“Məktəb kameralarına baxılsaydı, direktorların əxlaqsız hərəkətləri yığışardı” – QALMAQALLI AÇIQLAMA
Məktəblərdə artan xoşagəlməz hallar zaman-zaman gündəm mövzusuna çevrilir. Şagirdlərin davası, müəllimlərin şiddəti, uşaqların dərsdən qaçması kimi hadisələr valideynləri təşvişə salıb.
Maraqlıdır, narazılığın artdığı bir vəziyyətdə məktəb kameralarına valideynlərin nəzarət etməsinə icazə verilə bilərmi?
Mövzu ilə bağlı fikirlərini Lent.az-la bölüşən təhsil eksperti Kamran Əsədov bildirib ki, valideynlərin kameraları izləməsi özəl məktəb və bağçalarda mümkündür:
“Onu qeyd edim ki, özəl məktəb və uşaq bağçalarında müşahidə kameraları quraşdırılıb. Valideynlər bu kameralar vasitəsilə istənilən an uşağın nə etdiyini və müəllimin onunla necə davrandığını izləyə bilirlər. Dövlət təhsil müəssisələrinin çoxunda isə buna rast gəlinmir. Olanlarda da həmin kameraların geniş yaddaşı və kənardan müşahidə olunma imkanları yoxdur”.
Ekspert iddia edir ki, kamera görüntülərinin izlənməsi olsaydı direktorlarının əməkdaşlarına qarşı əxlaqsız hərəkətlərinə də son qoyulardı:
“Əminliklə deyə bilərəm ki, orta məktəblərdə, bütün dövlət təhsil müəssisələrində onlayn kamera görüntülərini izləmə funksiyası olsaydı, təhsil və nizam-intizamla bağlı problemlər aradan qalxardı. Həm də bəzi məktəb direktorlarının əməkdaşlarına qarşı əxlaqsız hərəkətlərinə də son qoyulardı. Çox təəssüflər olsun ki, bəzi hallarda məktəb direktorları özləri məktəblərində bu tipli kameranın quraşdırılmasında maraqlı olmurlar. Ona görə də onların rəhbərlik etdiyi təhsil ocağında kameralaşdırılma aparılmır. Əgər dövlət hesablı orta məktəblərdə yaddaş həcmi geniş və kənardan müşahidə olunma imkanları olan kameralar quraşdırılsa, valideynlər istənilən an kamera vasitəsilə müəllimlərin necə dərs keçdiyini, uşaqları ilə necə rəftar edildiyini görə bilərlər.
Təhsil müəssisələrində kameraların quraşdırılması dərslərin yüksək səviyyədə keçirilməsi, ciddi qayda-qanun, nizam-intizamın gözlənilməsi üçün əvəzsiz vasitədir. Bir var, müdiriyyət ara-sıra gedib dərslərdə oturub, dərsin gedişatına nəzarət edir, biri də var ki, həm müdiriyyət, həm də valideynlər bunu həmişə izləyə bilirlər”.
Onun sözlərinə görə, hər il dövlət büdcəsindən ayrılan vəsaitlə kameralaşmanı həyata keçirmək mümkün olacaq:
“Əlbəttə ki, təhsil ocaqlarının kameralaşdırılması böyük məbləğdə vəsait tələb etsə də, hər il təhsilin, infrastrukturun inkişafına ciddi şəkildə dövlət büdcəsindən vəsaiti ayrılır və bütün bu məsələlər məhz dövlət hesabına həyata keçirilir. Vacib bir məsələni də qeyd etmək istəyirəm ki, Bakıda və şəhər, rayon mərkəzində yerləşən təhsil müəssisələri buna tam hazır olsa da, kəndlərdə bunu tətbiq etmək hələ mümkün deyil. Bunu isə kənd yerlərində yerləşən müəssisələrin diqqətdən kənar qalması ilə əlaqələndirmək olar.
Bununla yanaşı, kənd yerlərində valideynlər buna o qədər də maraqlı deyillər. Kənd yerlərində xüsusi maarifləndirmə tədbirləri də həyata keçirmək lazımdır ki, valideynlər bu xidməti başa düşsünlər.
Birmənalı olaraq deyə bilərəm ki, kamera quraşdırılan təhsil müəssisəsində müəllim və tərbiyəçilər özlərini daha məsuliyyətli hiss edirlər. Bu, bütün dünyada qəbul olunmuş uğurlu sistemdir. Şagirdlərin təhlükəsizlik məsələsi də bu yolla həll olur.
Son illər ərzində orta məktəblərdə ciddi problemlər və xoşagəlməz hadisələr baş verir. Əgər kameralar quraşdırılsa, valideynlər kamerada baxar ki, şagirdlər nə edir. Məktəbdə yaranan hansısa məsələ ilə bağlı valideyn narazılıq edə bilər. Narazılıqlar olanda valideynlə əlaqə yaradılar və nöqsanları aradan qaldırmaq, başa salmaq kamera görüntüləri ilə daha asan olar.
Son illər Bakıdakı orta məktəblərin təhlükəsizlik kameraları ilə təchiz olunması layihəsi həyata keçirilib. Əksər orta məktəblərdə həyata keçirilən kameralaşdırma prosesi artıq başa çatıb. Məqsəd təhlükəsizliyin təmin edilməsindən ibarət olub. Bundan sonra vahid platformaya bu kameraları daxil etmək və valideynlərə izləmək üçün daxil olma imkanı vermək lazımdır”.
Məktəblərin kameralaşdırma prosesini yalnız Elm və Təhsil Nazirliyi həyata keçirə bilər. Elə buna görə də məsul quruma sorğu ünvanladıq. Gün ərzində sorğumuza cavab ala bilmədiyimiz üçün materialı yayımlayırıq. Ümid edirik ki, tezliklə sorğumuza cavab alıb sizləri də məlumatlandıracağıq.