sehiyye.info

Gülər Əhmədova: “Sperm donorluğu rəsmi faciədir, dəhşətlidir!”

Gülər Əhmədova: “Sperm donorluğu rəsmi faciədir, dəhşətlidir!”
Sabiq deputat Gülər Əhmədova Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanovun “surroqat ana” və sperm donorluğu ilə bağlı məsələnin gələcəkdə "Reproduktiv sağlamlığın qorunması haqqında” qanuna daxil edilə biləcəyi ilə bağlı fikirlərinə münasibət bildirib.

Sehiyye.info xəbər verir ki,G.Əhmədova Pravda.az-a açıqlamasında məsələyə etiraz edib.

Sabiq deputat deyib ki, əslində bu gün də “surroqat ana” proqramı tətbiq olunur: “Rəsmi şəkildə təsdiqlənməsə də, praktikada bundan istifadə edirlər. Tutaq ki, sperm donorluğu edən bir kişinin spermasından on qadını mayalandırırlar. Nəticəsi nə olur? Doğulan uşaqlar bacı-qardaş olurlar. Uşaqlardan biri Əhmədlidə, biri Nərimanovda, digəri Yasamalda yaşayır, üstündən iyirmi il keçəndən sonra həmin uşaqlar təsadüfən məktəbdə, universitetdə, kafedə qarşılaşırlar, bir-birilərini sevirlər, evlənirlər... Təsəvvür edin, bacı-qardaş evlənir. Axı atadan bir olurlar. İndi necə başa düşürsünüz, bu, nə dərəcədə doğru addımdır? Sperm donorluğu edən kişinin mayalandırdığı on qadından heç biri deyə bilməz ki, mənim donorum başqa neçə qadının donoru olub. Günahdır! Bacı-qardaşın evlənməsi nə deməkdir? Bunun izaha ehtiyacı yoxdur”.

Gülər Əhmədova bildirib ki, Azərbaycan cəmiyyətinin gələcəkdə bunu qəbul edib-etməyəcəyinə bir söz deyə bilməz, amma özü belə şeylərin tam əleyhinədir: “Tanıdığın ailədən övladlığa uşaq götürəsən... “Uşaq evi”ndən övladlığa götürməklə bağlı problemlər var. Bəzən genetik xəstəliklər olur, amma uşağa baxırsan ki, çox gözəldir. Yaşı artıqca uşaqda problemlər üzə çıxır. Həkim müayinəsindən sonra məlum olur ki, bu, nəsildən gələn xəstəlikdir. Belə halda, uşağı himayəsinə götürən valideynlərin də problemləri yaranır. Məcbur qalırlar ki, xəstə uşaqla həyatlarına davam etsinlər. Başa düşürəm, Allahın işidir, amma belə hallar olur. Amma sperm donorluğu rəsmi faciədir, dəhşətlidir. Bu, həm insanlığa hayqırıdır, həm də Allaha. Çox böyük günahdır. Bir sözlə, zinadır. Bacı-qardaşın evlənmək şansı nə qədər çoxalır, özünüz fikirləşin. Belə bir qanuna getsələr... Öz təcrübəmdən bilirəm, bu qanunları bizə diktə edən Avropadır. Avropa bütün yollarla çalışır ki, bizim kimi çox güclü genefondu olan xalqların genefondunu zədələsin, onları yer üzündən silsin. Bizim genefondumuz çox güclüdür, bunun tarixini bilirəm... Bütün millət vəkillərindən, hörmətli akademikimizdən xahiş edirəm. “Surroqat ana” və sperm donorluğu böyük günah olmaqla yanaşı, həm də böyük cinayətdir, insesdir. Qanun qəbul edilsə, heç “surroqat ana” məsələsini də gizlətmək olmayacaq. Azərbaycan kimi ovuc boyda kiçik bir ölkədə eyni donordan dünyaya gələn uşaqların bir-biriləri ilə evlənmək şansları çox böyükdür. Bunun sonrasını da hər kəs yaxşı bilir...”



REKLAM