Boşanmalar niyə artır? - "Kişilər üçün sığınacaq yaradılmalıdır" - Açıqlama
“Azərbaycanda demokratik ailə modeli geniş yayılmayıb. Ailələrdə kişi hegemonluğu, onun qərar qəbul etməkdə daha çox iştirakı boşanmaya səbəb olur. Qadınların sosial mühitdə aktivləşməsinə kişilərin reaksiyası, evləndikdən sonra hüquqi statuslarının tanınmaması, psixoloji və fiziki zorakılığa məruz qalması, qazancının əlindən alınması da əsas faktordur”.
Sehiyye.info xəbər verir ki,bu sözləri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehiban Zeynalova Bakupost.az -a boşanma hallarının artması ilə bağlı açıqlamasında qeyd edib.
O, boşanmaya səbəb olan bir sıra amilləri sadalayıb:
“Burada səbəblər çoxdur. Ümumi qloballaşma da ailə və münasibətlərə kifayət qədər təsir göstərir. Sosial probemlər də xüsusi rol oynayır. Sosial şəbəkələr, münasibətlərdə dözümsüzlük, etibarsızlıq, qısqanclıq da səbəblər sırasındadır. Gender bərabərsizliyi də burada əsas rol oynayır. Ailə büdcəsinin birgə idarə edilməməsi, uşaqların tərbiyəsində yanlız qadının iştirakı və s. buna misal ola bilər. Əsas səbəblərdən biri də erkən evliliklər, eyni zamanda, valideynlərin, qohumların, qonşuların ailədaxili məsələlərə müdaxiləsidir”.
M.Zeynalova həll yolu olaraq bir neçə təklif irəli sürüb:
“İndiki ailələr keçid dövründədir. Çünki hazırda qadınların sosial mühitdə rolu artıb. Kişilər münasibətlərində bu məsələyə qarşı reaksiyalarını tənzimləyə bilmirlər. Ona görə də gender mərkəzləri olmalıdır. Qadınlar problemlərini danışıb psixoloji dəstək almalıdırlar. Bu, evliliklərə müsbət təsir göstərə bilər. Həmin mərkəzlərin mütəxəssisləri də stereotiplərdən kənar insan olmalıdır. Boşanma müddətində ailələrin sosial və psixoloji durumlarına nəzarət edilməlidir. Kişilərin davranışı, düşüncəsini dəyişmək üçün proqramlar olmalıdır. Ümumiyyətlə, bərabərlik yaradılmalıdır. Qadınlar üçün sığınacaq və mərkəzlər olduğu kimi, kişilər üçün də olmalıdır”.
Qeyd edək ki, “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət" mövzusunda keçirilən konfransda boşanma halları ilə bağlı statistika açıqlanıb.
Belə ki, 2021-ci ildə 56 314 nikah, 17 191 boşanma olmuşdusa, 2022-ci ildə isə 61 939 nikahdan 15 983-ü pozulub.
Konfransda bildirilib ki, boşanma prosesləri daha çox mülki məsələlər üzərində gedir və burada uşağın vəziyyəti nəzərə alınmır.