Tibb Universitetinin klinikasında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan ödənişsiz müayinə aksiyası davam edir
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının uşaq kardiorevmatologiya şöbəsinin 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar keçirdiyi iki günlük aksiyası - uşaqların ödənişsiz müayinəsi davam edir.
Klinikanın uşaq kardiorevmatologiya şöbəsinin professoru Surxay Musayev AZƏRTAC-a bildirib ki, aksiya gələcəyimiz olan uşaqların sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir: “Aksiyanın keçirilməsi ilə bağlı sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində kifayət qədər məlumat verilib. Dünən səhərdən etibarən kiçik pasiyentlər həkimlərimizin müayinəsindən keçirlər. Şöbəmizdə uşaqların çoxşaxəli müayinəsi aparılır. Bizə təkcə paytaxtda yaşayanlar deyil, ölkənin müxtəlif bölgələrinin (Salyan, Xaçmaz, Mingəçevir və s.) sakinləri də müraciət edirlər. İki gün ərzində 300-ə yaxın uşağın müayinədən keçəcəyini planlaşdırmağımıza baxmayaraq, bu rəqəmin artacağı və 400-ü ötəcəyi ehtimalı var. Keçirilən aksiya imkan yaradacaq ki, maddi imkanı olmayan və uşaqlarının sağlamlığından narahat olan valideynlər övladlarının tam dəqiq, etibarlı şəkildə müayinəsi üçün şöbəmizə müraciət etsinlər. Bu gün aksiya çərçivəsində uşaqların ödənişsiz exokardioqrafiya müayinəsi aparılır”.
Professor S.Musayev bildirib ki, şöbənin professorları Ələkbər Həsənov, İbrahim İsayev, dosentləri Fəxriyyə Məmmədova, Lalə Hidayətova, tibb elmləri namizədi Elnur İmanov, assistentlər, tibb elmləri namizədi Ülviyyə Hacıyeva, Sevda Məmmədova, Nəzakət Həsənova, İradə Səfərova aksiyada xüsusi fəallıq nümayiş etdiriblər.