Evimizə daşınan şübhəli içməli sular - Kim nəzarət etməlidir?
Space" telekanalında aparıcı Elçin Əlibəylinin verilişində maraqlı bir məsələyə toxunulub. Son illərdə müxtəlif şirkətlər evlərimizə su daşıyır. Kimisi üzərinə "Bulaq suyu" yazır, kimisi "Kəhriz suyu" və s...
Verilişdə belə bir iddia səsləndi ki, bu suların əksəri əslində ölü - qara sudur, heç bir minerallığı, sterilizasiyası yoxdur, bəziləri hətta təhlükəlidir. O baxımdan ki, əksər şirkətlərin daşıdığı bu su elə Ceyranbatan anbarının, yəni evlərə kəmərlə verilən sudur, onu filtrasiya edib, qablaşdırıb mineral su adı ilə baha qiymətə satırlar.
Digər tərəfdən, həmin plastik qablar birdəfəlik deyil, dəfələrlə doldurulur, istifadə edilir, həmçinin saxlanma, qablaşdırılma şəraitinə nəzarət də yoxdur.
Su insan sağlamlığı üçün başlıca məsələdir, yeməkdən, qidadan da öncə içdiyimiz suyun keyfiyyəti sağlamlığımıza birbaşa təsir edir.
Bəs bu şirkətlərin fəaliyyətinə kim nəzarət etməlidir? İstənilən fiziki şəxs bir neçə maşın alıb, suyu qablaşdırıb evlərə daşıyırsa, ona etibar edə bilərikmi?
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov mövzu ilə bağlı "Yeni Müsavat"a deyib ki, ölkədə su biznesinə nəzarət demək olar ki, yoxdur:
"Əgər biz xəstəliklərimiz barədə düşünürüksə, bilməliyik ki, bunun cavabı bədənimizi 85 faiz təşkil edən sudadır. Bir neçə il öncə primitiv üsulla 12 suyun ekspertizasını etdim və nəticəni mediaya açıqladım. Buna görə bir həftənin içərisində 3 dəfə məhkəməyə verildim. Mənə dedilər ki, "sən bilirsənmi nə barədə danışırsan, bu, zarafat deyil, hər şeydən, hətta neftdən belə bahalı bir məsələdir. Suyun mahiyyətinə enmək, hansı adama, hansı su lazım olduğunu bilmək üçün 300-ə qədər araşdırma aparmaq lazımdır.
Hələ heç bir elm sübut etməyib ki, hansı gen quruluşuna malik olan insan hansı suyu içməlidir. Bir mineral tərkibli su növü bir ailənin 3 üzvü üçün uyğun, digər 2-si üçün uyğun olmaya bilər. Suyun bu ilahiliyindən, qeyri-adiliyindən istifadə edərək, su biznesi ilə məşğul olan insanlar istehlakçıları geniş şəkildə aldadırlar. Heç kəs deyə bilməz ki, hansı su təmizdir və yaxud hansı insan üçün xeyirlidir. Daha bir məsələ, əmtəə bazarında biz həm yarım litri 40 qəpiyə, həm də litri 10 manata satılan sular müşahidə edirik. İstehlakçılar məndən soruşurlar ki, əgər bu sudursa, niyə litri 10 manata satılır? Yəni su öz qiyməti, keyfiyyəti ilə təzadlı bir maddədir. Bu təzadlıqdan, bu ilahilikdən su biznesi ilə məşğul olanlar sui-istifadə edirlər. Heç kəs deyə bilməz ki, satılan su təmizlənib, ya krandan doldurulub.
Deyə bilərəm ki, ölkədə suya olan nəzarət "sıfır" vəziyyətindədir. Qida Təhlükəsizliyi Agentliyi qidanın, o cümlədən suyun yalnız təhlükəsizliyini təmin edir, keyfiyyət məsələsi isə illərdir ki, masanın üzərində qalıb. Bununla, ümumiyyətlə, heç bir aidiyyəti qurum məşğul olmur, istehlakçı hüquqları arxa plandadır. "Kim kimi aldadır aldatsın", kapitalizm cəmiyyətinin ən mənfur aksiomu həyata keçirilir. Ola bilsin ki, müəyyən şirkətlər evlərə daşınan 20 litrlik qablardakı suyu kranlardan yığır, ya qarışıq yığır, ya da, ümumiyyətlə, təmizləmir. Bu, ölkədə açıq qalmış məsələdir. Bir dəfə də görməmişik ki, ölkədə olan laboratoriyalar bu istiqamətdə hansısa araşdırma aparsın".
