sehiyye.info

Azərbaycanda xərçəng xəstəliklərinin müalicəsi üzrə ciddi tədbirlər həyata keçirilib

Azərbaycanda xərçəng xəstəliklərinin müalicəsi üzrə ciddi tədbirlər həyata keçirilib

2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən Dünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, həmin günün təsis edilməsinin başlıca məqsədi diqqəti bu qlobal problemə yönəltmək, eləcə də xərçəng xəstəliyinin təhlükəlilik dərəcəsi və onun yeni müalicə üsullarını dünya ictimaiyyətinə çatdırmaqdır.

Azərbaycanda onkoloji xidmət böyük və uğurlu inkişaf yolu keçib. XX əsrin 30-40-cı illərində məlum oldu ki, Azərbaycanda onkologiyanın inkişafına mane olan ən mühüm səbəblərdən biri bədxassəli şiş problemləri ilə məşğul olan ixtisaslaşdırılmış elmi-tibbi müəssisənin olmamasıdır. Bununla əlaqədar, 1941-ci ilin yanvarında Bakıda Azərbaycan Dövlət Elmi-Tədqiqat Rentgenologiya və Radiologiya İnstitutu (ETRRİ, - indiki Milli Onkologiya Mərkəzi) təşkil edildi. ETRRİ-nin yaradılması Azərbaycanda Rentgenologiya və Radiologiya xidmətinin inkişafı üçün böyük əhəmiyyət kəsb edib. Bu institutda aparılan elmi araşdırmaların əsas istiqamətləri respublikada bədxassəli şişlərin epidemiologiyası və xərçəngin kombinə edilmiş kompleks müalicəsi üçün səmərəli metodlar yaratmaqdan ibarət idi. İnstituta müxtəlif illərdə rəhbərlik etmiş İsaak Ginzburq, Mustafa Əlikişibəyov, Rəhim Rəhimov kimi tanınmış alimlərin hər biri Azərbaycanda onkoloji xidmətin inkişafına çox böyük töhfələr verib.

Lakin 1990-cı ilin mart ayında Azərbaycanda səhiyyənin böyük təşkilatçısı, gənc mütəxəssislərin bütöv bir nəslini yetişdirmiş, mərkəzin yeni binalarının tikintisi məsələsinin həllinə xeyli qüvvə sərf etmiş görkəmli alim – akademik Cəmil Əliyev Milli Onkologiya Mərkəzinin direktoru vəzifəsinə təyin ediləndən sonra respublikada onkoloji xidmətin inkişafında əsaslı irəliləyiş baş verib. Əvvəllər bizim onkoloq həkimlər çox ağır şəraitdə işləyirdilər. Məsələn, mürəkkəb cərrahiyyə əməliyyatları aparılması üçün şərait yox idi. Bu gün isə Milli Onkologiya Mərkəzinin yerləşdiyi əraziyə nəzər salsaq görərik ki, burada böyük bir tibb şəhərciyi salınıb. Əvvəllər bütün onkoloji əməliyyatlar bir binada aparılırdısa, 2009-cu ildə Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusu inşa ediləndən sonra bu sahədə tərəqqi müşahidə olunur. Həmin korpusun açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdilər.

2014-cü ildə yeni müalicə korpusunun və onkologiya mərkəzinin bədxassəli şişlərin molekulyar diaqnostikası laboratoriyasının açılışı oldu. 2016-cı ilin aprelində Milli Onkologiya Mərkəzinin nəzdində təkcə Azərbaycanda deyil, bütün regionda ilk və yeganə olan Nüvə Təbabəti Mərkəzi açıldı. Burada “Siemens” şirkəti tərəfindən ən yeni texnologiyalar əsasında yaradılmış və minimal doza ilə sürətli müayinə aparmağa imkan verən “Biograph mCT-S40” pozitron-emission tomoqrafiya/ kompüter tomoqrafiyası aparatı (PET/KT) istifadəyə verilib.

