sehiyye.info

Onkoloji xəstəliyə qalib gəlmək üçün hansı qidalar vacibdir?

Onkoloji xəstəliyə qalib gəlmək üçün hansı qidalar vacibdir?
Onkoloji xəstəliklərin nəinki dünyada, ölkəmizdə də getdikcə çoxalması ilə bunlarla bağlı müəyyən müzakirələr doğurur. Əlçatan müalicə, əməliyyatdan öncəki və sonrakı proseslər, fəsadların aradan qaldırılması həm xəstələrin özləri, həm də yaxınlarını müxtəlif mənbələrdən məlumat toplamağa vadar edir.

Vacib məsələlərdən biri də onkoloji əməliyyatlardan sonra pasiyentlərdə arıqlama, çəkinin sürətlə itirilməsidir. Mövzu ilə bağlı Oxu.Az radioloq-onkoloq və nutrisioloqla həmsöhbət olub.

Xəstələr əməliyyatdan sonra niyə arıqlayırlar?

Radioloq-onkoloq, professor Berfin Pehlivan qeyd edir ki, onkoloji əməliyyatdan sonra metabolik ehtiyac artır; bədəndə sistemli iltihablı reaksiya meydana gəlir və mənfi enerji balansı üstünlük təşkil edir, bu da arıqlamağa səbəb olur:

- Əməliyyat olunan xəstələrdə cərrahi ağırlaşmaları minimuma endirmək məqsədi ilə yaradılmış qabaqcıl postcərrahi bərpa proqramı mövcuddur. Bu proqram protokolunda aclıqdan qaçınmaq, əməliyyatdan əvvəl maye və karbohidrat qəbul etmək və əməliyyatdan sonrakı ilk gündən pəhrizə başlamaq arıqlamanın qarşısını almaq üçün vacib amillərdəndir.



- Belə xəstələr qidalanma zamanı nələrə diqqət etməlidirlər?

- Şişin növündən, mərhələsindən və lokalizasiyasından asılı olaraq, ayrı-ayrı onkoloji əməliyyatlar xəstələrin qidalanma vəziyyətinə müxtəlif yollarla təsir göstərir. Məsələn, qastrektomiya (mədənin tam çıxarılması – red.) erkən doyma, həzm pozğunluğu, udma pozğunluğu və bakteriyaların çoxalması kimi təsirlərə və ya onikibarmaq bağırsaqda səth itkisi, dəmir, B12 vitamini, kalsium, yağ, amin turşuları və karotinin udulmasının pozulmasına səbəb ola bilər.

Xəstəyə xas olan qeyri-kafi qida qəbulunun müxtəlif səbəblərini nəzərə alaraq qidalanma planı yaradılmalıdır. Bu planda kifayət qədər qida qəbulu mümkün deyilsə, enteral (maye formasında qidanın mədə və ya bağırsağa əlavə vasitələrlə yeridilməsi – red.) qidalanma planı tətbiq oluna bilər. Xərçəng xəstələrinin zülal və enerji ehtiyacları artır. İnsanın yaşı, çəkisi, boyu və müalicəsi nəzərə alınaraq gündəlik enerji və zülal ehtiyacı müəyyən edilməli, az karbohidratlı pəhriz tətbiq edilməlidir.

- Onların xəstəlikdən əvvəlki yaşamlarına qayıtmaları mümkündürmü?

- Doğru müalicə, sağlam qidalanma və güclü psixologiya ilə xəstələr minimal çatışmazlıqlarla köhnə həyatlarına qayıda bilərlər.

- Xəstənin suya olan ehtiyacı necə qarşılanmalıdır? Çox su içmək yenidən arıqlamağa səbəb olmazmı?

- Gündəlik su sərfi normal çəkidə kiloqram başına 30-35 ml olmalıdır. Həddindən artıq su istehlakı ani iştahasızlığa səbəb ola bilər, lakin bu, su içməmək üçün bir səbəb olmamalıdır. İnsan suyu yuxarıda göstərdiyim qədər gün ərzində içməli və yemək saatlarında sudan uzaq durmalıdır ki, iştahasızlıq yaratmasın.

Onkoloji xəstələr nəyi və nə qədər yeməlidirlər?

Nutrisioloq Esin Başkaya onkoloji xəstəlikdən əziyyət çəkən şəxslərin sırf hansı qida məhsullarından istifadə etmələri barədə tövsiyələrini verib:



- Onkoloji xəstələr hansı qidalardan daha çox istifadə etməlidirlər?

- Xərçəng xəstələri ilk növbədə təbii, emal edilməmiş və kənd təsərrüfatında istifadə olunan kimyəvi qalıqları olmayan qidalardan istifadə etməlidirlər. Bundan əlavə, araşdırmalar göstərir ki, xərçəng xəstələri müalicə prosesində ən çox uğuru aşağı karbohidratlı, ketogenik pəhrizlə əldə edirlər. Bunları nəzərə alaraq, xərçəng xəstələri daha çox nişastasız tərəvəzlər, sağlam yağlar və təbii yetişdirilmiş heyvanlardan alınan məhsullardan istifadə etməlidirlər.

