Səhiyyə Naziri 3-cü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları sərgisinin açılşında çıxış edib

Bakı Ekspo Mərkəzində 02 noyabr 2023-cü il tarixində 3-cu Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları - “Medinex” sərgisinə start verilib.
Sərginin açılışında Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov iştirak ediblər.
Maraqlı tərəfləri vahid plarformada bir araya gətirən sərginin başlıca məqsədi səhiyyə və tibb sahəsində industriyanın ən müasir trendləri ilə tanış olmaq, sənaye mütəxəssisləri, sahibkarların işgüzar əlaqələrini inkişaf etdirmək, yeni tərəfdaşlıq qurmaq, aktual məlumatlar mübadiləsi aparmaqdır.
Azərbaycan xalqının Ümummilli Liderinin 100 illiyində keçirildiyindən, sərginin təqdimat zonasında Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Tibbi İnnovasiyalar Forumu” təşkil olunacaq. Sərgidə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunan oftalmologiya mövzusunda panel müzakirələr də baş tutacaq.
Sərginin açılışında çıxış edən Səhiyyə naziri Teymur Musayev bildirib ki, ölkə səhiyyəsinin inkişafı dövlət quruculuğunda əsas istiqamətlərdən olduğundan tibbi sərgilər Respublikamızda müstəqilliyin ilk illərindən keçirilməyə başlanıb.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əhalinin sağlamlığının qorunmasına göstərdikləri diqqət və qayğının nəticəsidir ki, Respublikamızda müasir səhiyyə infrastrukturu obyektləri inşa edilir, tibb müəssisələri ən son texnoloji avadanlıqlarla təchiz olunur”, - deyə Teymur Musayev vurğulayıb.
Bugünkü sərginin artıq 30 ilə yaxın bir dövrü əhatə edən müsbət ənənənin davamı olduğunu bildirən nazir qeyd edib: “Medinex sərgisi artıq 3-cü dəfədir ki ölkəmizdə təşkil olunur. Sərginin həm tibb mütəxəssislərinin yeniliklərlə tanışlığı, həm biznes nümayəndələri arasında qarşılıqlı əlaqələrin inkişafı, həm də hər bir vətəndaşımızın sağlamlığının yaxşılaşdırılması sahəsində davamlı platforma rolunu oynayacağına əminəm”.