sehiyye.info

Naftalan müalicəvi neft yatağı

Naftalan müalicəvi neft yatağı
Sehiyye.info Naftalan haqqında məlumatı sizə çatdıdır.
Naftalan müalicəvi neft yatağı Kiçik Qafqazın ətəklərində, Goran dəmir yolu stansiyasından , Gəncə şəhərindən cənub-şərqdə aralıda yerləşir. Dünyada müalicəvi xassəli yeganə neft yatağıdır və özü də çoxdan məlumdur. Dəri xəstəliklərinin müalicəsində istifadə məqsədilə Naftalanda qazılmış quyudan yağ hasil edilməsi barədə hələ Marko Polo söhbət açmışdır. XIX əsrin sonlarında alman mühəndisi A.İ.Yeger Naftalan­da icarəyə götürdüyü torpaq sahəsində bir neçə quyu qazır və pullu naftalan müalicəxanasını inşa edir. Tarixdən məlumdur ki, 1904-1905-ci illər rus-yapon müharibəsi zamanı yapon əsgərlərinin təcili tibbi yardım dərman qutularından naftalan mazı doldurulmuş bankalar tapılmışdır, bu da onun yüksək müalicəvi xassəyə malik olmasından xəbər verir.

Müəyyən edilmişdir ki, naftalan nefti orqanizmə yaxşı təsir göstərərək onun ümumi reaktivliyini artırır. Neftdən istifadə etməklə müalicəvi prose­duraların aparılması insan orqanizminə ağrıkəsici, əks-iltihab və desensibili­zasiya təsiri göstərir, orqanizmdə trofika və maddələr mübadiləsini yaxşı­laşdırır, əsəb tellərinin keçiriciliyini bərpa edir, hərəkət pozğunluqlarını azaldır, ağrı hissiyyatı sərhədini artırır və i.a.

Naftalan yatağı maykop çöküntülərinə aiddir. Burada 7 neftli horizont aşkar edilmişdir ki, onların da ancaq ikisində müalicəvi neftə təsadüf edilir. O, şirəyəbənzər konsistensiyalı qatı kütlə olub zeytunçalarlı qara-qonur rənglidir, özünəməxsus ətirli iyi var, tərkibində naften turşularının böyük miqdarı (0,8 - 3,0%) və naften karbohidrogenlərinin polisiklikliyinin yüksək olması ilə səciy­yələnir. Neftin tərkibində destillə zamanı dəyişikliyə məruz qalan sterinlər möv­cuddur. O, başqa naftenlərdən öz “alışqansızlığı” ilə seçilir.

Hazırda yataqda dünya əhəmiyyətli müalicəvi sağlamlıq kompleksi fəaliyyət göstərir; müalicə praktikasında aşağıda adları çəkilən naftalan neft preparatlarından istifadə olunur: 1) nativ naftalan (yəni bilavasitə qazıma quyularından alınan); 2) saflaşdırılmış naftalan (naftalanın qatılılığını artır­maq üçün müxtəlif qatılaşdırıcılar əlavə olunan susuzlaşdırılmış naftalan); 3) qatransızlaşdırılmış naftalan; 4) naften karbohidrogenləri; 5) tərkibində naftalan, parafin, mum, serezin, kamfora olan müalicəvi naftalan mastikası.



REKLAM