Şəhid və qazi övladları üçün pulsuz tibbi aksiya - FOTO

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında bü gündən etibarən tibbi aksiya başlayıb.
Sehiyye.info xəbər verir ki, 3 gün davam edəcək aksiya çərçivəsində uşaqların müayinəsi həyata keçiriləcək, müalicələr təyin ediləcək.
Aksiya zamanı şəhid və qazi ailələrinin övladları üçün müayinə pulsuz olacaq. Digər uşaqlar üçün isə yalnız pediatrik müayinə ödənişsizdir.
39 manatlıq pediatrik “check-up” paketinə qanın ümumi müayinəsi, sidik analizi, ultratomoqrafiya müayinəsi daxildir.
Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri və Tədris Terapevtik Klinikada uşaq sağlığı və xəstəlikləri şöbəsinin müdiri Qoşqar İsmayılov Bakupost.az -a açıqlamasında aksiyanın Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası, Azərbaycan Pediatrlar Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçirildiyini bildirib:
"Bu aksiya çərçivəsində 3 gün ərzində şəhid və qazi ailələri, internatda oxuyanlar və digər uşaqlar müayinələrdən keçə bilərlər. Onlara həkimlərimiz tərəfindən yüksək səviyyədə xidmət göstəriləcək. İnsanların bu aksiyaya böyük marağı var. Artıq xeyli sayda adam bu gün üçün müayinəyə yazılıb. Bu gün bayram olduğu üçün hamı aksiyaya qatıla bilmir. Sabah və birisi gün daha çox müraciət ediləcəyini gözləyirik”.
Qazi anası Nəsibə Xatiyeva da aksiya ilə bağlı təəsüratlarını Bakupost.az -a bölüşüb:
“Çox gözəl müayinə edirlər. Həkimlərə bu aksiyaya, uşaqlara diqqət və qayğı göstərdiklərinə görə təşəkkür edirəm. Belə tədbirlər çox olsa, yaxşıdır. Hamımız istəyirik ki, uşaqlarımız sağlam olsun”.
Aksiyadan yararlanan paytaxt sakini Orxan Novruzov isə deyib:
"Bu cür tədbirlərin çox olmasını arzulayırıq. Keyfiyyət, yoxlama və qarşılanmadan həqiqətən razı qaldım. Bu gün həmçinin, uşaqlar üçün əyləncə də təşkil olunub. Uşaqlar həm sevindi, həm də müayinə olundu".
Qeyd edək ki, aksiyada uşaqlar üçün əyləncə proqramı və şirniyyat süfrəsi təşkil edilib.//bakupost