2012-ci ilin mart ayında Uşaq Onkoloji Klinikasının açılışı olub. Hazırda Milli Onkologiya Mərkəzinin bütün regionda flaqman müəssisəsi sayılan Uşaq Onkoloji Klinikasında kimyəvi terapiya, şüa terapiyası, cərrahi müalicə, immun terapiyası və digər kompleks müalicə üsulları çox yüksək səviyyədə tətbiq edilir. Klinikada uşaq cərrahiyyəsi, uşaq kimyəvi terapiyası, uşaq şüa terapiyası, uşaq anesteziologiya və reanimasiyası bölmələri var. Milli Onkologiya Mərkəzinin regionda ilk uşaq klinikasının yaradılmasına Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva böyük töhfə veriblər.

Milli Onkologiya Mərkəzinin baş həkimi, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli bildirib ki, xərçəng xəstəliyinin yaranma səbəbi hələ tam bəlli deyil. Xərçəngin əmələ gəlməsində bir sıra amillər qeyd olunur: ekoloji, qidalanma, stress, əsəb, gərginlik amilləri. O cümlədən xəstəliyin yaranmasında irsi faktorların rol oynadığı ehtimal edilir.

Ümumilikdə isə xərçəng xəstəliyi canlı təbiətin xəstəliyidir. Canlı aləm yarandığı gündən digər xəstəliklər olduğu kimi xərçəng xəstəliyi də mövcuddur. Xərçəng xəstəliyinə təkcə insanlarda deyil, bitki və heyvanlar aləmində də rast gəlinir. Lakin bu xəstəliyin yayılmasında demoqrafik göstəricilər önəmlidir. Yer üzündə insanların sayının digər canlılardan çox olması və təkamül bu xəstəliyin artmasında rol oynayır.

Təəssüf ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstələrin sayı çoxalır. 2018-ci ilə olan məlumatlara görə, respublikada 49 min 132 onkoloji xəstə qeydə alınıb. 2017-ci ildə bu göstərici 45 min 756 nəfər idi. Lakin xərçəng xəstəliyi hallarının artması prosesi praktiki olaraq ölkədəki əhali artımı ilə daban-dabana gedir. Əhalinin sıxlığının çox olduğu yerlərdə təkcə onkoloji yox, digər xəstəliklərin də statistikası artır. Başqa ölkələrin statistikası ilə müqayisə etsək, onda demək olar ki, respublikamızda xərçəng xəstələrinin sayı o qədər də çox deyil. Bundan başqa, hazırda ölkəmizdə yeni əmələ gələn şişlərlə beş və daha çox il yaşayan 17 min 592 xəstə var.

Qadınlar arasında ən çox təsadüf olunan süd vəzi və uşaqlıq boynu xərçəngidir. Kişilərdə isə ağciyər və prostat vəzi xərçəngləri daha çox müşahidə olunur. Lakin son illərdə ümumilikdə mədə-bağırsaq sisteminin xərçəngində də artım qeydə alınır. Uşaqlar arasında embrional, yəni rüşeym dövründə əmələ gəlmiş şişlərə daha çox rast gəlinir. Uşaqlarda müalicənin effektivliyinə nail olmaq mümkündür. Əgər valideynlər vaxtında müraciət etsələr, müalicə 99-100 faiz nəticə verər.

“Fevralın 4-ü Dünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir. Lakin xərçənglə mübarizə bir gün deyil, hər gün olmalıdır. Xərçənglə mübarizə tək onkoloqların işi deyil. Burda səhiyyə qurumları, bütün müvafiq təşkilatlar, ictimaiyyətlə əl-ələ verib xərçəngə qarşı birgə mübarizə aparmalıdırlar. Ümumiyyətlə, xərçəng xəstəliyi haqqında əhalinin maarifləndirilməsi çox zəifdir. Maarifləndirmədə ən böyük təbliğat vasitəsi kütləvi informasiya vasitələridir.