Eyyub Hüseynov suların plastik qablarda qablaşdırılmasının insan orqanizmi üçün ziyanı haqda da danışıb:
"Plastik qablarda qablaşdırılmış sular isti havada artıq təhlükəli hala keçir. Belə ki, xüsusən nisbətən əzilmiş, çökmüş plastik qabların tərkibində olan kimyəvi maddələr suyun tərkibinə miqrasiya edir ki, bu da insanların sağlamlığına öz mənfi təsirini qoyur. Bu baxımdan, tövsiyə edirəm ki, eyni suyu daim içməsinlər. Mən özüm bəzən krandan, bəzən bulaq suyu, bəzən isə butulkalarda qablaşdırılmış təmizlənmiş su içirəm.
Bəzən biz suların üzərində çağırışlar görürük, məsələn, "ekoloji baxımdan təmiz", "filan xəstəliklərə faydalı" və sairə. Belə çağırışlara inanmaq lazım deyil. Çox yaxşı olar ki, suyun etiketində onun mənbəyi göstərilsin. Bu, qanunvericilikdə də öz əksini tapıb. Yəni qeyd olunmalıdır ki, su haradan gətirilir. Bununla belə, etiketdə yazılanlara da inanmaq olmaz ki, həqiqətən su həmin yerdən gətirilir, ya yox. Bir sözlə, su biznesinə heç kim tərəfindən nəzarət olunmur".
Mütəxəssislər bildirir ki, qida məhsullarının qablaşdırılmasında istifadə olunan plastik qablardan toksiki xassəli kimyəvi maddələr qidaya miqrasiya edə bilər. Bunlar bilavasitə plastiklərin istehsalı prosesində yaranan və xammaldan gələn maddələrdir. Çünki plastik materialların əksəriyyəti yüksək temperatur şəraitində və neftin təkrar emal məhsullarından alınır. Bu da plastiklərdə sağlamlığımız üçün təhlükə yarada bilən zərərli kimyəvi maddələrin yaranmasına gətirib çıxarır. Belə maddələrə ağır metallar, ftalatlar, plastik monomerlər, bisfenol A və sairi misal göstərmək olar. Odur ki, plastik qablarda qablaşdırılan qida və içkilərin uzun müddət günəş şüaları altında saxlanılması belə maddələrin qidaya miqrasiyasına əlverişli şərait yaradır. Nəticədə belə məhsullardan uzun müddət istifadə insan sağlamlığına mənfi təsir göstərir. Bu baxımdan, plastik qablarda qablaşdırılan qida və içkilərin uzun müddət günəş şüaları altında saxlanılması yolverilməzdir.
Həmçinin içməli suların qablaşdırıldığı materiallar düzgün seçilmədikdə, saxlanma şəraitinə əməl edilmədikdə və ya istifadə edilən material təkrar emal edildikdə həmin materiallardan kimyəvi-toksikoloji maddələr suyun tərkibinə nüfuz edir. Qablaşdırılma materiallarından suya keçən toksikoloji maddələrin uzun müddət qəbulu daxili orqanlarda və mərkəzi sinir sistemində ciddi fəsadlara səbəb olur. Dezinfeksiya, filtrasiya və qablaşdırma proseslərinə düzgün riayət edilməməsi suyun tərkibində olan mineralların böyük qisminin itirilməsinə, eyni zamanda rəng, dad, qoxu və turşuluq kimi keyfiyyət göstəricilərinin mənfi yöndə dəyişməsinə səbəb olur.
Bəs qablaşdırılmış suları alarkən nələrə diqqət etmək lazımdır?
Mütəxəssislər bildirir ki, qablaşdırılmış suları alarkən uyğun şəraitdə saxlanıb-saxlanmadığına diqqət edilməlidir. Sular istehsalat şəraitində uyğun şərtlər altında qablara doldurulmalı, daha sonra saxlanma şərtlərinə və ən sonda suların satışı zamanı müvafiq şərtlərə əməl olunmaqla məhsulların satışı həyata keçirilməlidir.
Bu zəncirin hər hansı bir hissəsində baş verən qırılma sonda təhlükəli məhsulun istehlakçıya qədər çatmasına gətirib çıxara bilər. İstənilən qida məhsulu kimi, qablaşdırılmış suların da saxlanılma şərtlərinə əməl olunmaqla saxlanılması və daşınması həyata keçirilməlidir. Qablaşdırılmış sular sərin, təmiz, quru və qoxusuz şəraitdə saxlanılmalıdır. İstehlakçılar məhsulu alarkən plastik və ya şüşə butulka üzərində əks olunmuş istehsal və son istifadə tarixlərinə xüsusi diqqət etməlidirlər. Həmçinin qablaşma üzərində olan etiketdə qeyd edilən adla qapaq üzərindəki ad eyni olmalı, qapağın möhkəm bağlanıb-bağlanmamasına xüsusi diqqət edilməlidir. Plastik qablaşdırılmış suları mümkün qədər şüşə qablaşma ilə əvəz etməkdə, ev şəraitində soyuducularda su saxlayarkən də buna əməl etməkdə fayda var.
Milli.Az