Yeni Klinika"da həkimlər xəstəni qəbul etmir? - Qalmaqallı video ilə bağlı RƏSMİ AÇIQLAMA
"Yeni Klinika"da onlayn növbəyə yazılan vətəndaşla həkim arasında mübahisə yaranıb. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Belə ki, vətəndaş növbəyə yazılsa da, həkim gündəlik 30-35 xəstə limiti olduğunu bildirərək onu qəbul etməyib. Bu isə vətəndaşın narazılığına səbəb olub. Klinikanın əməkdaşı xəstələrə “Onlayn növbəyə güvənməyin” deyib.
Maraqlıdır, vətəndaşlar onlayn növbə alsalar da, limit keçdiyi təqdirdə həkim onu qəbul etməyə bilərmi?
Məsələ ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən "Yeni Klinika"nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova Sfera.az-a bildirib ki, görüntüləri paylaşan vətəndaş artıq rəsmi qaydada videonun digər sosial hesablardan silinməsi üçün müraciət edib:
“Birincisi, görüntünü həkimin, qeydiyyatçının, vətəndaşların icazəsi olmadan çəkmək qanunla qadağandır. İkincisi, pasiyent özü də bildirib ki, onun yanlışlığı olub. Çünki o, dinləmədən qayda pozuntusu olduğunu göstərən kadrlar yayıb. Əslində isə qayda pozuntusu yoxdur”.
N.Allahyarova bildirib ki, onlayn növbədə vətəndaşın həkimi seçmək ixtiyarı yoxdur:
“Xidməti seçmək ixtiyarı var. Dövlət xəstəxanasında bir həkimin xəstəni müayinə etməsi limitlədir. Bundan artıq olması həm də xəstə üçün zərərlidir. Çünki bu qədər xəstəni qəbul edən həkimin artıq keyfiyyət göstəriciləri aşağı ola bilər. Bu, qayda ilə tənzimlənir. Həmin xanım isə məhz bu həkimə müayinə olunmaq istəyib. Təkrar qeyd edirəm, onlayn növbə xidmət üçün keçərlidir. Məsələn, travmatoloq xidmətini seçirsiniz, artıq xəstəxanada hansı həkimin növbəsidirsə, ona yaxınlaşırsınız”.