sehiyye.info

Hamilə qalan yeniyetmələrlə bağlı yeni faktlar - Papaq atdıq, yıxılmadı, ərə verdik

Hamilə qalan yeniyetmələrlə bağlı yeni faktlar - Papaq atdıq, yıxılmadı, ərə verdik
Azərbaycan hüquqi dövlətdir, lakin qadağan olunmuş adət-ənənələr burada bəzən qanundan üstün sayılır. Qanunla qadağan edilməsinə baxmayaraq, bəzi azərbaycanlılar nikah yaşına çatmayan qızlarını ərə verirlər.

Əlbəttə, erkən nikah problemi yeni xəbər deyil, lakin o anlama gəlmir ki, bu barədə danışmaq lazım deyil. Hətta deyərdim ki, erkən nikahlarla bağlı, xüsusilə kütləvi hal alanda həyəcan təbili çalmaq lazımdır.

Ağstafa rayonunda dörd həddi-büluğa çatmamış qızın hamilə qalması xəbəri isə gündəmi əməlli-başlı silkələdi. Mətbuatda yayılan xəbərlərdə bildirilirdi ki, həmin qızlar tibbi yardım məqsədilə xəstəxanaya müraciət edib. Onlar bu yaşda analıq sevinci yaşamağa hazırlaşırlar. Hər biri hamiləlik müddətini keçmiş vəziyyətdədirlər. Xəbər rəsmi şəkildə təkzib olunsa da, faktlar başqa şey deyir.



Azərbaycan Uşaqlar Birliyinin sədri, hüquq müdafiəçisi Kəmalə Ağazadə məsələ ilə bağlı Oxu.Az-a danışarkən deyib ki, vəziyyəti araşdırmaq üçün Ağstafaya gedib.

K.Ağazadənin sözlərinə görə, sözügedən qızlar özlərindən 9-13 yaş böyük kişilərə ərə verilib:

“Həddi-buluğa çatmamış qızlar Tatlı, Qırılı və Pirili kəndlərindəndir. Atası onları özlərindən 9-13 yaş böyük olan kişilərə ərə verib. Mən həm hüquq-mühafizə orqanlarının nümayəndələri, həm də qızların qohumları ilə söhbət etdim. Valideynləri təsdiq edir ki, qızlarını 16 yaşında ərə veriblər. Lakin bunun daha tez olduğunu ehtimal etməyə əsas var”.

Valideynlərin övladlarının taleyinə münasibəti insanı dəhşətə gətirir. Onlar qızlarından tezliklə xilas olmaq istəyirlər, bununla da rahat nəfəs alacaqlarını güman edirlər. Lakin bir neçə il keçdikdən sonra valideynlər başlarına döyürlər, çünki onların savadsız qızları xoşbəxt deyil, o, ərinin və yaxınlarının yükü altında əzilir. Bu vəziyyətdə isə nəinki özünə, uşağına görə də cavabdeh olmalıdır. Qızlarına bu çətin durumdan çıxmağa heç də bütün valideynlər kömək etməyə hazır deyillər. Və nəticə etibarı ilə ailələr dağılır.

Hüquq müdafiəçisi qeyd edir: “Valideynlərin nə dediyini bilirsiniz? “Onlar uşaq deyillər, çoxdan böyüyüblər”.

Yəni sinələri böyüyübsə, deməli, ərə getməyə hazırdır.

Yeri gəlmişkən, valideynlərdən biri kənd bələdiyyəsinin sədridir.

O gizlətmədən deyir: “Biz ənənələrə sadiqik. Qıza papaq atdıq, o da dayana bildi, yıxılmadı”.

K.Ağazadənin sözlərinə görə, bir gündə sosial şəbəkələrdə 50-60-a qədər qadın ondan kömək istəyir. Xahiş edirlər ki, onları sığınacaqlarda yerləşdirsinlər.

Mayın 29-da bölgədən olan bir qız hüquq müdafiəçisi ilə əlaqə yaradaraq onu məcburən ərə vermək istədiklərini deyib. Yalvarırmış ki, ona kömək etsinlər. Ərə veriləcəyi təqdirdə isə intihar edəcəyini bildirirmiş.

Bununla əlaqədar olaraq, K.Ağazadə rayon İcra Hakimiyyətinə müraciət edib. Onların müdaxiləsi nəticəsində qızın məcburi ərə verilməsinə imkan verilməyib:

“Qanunvericilikdəki boşluqlar güclü şəkildə əlimizi-qolumuzu bağlayır, imkanlarımızı məhdudlaşdırır. Bütün bu faktlara imkan daxilində reaksiya veririk”.

Nəhayət, vətəndaşlar anlamalıdır ki, 15-17 yaş izdivac üçün çox tezdir. Bu yaşda ailə həyatı qurmaq olmaz.

Azərbaycan qanunvericiliyində erkən nikah cinayət məsuliyyəti yaradır və bunun könüllü olub-olmadığı nəzərə alınmır, heç bir qeyd-şərt yoxdur. Bu, cinayətdir, uşaqbazlıqdır, vəssalam.

Erkən hamililəlik aşkar olunan zaman tibb müəssisələri polisə məlumat verirlər. Nə faydası? Hüquq-mühafizə orqanları istənilən halda əhəmiyyət vermirlər:

“Onlar adət-ənənələrə hörmət edirlər, mən isə Prezidentin qəbul etdiyi qanuna əsaslanıram”, - K.Ağazadə qeyd edir.

Bu günlərdə Azərbaycan Uşaqlar Birliyinin sədrinə 33 yaşlı qadın müraciət edib. Onu 13 yaşında ərə veriblər, 14 yaşında ana olub. Böyük oğlunun 17, qızının isə 12 yaşı var. Qadının bir böyrəyi yoxdur. Özündən 14 yaş böyük olan əri tərəfindən tez-tez döyüldüyü üçün böyrəyindən məhrum olub. Bu gün isə boşanmaq istəyir və K.Ağazadədən dəstək gözləyir.(Oxu/az)



REKLAM