sehiyye.info

Alimlər malyariya ağcaqanadlarının məhv edilməsinin yeni üsulunu işləyib hazırlayıblar

Alimlər malyariya ağcaqanadlarının məhv edilməsinin yeni üsulunu işləyib hazırlayıblar
Geni dəyişdirilmiş göbələk hörümçəklərin zəhərinə bənzər toksinli maddə ifraz etməyə qadirdir. Bu zəhər qısa vaxtda böyük sayda malyariya ağcaqanadlarını məhv edə bilir.

Sehiyye.info AZƏRTAC a istinadla xəbər verir ki, bu nəticələri təsdiqləyən təcrübələr Burkina-Fasoda aparılıb. Eksperimentin gedişində 45 gün ərzində ağcaqanadların populyasiyası 99 faiz azalıb.

Alimlər izah edirlər ki, onların məqsədi ağcaqanadları tamamilə məhv etmək deyil, malyariyanın yayılmasının qarşısını almaq yollarını axtarmaqdır.

Daşıyıcısı dişi ağcaqanadlar olan bu xəstəlik hər il 400 mindən çox insan həyatına son qoyur. Bununla yanaşı, hər il dünyada təqribən 219 milyon nəfər bu xəstəliyə yoluxur.

ABŞ-ın Merilend Universitetindən olan alimlər tədqiqatlar prosesində Burkina-Fasodan olan həmkarları ilə birgə əvvəlcə təbii yolla malyariya ağcaqanadlarını məhv edən “Metarhizium pingshaense” adlı göbələyi aşkarlayıblar. Sonrakı mərhələdə bu göbələyin yeni xüsusiyyətləri müəyyən edilib. Merilend Universitetindən olan professor Raymond Liger deyib: “Bu göbələk tez təsir altına düşür, onu genetik mühəndisliyinin köməyi ilə çox asanlıqla dəyişdirmək mümkündür”. Bundan ötrü alimlər Avstraliya qıfabənzər hörümçəyinin zəhərindən istifadə ediblər.

“Hörümçək digər həşəratların dərisini xeliserlərin köməyi ilə dişləyir və zəhərlərini yeridir. Bizim variantda bu rolu göbələk yerinə yetirir”, - deyə professor Liger izah edib.

Laboratoriya sınaqları göstərib ki, geni dəyişdirilmiş göbələk daha tez öldürür, nəticəyə nail olmaq üçün isə az miqdarda göbələk sporu tələb olunur.



REKLAM