Birdəfəlik paket çayların ziyanı…
Gündəlik həyatımızda ən çox istifadə etdiyimiz içkilərdən biri çaydır. Mütəxəssislər orqanizmin qidalanmasında çayın böyük əhəmiyyəti olduğunu söyləyirlər. Qeyd edək ki, dünyada çayın 1500-dən çox növü mövcuddur və bu içkinin vətəni Çin hesab olunur.
İnsan orqanizmi üçün faydaları olsa da, çayın müəyyən zərərlərinin olduğuna dair araşdırmalar mövcuddur. Bu gün birdəfəlik dəmlənmə, yəni paket formasında olan çaylar geniş istifadə olunur. Paket çaylar ilk dəfə olaraq ABŞ-da 1908-ci ildə istehsal edilib. Xüsusilə işləyən insanlar, ofisdə çay dəmləməyə imkanı olmayanlar, yaxud paket çaylardan istifadənin rahat olduğunu düşünənlər bu çaylara üstünlük verir. Ancaq alimlər müəyyən ediblər ki, insan orqanizminə tədricən və çox ağır şəkildə təsir göstərən məhsullardan biri də paket çaylardır. Bu çayların paketi qaynar suda dağılmasın deyə epiklorohidrin maddəsindən hazırlanır. Hansı ki, həmin maddədən həşaratlara qarşı hazırlanan dərmanlarda daha çox istifadə edilir. Epiklorohidrinlər qaynar su ilə reaksiyaya girəndə qorxunc xəstəliklərin yaradıcısına çevrilir.
2019-cu ildə Kanadada həyata keçirilən araşdırmada bir paket çayın tərkibində milyardlarla mikroplastik parçası aşkar edilib. Araşdırmaçılar qaynar suda 5 dəqiqə dəmlənmiş 4 fərqli paket çayı test edib. Paketlərdə olan plastiklər görməyə mane olduğu üçün paketlərdən çay yarpaqları çıxarılıb. Çay dəmləndikdən sonra elektronmikroskopla test edilib. Belə ki, 1 stəkan qaynar suya salınmış paket çayda 11,6 milyard mikroplastik və 3,1 milyard nanoplastik müşahidə edilib. Hesablamalara görə, bir insan bütün həyatı boyu 50 min mikroplastik parçası udur.
Ürək-damar sistemində tıxanıqlıq…
Məsələ ilə bağlı “Yeni Azərbaycan”a danışan sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib ki, indiki dönəmdə insanlar rahatlıq üçün paket çaylardan daha çox istifadə edirlər. Halbuki, bu çayların insan orqanizminə çox
ciddi ziyanları var: “Ən böyük ziyan məhz paketin özüdür. Bu paketlərin hazırlanmasında plastik materialdan istifadə olunur. Həmin material da isti su ilə reaksiyaya girərək nano hissəcik şəklində suya yayılır. Çayı içəndə də ziyanlı maddələr orqanizmimizə daxil olur. Hər gün paket çaylardan istifadə edən insanlarda tədricən ürək-damar sistemində tıxanıqlıq yaranır. Bu da bir çox hallarda ürəyin dayanmasına belə səbəb ola bilir”.
Xərçəng xəstəliyinə səbəb olur…
M.Hüseynova qeyd edib ki, paket çayların digər ziyanı onun hazırlanmasında istifadə edilən kimyəvi maddələrdir: “Nəzərə alaq ki, paketdəki çayların kiflənməməsi və ətir verməsi üçün müxtəlif kimyəvi maddələrdən istifadə edilir. Bu maddələr insan orqanizmində çox ciddi fəsadlar yaradır və hətta xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Çünki paket çaylarının hazırlanmasında fərqli-fərqli kimyəvi aromizatorlardan və sintetik mənşəli boyalardan istifadə edilir.
Təsadüfi deyil ki, paket çayı dəmləməyə ehtiyac qalmır. Paketi suya salan kimi rəng dəyişir. Bu da insanlarda mədə-bağırsaq problemlərinin yaranmasına gətirib çıxarır. Beləliklə də immun sistemi pozulur. Kimyəvi maddələr bir çox hallarda həzm sistemində bədxassəli şişlərin yaranmasına səbəb olur. Yeniyetmə yaşlarında bu çaydan çox istifadə edənlərdə hormonal pozuntular, orta və yaşlı nəsillərdə isə yaddaş zəifliyi ortaya çıxır. Yaxşı olar ki, təbii dəmləmə çaylardan daha çox istifadə edilsin”.