sehiyye.info

Süd içsək nə olacaq,içməsək nə ?

Süd içsək nə olacaq,içməsək nə ?
Uşaqlar yeniyetməlik dövründə çox sürətlə boy atırlar. İnsan həyatının heç bir dövründə yeniyetməliyində olduğu kimi sürətlə boy atmır. 11-14 yaş arasında yeniyetmələr il ərzində 10 sm, bəzi oğlanlarsa 15(!) sm boy atırlar.

Sümüyün belə qızğın inkişafa tab gətirməsi üçün insan orqanizmi çoxlu kalsium almalıdır. Lakin təəssüflər olsun ki, yeniyetmə oğlan və qızlarımız qidalanarkən normadan çox az kalsium alırlar.

Norma sutkada 1500 mq olsa da, ən yaxşı halda bunun 50-60 faizi ilə kifayətlənirlər. Çünki düzgün qidalanmırlar və nəticədə orqanizmə sümüklərdə bu mikroelementin yığılması üçün lazımi imkan yaradılmır.

Kalsium qəbuluna aşağıdakı hallar mane olur:

- Hipodinamiya (hərəkətsizlik). Aktiv hərəkətdə olan uşaq yeməkdən 10-15 faiz daha artıq kalsium alır, nəinki onun az hərəkətli həmyaşıdı.

- Günəş işığı çatışmazlığı. Kalsimun qəbulu üçün D vitamini zəruridir, o isə orqanizmdə açıq havada olarkən yaranır. Bizim uşaqlarsa açıq havada az olur, günlərini qapalı məkanda keçirirlər.

- Xroniki xəstəliklər, infeksion yoluxmalar.

- Hormonal pozuntular. Qızlarda - menstruasiyanın gec başlaması. Oğlanlarda kişi cinsi hormonlarının çatışmazlığı - nəticədə fiqurları qadın tipinə uyğun inkişaf edir: izafi çəki, süd vəzilərində yağlılıq artır.

Müasir yeniyetmələr daha "prestijli" içkilərə - "Koko-Kola", "Pepsi-Kola", "Yaquar" və s. başqa qazlı və energetik içkiləri içməyə üstünlük verirlər. Yeniyetmələr, həmçinin "zir-zibil" yeməklərini - çips, çupa-çups, çeynənən konfet, snek, duzlu fındıq, duzlu püstə və s.-ni sevirlər ki, bu da sonda mədə-bağırsaq traktının selikli qişasını aşındırır və bu zaman kalsiumun həzm edilməsi pisləşir.

Üstəlik, biz uşaqlara çoxlu şirniyyat, şokolad veririk ki, bu da maddələr mübadiləsini pozur və yenə də sümüyün zəruri kalsium toplamasına əngəl yaradır.

Orqanizm böyüdükcə sümüklərə çoxlu kalsium lazımdır. Böyümə nə qədər intensivdirsə, sümük daha çox bu mineralı qəbul etməlidir.

Beləliklə, yeniyetməlik dövrü sümüklərdə kalsiumun toplanması üçün sonuncu şansdır. Həmin dövrdə yetərli dərəcədə kalsiumun alınması sümüyü möhkəm, uzunömürlü, heç bir xəstəlikdən qorxmayan şəkildə formalaşdırır. Oğlanlar boyları "eninə" artanda - sümükləri iriləşəndə də kalsium toplaya bilirlər, qızlarsa bu mineralı yeniyetməlik dövründə nə qədər yığa biliblərsə, qalan həyatlarında yalnız bu həcmlə kifayətlənməli olurlar.

Süd davası...

Əvvəllər həkimlər qəti əmin idilər ki, sümüyü möhkəmləndirmək üçün uşaqların çoxlu süd içməsi, kəsmik, pendir və süd məmulatlarından olan məhsulları yeməsi lazımdır. Çünki kalsium süd məhsullarından daha yaxşı sovrulur.

