Xəstə seçim qarşısında qalır: icbari sığorta, yoxsa bahalı özəl klinika?

Özəl tibb müəssisələrində müayinə və xidmət haqlarının vahid standart olmadan artması vətəndaşların narazılığına səbəb olur. Eyni xidmət üçün fərqli qiymətlər tətbiq edilir, şəffaflıq isə sual altındadır.
Özəl klinikalarda qiymətlər niyə nəzarətsizdir?
Mövzu ilə bağlı açıqlama verən İqtisadiyyat Elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, adından da məlum olduğu kimi özəl sektordur.
G. Hüseynovanın sözlərinə görə, özəl klinikada hər hansısa xidməti 10,100 hətta 1000 manata da təklif edə bilərlər. Təbii ki, onun göstərdiyi xidmətin müqabilində kassa qəbzi fəaliyyət göstərirsə, vətəndaşlara çek təqdim olunursa heç bir problem yoxdur.
Keyfiyyətlə qiymət arasında əlaqə barədə danışan iqtisadçı deyib:
“Bunu dövlət sektoru ilə müqayisə etsək, təbii ki, fərq var. Çünki dövlət xəstəxanalarında bir çox avadanlıqlar, aparatlar yoxdur. Ən əsas problem isə dövlət xəstəxanalarında həkimlər xəstələrə etinasız yanaşırlar. Özəl klinikalar adətən icarədə olur. Aparatlar xaricdən gəlir. Onların qiyməti ilə bağlı fərqlilik ola bilər. Həkimlərin maaşları da müxtəlif olur. Bu kimi səbəblərə görə qiymətlər fərqlidir. Uzman doktor, xaricdən gələn həkimlər və yaxud da tanınmış həkimin çox pasiyenti olduğuna görə də bu kimi qiymətlərə təsir edən amillərdəndir.
— Sizcə xəstələrə qarşı etinasızlıq sığorta məsələsindən sonra qabardı? Çünki artıq rahat rüşvət ala bilmirlər.
— Etinasızlıq əvvəllər də vardı. İndi qorxu deyilən hiss onlarda yoxdur. Açıq-aşkar rüşvətlərini də istəyirlər. Onlar rahat və arxayındırlar. Onların adamları var. Xəstəlik elədir ki, o ərəfədə insan hardan olur olsun pul tapıb verir. Həm də xəstə qorxur ki, pul verməsəm, əməliyyatı və s. pis edərlər. Onsuz da pul verildiyi halda belə, pis edirlər.
— Sığorta sistemi bu problemi azalda bilərmi?
— Düşünmürəm ki, sığorta bu problemi azalda bilər. Çünki əvvəlki illərdə vətəndaşlar əsasən dövlət xəstəxanalarına müraciət edirdilər. Həkimlərin qəbulu da əslində ödənişli idi. Daha sonra İcbari Tibbi Sığorta yaransa belə, yenə xəstədən pul vəsaiti tələb olundu. Dərman preparatları tibb bacıları tərəfindən xəstə yaxınlarına aldırılırdı. Bu kimi problemlərin fonunda vətəndaşlar xəstəxanalardan rahatlıq və məmnunluq axtarırlar. Loru dillə desək, onsuz da pulunu verir, heç olmasa yaxşı və keyfiyyətli xidmət görsün. Özəl xəstəxanalar bu baxımdan çox yaxşıdır. Qidalanmadan tutmuş xəstəyə davranışa qədər, baxım, təmizlik və şəraitə görə ona görə də vətəndaşlar qiymət fərqi də az olduğuna görə icbari sığorta ilə deyil, özləri öz ciblərindən pul verərək özəl xəstəxanalara getməkdə maraqlı olurlar.//tribuna.az