sehiyye.info

“Ölkədə pulsuz tualet yoxdur, o ki qaldı, pulsuz qan olsun” -Mərkəzi Qan Bankının açıqlamasına reaksiyalar

“Ölkədə pulsuz tualet yoxdur, o ki qaldı, pulsuz qan olsun” -Mərkəzi Qan Bankının açıqlamasına reaksiyalar
Məhərrəm ayında alqışa layiq və müsəlmana yaraşan ən gözəl adətlərdən bir də heç şübhəsiz ki, qanvermə aksiyasında iştirak etməkdir. Beləliklə, baş-gözünü yarıb, özünə xəsarət verən insanların sayı həm azalmış olar, həm də necə deyərlər, boşuna axıdılan qan, hansısa ehtiyac sahibi xəstənin damarında “can tapar”.
Bu il də həmin qanvermə aksiyalarında ölkənin müxtəlif regionlarında keçirilib və Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, təkcə Bakı şəhəri üzrə 1378 nəfər qanvermə aksiyasında iştirak edib, ümumi ölkə üzrə isə 1040 litr qan toplanıb.

Onlarla litr qanın hər halda, xəstələrə, ehtiyac sahiblərinə pulsuz verildiyini düşünürək, bununla bağlı Səhiyyə Nazirliyinə sorğu göndərdik. Nazirlikdən məlumat təsdiqləndi və bildirildi ki, bəli, həqiqətən də, qanvermə aksiyalarında toplanan qan komponentləri ödənişsiz və qeyd-şərtsiz buraxılır, donorluq da ödənişsizdir. Mərkəzi Qan Bankı da Aşura günü toplanan qanların istifadə təyinatı barədə yerli mediaya açıqlama verib və bildirilib ki, qanlar xəstələrə ödənişsiz verilir.

Məlumdur ki, insanların Aşura günü verdikləri qan ehsan yerinə keçir və İslam dininin gərəyi olaraq, ehsan pulla satıla bilməz. Qurum bu istiqamətdə “müsbət” açıqlama vermiş olsa da, sosial şəbəkə istifadəçiləri bu məsələnin tam əksini iddia edirlər.

Məsələn, ilahiyyatçı Tural İrfan ötən yazılarımızdan birində bu haqda bildirmişdi ki, “ehsan adı ilə toplanan qanların pulsuz verilməsindən söhbət belə gedə bilməz, toplanmış onlarla litr xəstələrə pulla satılır”.

Daha sonra biz bu xəbəri saytımızın rəsmi “facebook” səhifəsində yayımlayıb, istifadəçilərin reaksiyasını öyrənməyə çalışdıq. Nəticəni bəlkə də “skandal” da adlandırmaq olar. Çünki bir nəfər belə olsun, qurumun dediyini təsdiq etmir.

Məsələn, Fərman Həsənov yazır: “Yaxın tanışımdan 400 qram qan üçün 200 manat pul aldılar. Bu məmləkətdə pulsuz tualet yoxdur, pulsuz qan hardan olsun?”.

İmran Hüseynli isə qanın qiymətini daha da dəqiqləşdirərək, qeyd edib ki, qanın 400 qramının qiyməti 150 manatdır: “Biz guya sığorta ilə açıq ürək əməliyyatı elətdirdik. Diaqnoz Tibb Mərkəzinə 6 min manat pul ödədik. Əlavə olaraq, istifadə olunacaq qanın əvəzində 3 nəfərdən də qan aldılar. Belə anlaşılır ki, qanı ancaq bizdən havayı ala bilərlər. Nəinki qanımızı, elə canımızı və pulumuzu da. Ancaq heç kim bizə bir zərəni belə pulsuz verməz”.

Heydər Xəlilov şərhində bildirir ki, pulsuz heç kimə qan verməzlər: “Əlbəttə ki, pulla satırlar. Bunlar heç kimə qanı pulsuz verməzlər. Xəstə ölsə də, çönüb baxmazlar”.

Şərhləri oxuduqca, düşünürsən ki, yaxşı, qoy, bunun 5-i, 10-u, lap 20-si qərəzli fikir bildirsin, bəs yerdə qalanlar? Heç mi razı qalan yoxdur?

Sosial şəbəkələrdəki şərhlər media əsrində insanların tərəzisidir. Əvvəllər xalqın gözü tərəzi idisə, indi yazdıqları şərhlər tərəzidir. Qurum öz rəsmi açıqlamasını vermiş olsa da, hər halda bu qədər insanın bir ağızdan yalan danışması da ağıla və məntiqə sığan şey deyil.

Məsələn, Sənan Hüseynov həm istifadəçilərə, həm də elə qana ehtiyacı olan insanlara olduqca maraqlı bir sual verir: “Kiminsə rastına çıxıbmı ki, xəstəyə qan köçürülsün, amma ödəniş etmək istəsəniz, desinlər ki, “xeyr, bu, Aşurada verilən ehsan qandır, pulsuzdur”. Belə bir halla qarşılaşanınız olubmu? Əlbəttə ki, yox”.

Hər bir halda, məsələni diqqətdə saxlayacağıq. Vətəndaşların şərhləri bizim üçün maraqlı olduğu qədər, hər halda adı çəkilən qurumlar üçün də maraqlıdır. Görəsən, qurumla vətəndaşlar arasında niyə belə dərin ziddiyyət təşkil edən bir məsələ konkret həllini tapa bilmir? Cavabını siz verin.(Bizimyol)

Qeyd edək ki, məsələ ilə bağlı açıqlama vermək istəyən bütün rəsmi şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq.
//turantv.az



REKLAM