//Demokrat.az



REKLAM