Son illərdəsə alimlər, özü də Amerika alimləri südün belə faydasına şübhə ilə baxmağa başlayıblar. O, Amerika ki, əhalisi dünyada ən çox süd içir, uşaqları isə südü mədh edən nəğmələrlə böyüyürlər.

Dünyada süd kimi barəsində ziddiyyətli rəylər olan ikinci qida yoxdur. Süd orqanizmin ümumi sağlamlığına faydalıdırmı, sümüyü möhkəmlndirirmi, çəkini aşağı salır, yoxsa qaldırır, onu çiy, yoxsa pasterizə edilmiş, azyağlı, yoxsa çoxyağlı almaq lazımdır? Belə sualların sayını daha da çoxaltmaq olar.

Süd, doğrudan da, faydalı məhsuldur, qidalandırıcı maddələrlə zəngindir. Lakin südün aksioma kimi baxılan faydası - sümükləri möhkəmləndirməsi kimi xüsusiyyəti son illərin araşdırmalarında sual altına düşüb.

Bir daha qeyd edək ki, ABŞ əhalisi süd və süd məhsullarını dünya ölkələrinin digər sakinlərdən olduqca daha çox istehlak edir. Belə çıxır ki, amerikanların sümüyü möhkəm olmalıdır. Lakin heç də belə deyil. Bu dəqiq statistik faktdır ki, ABŞ-da osteoporoz (sümük xəstəliyi) xəstələrinin sayı və sümük əyriliyi bir çox ölkələrdə olduğundan yüksək həddədir. Statistika göstərir ki, 50 və daha artıq yaşları olan amerikalılar sümük və onurğa xəstəliklərinə görə dünyanın digər ölkələrindəki həmyaşıdlarından irəlidədirlər.

Bu, amerikalı dietoloqları, o cümlədən uşaq həkimlərini ciddi şəkildə düşünməyə vadar edib. Zira skeletin formalaşması erkən yaşlarda baş verir və aparılan 60-a yaxın araşdırmadan sonra alimlər bu qənatə gəliblər ki, südün insan skeletinə faydası barədə fikirlər əsassız iddialardan başqa bir şey deyil və bunların heç bir elmi əsası yoxdur.

Süd içsək nə olacaq,içməsək nə ?

Alimlər tədqiqatlarının əksəriyyətində kalsiumla zəngin südün istehlakı ilə sümüyün durumu arasında heç bir əlaqə tapmayıblar.

Araşdırmalarının sonunda amerikalı alimlər belə qənaətə gəliblər: "Uşaq çox hərəkət etməli, təmiz havada olmalı, günəş altında gəzməli, çoxlu meyvə və tərəvəz yeməli, həmçinin normal çəkiyə malik olmalıdır - bu zaman o, sağlam böyüyəcək və sümükləri möhkəm olacaq".

Odur ki, uşaqlarınızı kompüterin, televizorun qarşısından qaldırıb həyətə - təmiz havaya göndərin. Qoy oynasınlar, tullansınlar, bir sözlə, hərəkətdə olsunlar. Elə yaşlı adamlar da divana uzanıb vaxtlarını televizor qarşısında keçirməməlidirlər, təmiz havada olmalı və fiziki hərəkətlər etməlidirlər. Osteoporoz qocalıq azarıdır. Məsələ ondadır ki, insan yaşlandıqca sümük toxumalarında kalsiumun miqdarı azalır və bununla bağlı sümük kövrəkləşir. Odur ki, sümükdə sınıq rıski xeyli artır. Bu səbəbdən osteoporozdan qaçmaq mümkün deyil - bütün yaşlı adamlarda o özünü bu və ya digər dərəcədə göstərir. Yalnız müntəzəm məşqlərlə bu azarın qarşısını almaq olar. Südün isə bu işdə faydası yoxdur.

İlk baxışda qəribə situasiya il üzləşirik: sümüyə kalsium lazımdır, bu element isə süddə boldur. Bəs problem nədədir?

