Kalsium çatışmazlığınız varsa, BU QİDALARI yeyin
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir.
Sehiyye.info xəbər verir ki,AQTA-dan Publika.az-a verilən məlumata görə, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər rubrika vasitəsilə oxucuların diqqətinə çatdırılır.
Bu dəfəki maarifləndirici mövzu isə “Kalsium çatışmazlığının aradan qaldırılmasında qidalanmanın rolu” haqqında olacaq.
Kalsium elementi 20-25 yaşa kimi bədəndə toplanır, sonra bir müddət stabil hala keçir, yaşa dolduqca isə bədəndə miqdarı azalır. Qanda kalsium səviyyəsinin nəinki çatışmazlığı, artıqlığı zamanı da bir sıra problemlər yarana bilər. Kalsium çatışmazlığının hiss edilməyən, yüngül, şiddətli, hətta həyatı təhdid edəcək ölçüdə məlum olan simptomları var. Erkən diaqnoz qoyularsa, orqanizmdə kalsium çatışmazlığından yaranan problemlərin baş verməsinin qarşısı alına bilər. Kalsium çatışmazlığı zamanı əzələ spazmları, ürək ritminin pozulması, üz, əl və ayaqlarda uyuşma, hafizə zəifləməsi, depressiya, əzələ ağrıları, dəridə quruma, dırnaq qırılmaları kimi əlamətlər ortaya çıxır. Bu elementin orqanizmdə kəskin defisiti zamanı ürək çatışmazlığı, udmada çətinlik, səsin dəyişməsi, sümüklərdə kövrəklik, dəmrov xəstəliyi, katarakt, əzələ gücsüzlüyü kimi simptomlar yaranır. Orqanizmdə kalsium elementinin artıq miqdarı ürək və nəfəs çatışmazlığına səbəb olur. Uşaqlarda raxitlik də kalsium və D vitamini çatışmazlığının əlamətlərindəndir.
Nəinki kalsiumun, ümumiyyətlə bütün mineral və vitaminlərin orqanizmdə çatışmazlığının qarşısını almaq üçün balanslaşdırılmış qidalanmaya üstünlük vermək lazımdır. Gün ərzində tərkibində kalsiumla zəngin qidalar qəbul etməklə orqanizm üçün zəruri olan kalsium həcmini qəbul etmiş olarıq. Belə ki, qida rasionuna mütləq süd, qatıq, kəsmik, pendir, brokkoli, kahı, kələm, paxla, mərcimək, lobya, yaşıl noxud, badam, fındıq, çia və balqabaq toxumu, küncüt kimi qidaları daxil etmək lazımdır.
Kalsiumun orqanizmdə normal mənimsənilməsi üçün müəyyən şərait lazımdır. Belə ki, D vitamini çatışmazlığı olan şəxslərin orqanizmi tərəfindən kalsium da effektli şəkildə mənimsənilmir. Buna görə kalsiumla bərabər D vitamininin də qandakı səviyyəsi nəzarətdə saxlanılmalıdır. Bundan başqa qida rasionunda normadan artıq liflə zəngin qidalara üstünlük verildikdə, həzm sistemi pozğunluqları, artıq sink və alüminium qəbulu kalsiumun orqanizmdə sovrulmasına mane olur. Yaşıl yarpaqlı tərəvəzlər və taxılın tərkibindəki oksalat və fitin turşuları kalsiumun sovrulmasına mane olduğundan, adətən, vegeterianlarda da bu elementin mənimsənilməsinə mənfi təsir edir.
Qeyd edək ki, həkim məsləhəti olmadan qida əlavəsi kimi kalsium preparatının qəbulu rasional üsul deyildir. Çünki bu məhsulların tərkibindəki kalsium duzlarının hamısı insan orqanizmi üçün eyni dərəcədə faydalı deyildir. Belə ki, kalsiumun sitrat və qlisinat duzları daha faydalıdır, həm də gündəlik normanın təyin edilməsi zamanı qida rasionu da nəzərə alınmalıdır.