50 yaşdan yuxarı şəxslərin diqqətinə: ağciyər xərçəngi riski...
Siqareti tərgitmək insanın siqareti buraxdığı yaşından asılı olaraq istənilən növ xərçəng riskini 17%, ağciyər xərçəngi riskini isə 39-57% azalda bilər.
Sehiyye.info xəbər verir ki, bunu JAMA Network Open jurnalında dərc olunan araşdırma göstərib.
Müəlliflər Cənubi Koreyada yaşı 30-dan yuxarı olan üç milyona yaxın insanın məlumatlarını təhlil ediblər. 2002-ci ildən etibarən bütün iştirakçılar milli tibbi sığorta proqramının bir hissəsi olaraq iki və ya daha çox müayinədən keçiblər. Onlar orta hesabla 13 ildən çox izlənilib.
Təhlil göstərib ki, siqareti tərgitmiş insanlarda vərdişdən əl çəkməyənlərlə müqayisədə bütün növ xərçəngə tutulma riski 17% azdır. Ən böyük risk azalması ağciyər (42%), qaraciyər (27%) və kolorektal (20%) xərçənglərində müşahidə olunub. Eyni zamanda, ağciyər şişinin aşkarlanması riski digər xərçəng növlərinə nisbətən daha sürətli azalıb.
Ən bariz təsir 50 yaşından əvvəl siqareti buraxanlarda müşahidə olunub. Eyni zamanda, ağciyər xərçənginə tutulma ehtimalı 57%, siqareti daha gec buraxanlarda isə 39% azalıb.//publika