- Hansı karbohidrat tərkibli qidaları tükətməyə icazə verilir – çörək, kartof və s.?
- Tərkibində karbohidrat olan qidalar xərçəng xəstələrinə tövsiyə edilmir. Bu qrupa kartof kimi nişastalı tərəvəzlər, noxud kimi paxlalılar və meyvələr daxildir. Xərçəng xəstələri az olmaq şərti ilə mərsin, moruq və böyürtkən kimi dağ meyvələri yeyə bilərlər.

- Onkoloji xəstələrə daha çox zülal tükətmək tövsiyə edilir: bunlar yalnız ət və ət məhsullarıdır, yoxsa hansısa digər məhsullardan da zülal almaq mümkündür?

- Bitki mənşəli zülallar paxlalılar, taxıllar, qoz-fındıq və toxumlarda olur. Ancaq bu qidaların tərkibində zülallarla yanaşı, karbohidratlar da var. Bitki mənşəli zülallar sağlam insanlar üçün tövsiyə oluna bilər, lakin tərkibində həm də karbohidrat olduğu üçün xərçəng xəstələrinə tövsiyə edilmir. Xərçəngin müalicəsi zamanı ketogenik pəhrizə uyğun olması üçün yanmadan bişirilmiş, yəni orta bişmiş heyvan mənşəli proteini tövsiyə edirik.

- Basdırma, kolbasa və s. kimi çox ədviyyatlı ət məhsulları tükətmək olarmı?

- Emal edilmiş ətlər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 1-ci qrup kanserogen kimi təyin edilib. Bu qrupa siqaret də daxildir. Xərçəng xəstələrinə heç bir halda işlənmiş ət tövsiyə oluna bilməz.

- Bəs qırmızı, yoxsa bəyaz ət daha çox tükədilməlidir?

- Qırmızı ətdə ağ ətdən daha çox yağ və xolesterol var. Bu səbəblə ürək sağlamlığına diqqət etməsi gərəkən fərdlər daha çox ağ ətə yönələ bilərlər. Bundan əlavə, hər iki ətin həddən çox bişirilməsi, yandırılması onda kanserogen maddələrin əmələ gəlməsinə səbəb olur. Həm qırmızı, həm də ağ əti yandırmadan istehlak etmək, xolesterin səviyyəsinə diqqət yetirmək, lazımdırsa, ağ ətin seçilməsi xərçəng xəstələrinin diqqət etməli olduğu məqamlardır.

- Qidada hansı yağlardan istifadə etmək olar, hansılar isə qəti qadağandır?

- Yeməkdə zeytun yağı istifadə edilməli, lakin o, yüksək temperaturda qızdırılmamalıdır. Yeməklər mümkün qədər suda bişirilməli və sonradan zeytun yağı əlavə edilməlidir. Xolesterol narahatlıq doğurmursa, təbii kərə yağı da istifadə edilə bilər. Marqarin kimi transyağlar; günəbaxan, qarğıdalı kimi qızartma yağları heç vaxt istifadə edilməməlidir.

- Onkoloji əməliyyat keçirmiş xəstələrə hansı tərəvəz, göyərti və meyvələri yemək məsləhət görülür?

- Qabaq, badımcan, yaşıl lobya kimi tərəvəzlər, ispanaq, şüyüd, cəfəri, pərpətöyün kimi göyərtilər, qaragilə, moruq kimi meşə meyvələri tövsiyə oluna bilər. Tərəvəzləri bişirmək həzmi asanlaşdırmaq üçün vacibdir.

- Sitrus meyvələrinin bir ziyanı yoxdur ki?

- Sitrus meyvələrindən, məsələn, qreypfrut dərmanların təsirini dəyişə biləcəyi üçün həkimə müraciət edərək istehlak edilə bilər. Portağal və naringi kimi meyvələr tərkibində şəkər olduğu üçün xərçəng xəstələrinə tövsiyə edilmir. Limon su ilə qarışdırıla bilər və ya arzu olunarsa, salatlarda istifadə edilə bilər.

- Qazlı su içmək olarmı?

- Qazlı içkilər təbii və ya süni ola bilər. Xəstəni narahat etmirsə, təbii mineral suya üstünlük verilə bilər. Süni yolla əldə edilən qazlı, şirinləşdirilmiş kimi içkilər tövsiyə edilmir.

- Çay, qəhvə kimi içkilər onkoloji əməliyyat keçirmiş xəstələrə olarmı?

- Onkoloji əməliyyatdan sonra xəstənin prioriteti adekvat qida və maye qəbulu olmalıdır. Çay və qəhvə sidikqovucu təsir göstərərək bədəndə maye itkisinə səbəb ola bilər. Bu səbəbdən onların istehlakı məhdudlaşdırılmalıdır. Maye ehtiyacı su ilə qarşılanmalı, çay və qəhvə istehlak edilməməlidir.//oxu.az



REKLAM