ABŞ-ın Yel Universitetinin Tibb fakültəsi heyvan mənşəli zülalların (süd də bu sıradadır) istehlakı ilə bağlı araşdırma aparıb. Dünyanın 16 ölkəsində aparılan sümük travmaları ilə bağlı 34 müxtəlif statistik araşdırmalarda 50 və daha artıq yaşları olan qadınların durumu öyrənilib.

Və aşkara çıxıb ki, sümük sınıqları və zədələrinin 70 faizi heyvan mənşəli zülalların istehlakı ilə bağlıdır.

Alimlər vurğulayırlar ki, bitki mənşəli zülallardan fərqli olaraq heyvan mənşəli zülallar orqanizmi güclü şəkildə "turşudur". Bu o deməkdir ki, bizim orqanizmin qan və toxumalarında turşuluq dərəcəsi böyük miqdarda artır.

Belə turşuluq bədənimizə xoş getmir və o, müqavimət göstərir. Turşunu neytrallaşdırmaq üçün orqanizm kalsiumdan istifadə edir - kalsium bu iş üçün ən effektli mexanizmdir. Lakin bu kalsiumu haradansa almaq lazımdır. Və orqanizm bu kalsiumu öz sümüklərindən tapır. Nəticədə sümük kalsiumu itirərək zəifləyir, sınıq və zədə riski artır.

Bundan başqa, sümükdən ayrılıb turşunu qovan kalsium böyük miqdarda sidik kisəsində toplanır. Bu isə başqa bir problem və başqa bir yazının mövzusudur. Artıq ABŞ alimləri süd içməyin məktəblərdən çıxarılmasını tələb edirlər.

Belə çıxır ki, biz süddən kalsium gözləyirik, o isə bizdən kalsium alır...

***

Bu faktı da qeyd edək ki, dünyanın bir çox araşdırmaçı alimləri amerikalı həmkarlarının fikirlərini bölüşmürlər. Məsələn, Kanadadakı MakMaster Universitetinin tədqiqatçıları ötən ilin sonlarında apardıqları araşdırmalardan sonra bəyan ediblər ki, zülallarla zəngin olan süd məhsulları hətta kök adamlarda belə sümüyü möhkəmləndirir, onları arıqladaraq qəddi-qamətlərinin düzəlməsinə kömək edir.

Əvvəllər aparılan bir sıra tədqiqatlar üzə çıxarıb ki, bədənin izafi köklüyü sümük toxumalarının itirilməsi ilə birbaşa bağlıdır. Odur ki, az yeməklə arıqlamaq sümüklərdə problemləri daha da artırır.

Kanadalı alimlərin araşdırmasında artıq çəkili və menopauza dövründə olan 90 qadın iştirak edib. 4 ay ərzində qida rasionlarının kaloriliyi azaldılan və güclü aerobika təmrinləri ilə məşğul olan qadınların çəkiləri aşağı salınıb. Kalorinin azaldılması süd məhsullarının istehlakı ilə kompensasiya edilib və sonucda maddələr mübadiləsinin yaxşılaşdırılmasında və sümüyün möhkəmləndirilməsində müsbət nəticələr əldə edilib.

"Əldə etdiyimiz nəticələrə əsasən, çəkinin sağlam şəkildə aşağı salınması və sağlam sümüyə nail olunması üçün süd məhsullarının istehlakını təklif edirik", - deyə kanadalı araşdırmaçılar bildiriblər.

Amerikalı araşdırmaçı Stüart M.Filips isə öz tədqiqatlarından sonra bildirib ki, yağsız südün yalnız sümüyə deyil, həm də əzələlərə də faydası var. Onun araşdırma qrupuna daxil olan alimlər aydınlaşdırıblar ki, güclü məşqləri iki stəkan yağsız süd içməklə başa vuran kultiristlərdə əzələ kütləsi süd içməyənlərə nisbətən önəmli şəkildə artır. Stüart M.Filips bunu süddə amin turşularının olması ilə izah edib.//ekspress



REKLAM