Qobustan Xəstəxanasına yeni direktor təyin edilib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.
Sehiyye.info xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Xəstəxananın direktoru vəzifəsi İmran Qurbanova həvalə olunub.
Bu gün TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov İmran Qurbanovu kollektivə təqdim edib.
1985-1991-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb və universiteti fərqlənmə ilə bitirib.
İ.Qurbanov 1992-1993-cü illərdə “N” saylı hərbi hissənin tibb bölüyünün baş ordinatoru, 1993-1994-cü illərdə “N” saylı hərbi hissənin tibb bölüyünün komandiri və baş cərrahı, 1994-1997-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah Poliklinikasının Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışıb.
O, 1997-2021-ci illər ərzində Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında şöbə müdiri, baş həkimin cərrahiyyə işləri üzrə müavini kimi fəaliyyət göstərib.
2021-ci ildən hazırkı təyinatınadək TƏBİB-in Koordinasiya şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb. İ.Qurbanov Amerika Birləşmiş Ştatlarında, Türkiyədə və s. ölkələrdə keçirilən ixtisasartırma kurslarında olub və bir çox konfranslarda iştirak edib.
İ.Qurbanov Azərbaycan Respublikasının Prezidenti adından “Azərbaycan ordusu” yubiley medalı, “Vətən Müharibəsi Veteranları” İctimai Birliyi tərəfindən “Milli ordu-100”, “Müharibə Veteranı”, “Böyük Zəfər” medalları, Respublika Həmkarları İttifaqı tərəfindən isə “Fəxri Fərman” ilə təltif edilib.//xezerxeber