Baş ağrılarından şikayətlərin artmasının səbəbi budur - Professor açıqladı
Son vaxtlar hər kəs baş ağrısından şikayətlənir. Günlərlə davam edən bu ağrılara heç bir ağrıkəsici dərmanın xeyri yoxdur.
Səbəb olaraq havada maqnit şüalarını, təzyiq yüksəkliyini və mövsümü göstərsələr də, ağrıların nədən qaynaqlandığını dəqiq bilmək olmur. Uzun müddət qapalı mühitdə işləmək, havasız qalmaq, monitorlu alətlərdən - telefon, planşetdən istifadə də baş ağrısı yaradır.
Baş ağrılarının əsas səbəblərindən biri də miqrendir. Məlumdur ki, miqrendən əziyyət çəkən insanların sayı yetərincə çoxdur. Bəs bu şiddətli ağrılardan yaxa qurtarmaq üçün nə etmək lazımdır?
Təbii ki, insanların əksəriyyəti başı ağrıyan zaman dərhal ağrıkəsici dərmanlara üz tutur. Həkimlər isə baş ağrıyan zaman dərhal dərman içməyin düzgün olmadığını deyirlər. Ümumiyyətlə, ağrıkəsicilərin uzun müddət qəbul edilməsi təkrarlanan baş ağrılarının yaranmasına gətirib çıxara bilər. Belə hallarda dərman qəbulu nəticəsində baş verən ağrı ilə öncədən mövcud olan ağrını fərqləndirmək çətin olur. Uzunmüddətli dərman qəbulu vasitəsilə baş ağrıları sakitləşdirilə bilər. Amma yadda saxlamaq lazımdır ki, uzunmüddətli dərman qəbulunun ağırlaşmaları da var.
Baş ağrılarının çoxalması ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla fikirlərini Sherg.az-la bölüşüb. Professorun sözlərinə görə, ağrıların səbəbləri olduqca müxtəlifdir.
Ona görə də dəqiq səbəb müəyyən edilməli, daha sonra müəyyən tədbirlər görülməlidir. Əks halda yanlış diaqnozun qoyulması müxtəlif problemlərə səbəb ola bilər:
"Aşağı və yuxarı təzyiqli insanlar da bu ağrılarla tez-tez üzləşirlər. Aşağı təzyiqli insanların beyin damarlarında spazm, yuxarı təzyiqlilərdə isə gərginliklər olur və hər ikisi baş ağrıları ilə nəticələnir. Beyin daxili təzyiqi və miqreni olanlar və meteohəssas insanlarda maqnit dalğalarından baş ağrıları yaranır. Müxtəlif infeksion xəstəlikləri olan insanlar da ağrılarından əziyyət çəkirlər”.
A.Qeybulla son vaxtlar qan təzyiqi aşağı olan insanların sayının çoxaldığını və belə şəxslərin də baş ağrıları ilə üzləşdiyini bildirdi: "
İnsanların hər biri müxtəlif xəstəlikdən əziyyət çəkdikləri üçün ağrıların konkret səbəbini söyləmək çətindir. Bu xəstəlikləri öncə qruplara bölmək lazımdır. Məsələn, hansı qrupdan olan şəxslərin baş ağrıları artıb? Düşünürəm ki, bu, təzyiqi aşağı olan xəstələrdir. Bu gün gənclərin əksəriyyətində təzyiqin aşağı olduğu müşahidə olunur.
Aşağı təzyiqli şəxslər gələcəkdə yüksək təzyiqli olmağa namizədlərdir. Miqren ağrılarının da səbəbləri tam dəqiq bilinmir. Müxtəlif hormonal dəyişikliklər də miqrenə səbəb olur. Beyində vazomotor sistemlər çox həssasdır və xırda bir patalogiya beyin damarlarının sıxılmasına şərait yaradır. Beyin damarları oksigenə çox həssasdır. Hətta bir müddət oksigenin azalması huşun itirilməsinə səbəb ola bilər. Beyin damarları çox həssas olduğuna görə, damarlar sıxılır və genişlənir və baş ağrılarına şərait yaradır”.