Milli Onkologiya Mərkəzi öz üzərinə düşən məsuliyyəti dərk edir və xərçənglə mübarizə aparır. Milli Onkologiya Mərkəzinin səyyar diaqnostik kompleksi hər il may-sentyabr aylarında bölgələrimizdə olur, xəstəliklərin vaxtında aşkarlanması məqsədilə əhali arasında müayinələr aparır. Müayinələr zamanı bəzən xəstələrdə xərçəngi müxtəlif mərhələlərdə aşkarlayırıq. Lakin xəstə həmin vaxtadək bundan xəbərsiz olur. Müayinələr zamanı digər xəstəlikləri də aşkarlayır və onları öz profillərinə uyğun xəstəxanalara yönəldirik ki, xəstələr müalicə olunsunlar. Xərçəngə şübhə olanları isə mərkəzə dəvət edir və xərçəngi təsdiqləyiriksə, həmin xəstələri müalicə edirik. Digər tərəfdən əhali arasında elə bir çaşqınlıq yaradılır ki, hər kəs onkoloji xəstəliyin həyatın sonu olduğunu düşünür. Əsla elə deyil, xərçəng də digər xəstəliklər kimi müalicəyə tabe olan xəstəlikdir. Ümumiyyətlə, bütün xəstəliklər zamanı həkimə gec müraciət etdikdə, həm ağır fəsadı olur, həm də müalicəyə gec tabe olur. Lakin vaxtında müraciət etdikdə xəstələri müalicə etmək asandır. Onkoloji xəstəlikləri 1-2-ci mərhələdə tam müalicə edib, böyük effektə nail olmaq mümkündür”, - deyə A.Kərimli qeyd edib.

Baş onkoloq bildirib ki, Milli Onkologiya Mərkəzinin yerləşdiyi əraziyə nəzər salsaq burada böyük bir tibb şəhərciyinin salındığını görərik: “Zəngin maddi-texniki bazaya və güclü kadr potensialına malik olan Milli Onkologiya Mərkəzini dünyanın aparıcı onkoloji mərkəzləri ilə bir sıraya qoymaq olar. Mərkəzin əməkdaşları onkoloji xəstələrə yüksəkkeyfiyyətli xidmətlər göstərir, bədxassəli şişlərin erkən diaqnostikasını, belə xəstələrin müasir cərrahi üsullarla, şüa terapiyası və dərmanlarla müalicəsini həyata keçirir, mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi məqsədilə genişmiqyaslı elmi araşdırmalar aparırlar. Burada bütün müayinə-müalicə üsulları dünya standartlarına, Avropa, Amerika protokollarına uyğun həyata keçirilir. Lakin xəstələrin vaxtında müraciət etməsi çox önəmlidir”.

Mərkəzin baş həkiminin sözlərinə görə, təbliğat düzgün aparılmadığından insanlar onkoloji xəstəliklərdən çəkinir və həkimə müraciət etmirlər: “Nümunə üçün deyə bilərəm ki, mütəxəssislər qadınların süd vəzi xərçəngindən mühafizəsi məqsədilə 40 yaşdan sonra ildə bir dəfə mamoqrafiya müayinəsindən keçməsini tövsiyə edirlər. Lakin yalnız öz sağlamlığına laqeyd yanaşmayan qadınlar buna əməl edirlər.

Xərçəngin hər növünün özünəməxsus gedişat və simptomları var. Həkimə müraciət edərkən sağlamlığında olan problemləri düzgün çatdırmaq lazımdır ki, o, müvafiq qərar qəbul edə, xərçənglə digər xəstəliklər arasındakı differensasiyasını düzgün apara bilsin. Əgər bunlara tam riayət olunsa, xəstəyə vaxtında diaqnoz qoyulsa, onda müalicəni tam effektli aparmaq mümkündür”.



REKLAM