sehiyye.info

Azərbaycanda pandemiyanın təsirlərini minimuma endirməyin yolları açıqlandı

Azərbaycanda pandemiyanın təsirlərini minimuma endirməyin yolları açıqlandı
COVID-19 bütün ölkələr kimi Azərbaycanda da turizmin inkişafına ciddi təsir göstərib və Ümumdünya Turizm Təşkilatı (UNWTO) pandemiyanın təsirlərini minimuma endirməyə, turizmin inkişafını davamlı etməyə çalışan üzv dövlətlərə kömək etmək üçün müxtəlif alətlər təqdim edib.

Sehiyye.info xəbər verir ki,bunu “Report”a müsahibəsində UNWTO Baş katibi Zurab Pololikaşvili deyib.

"Bunlara UNWTO-nun Turizm Məlumatları Paneli, Dünya Turizm Barometri, COVID-10 pandemiyasının təsirlərinə həsr olunmuş nəşrlər və digərləri daxildir. Tövsiyə olunan addımlar arasında zəruri sağlamlıq və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinin təmin edilməsi, infrastruktura, o cümlədən nəqliyyat, yerləşdirmə və turizm obyektlərinə sərmayə qoyuluşunun davam etdirilməsi, turistik sahələrin genişləndirilməsi və şaxələndirilməsi, kənd turizminə xüsusi diqqət yetirilməsi, turizm sektoruna özəl sektorun daha çox investisiyasının təşviq edilməsi daxildir.

Həmçinin turizm təhsili və təlimi proseslərini daha da inkişaf etdirmək və təkmilləşdirmək də tövsiyələr sırasındadır. Biz bütün üzv dövlətlərini turizmin davamlı və məsuliyyətli inkişafını təmin etməyə çağırırıq və atacaqları addımları dəstəkləyəcəyimizi bildiririk", - Z.Pololikaşvili qeyd edib.

Onun sözlərinə görə, UNWTO kənd turizminin inkişafına yönəlmiş təşəbbüsləri güclü şəkildə dəstəkləyir.

“Son illərin ən mühüm inkişaflarından biri nisbətən yeni istiqamət olan rəqəmsal köçərilikdir. Rəqəmsal transformasiyanın təsiri texnologiyanın turizm təcrübəsinə inteqrasiyası, virtual turlar və kontaktsız xidmətlərin daha çox rol oynadığı fərdiləşdirilmiş və texnologiyaya əsaslanan səyahət ilə nəticələnə bilər”, - deyə UNWTO Baş katibi vurğulayıb.

O bildirib ki, turistlərin seçimləri axıcı və bir çox amillərdən asılı olaraq dəyişkən ola bilər: "Turizm sektorunda maraqlı olan tərəflər üçün bazar tendensiyalarını daim izləmək və öz təkliflərini bazara uyğunlaşdırmaq vacibdir".

Zurab Pololikaşvili ilə müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.



REKLAM