Professor: “Antibiotiklərin reseptsiz satışı qadağan edilməlidir”
Hesab edirəm ki, antibiotiklərin vətəndaşlara reseptsiz satışı birmənalı olaraq qadağan edilməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Azərbaycanda geniş yayılan virusların ev şəraitində müalicəsindən danışarkən deyib. Professor bildirib ki, bu gün dünyada pandemiya bitməyib:
"Dünya Səhiyyə Təşkilatının bununla bağlı ortada raportu yoxdur. Digər tərəfdən biz xatırlasaq, pandemiya öncəsi həmişə soyuqdəymə xəstəlikləri olub. İstər qrip, istərsə də koronavirusun 4 forması, hansı ki, hər il mövsümü soyuqdəymə xəstəlikləri törədib. Rina və digər respirator infeksiya törədən viruslar daim bu cür mənzərə göstərir. Ondan başqa da nəzərə alsaq ki, bu gün Rusiyada və Ermənistanda donuz qripi yayılıb və bu rəsmən elan olunub, Azərbaycanda da onun olma ehtimalı yetərincədir. Sadəcə olaraq rəsmi məlumat ortada olmadığından biz bir fikir deyə bilmirik. Virusların identifikasiyası laboratoriya şəraitində olmalıdır və rəsmən rəsmi qurumlar tərəfindən elan edilməlidir. Təəssüflər olsun ki, bu yoxdur”.
Virusa yoluxanlara ilkin tibbi yardım üçün nə lazımdır?
Professor bildirib ki, xəstələnən şəxs koronaviris pandemiyası dövründəki vərdişlərdən yararlanmalıdır:
"Maska taxmalı, məsafə gözləməli, evdə özünə ayrıca bir otaq ayırmalıdır, tez-tez əllərini yumalıdır ki, başqalarını yoluxdurmasın. Qızdırma olarsa, "Parasetamol” atmalı və gün ərzində çoxlu maye qəbul etməlidir. Özbaşına antibiotiklərin qəbul edilməsi məqsədəuyğun deyil. Bu, ən zərərli tendensiyadır. Hansı ki, keçmiş sovet məkanında da bu var, Azərbaycanda da davam edir. Hesab edirəm ki, antibiotiklərin vətəndaşlara reseptsiz satışı birmənalı olaraq qadağan edilməlidir. Antibiotiklərin yan təsiriləri var və o virusa təsır etmir. İnsanlar düzgün rejim gözləməlidir. Xəstəliyi bayırda deyil, yataqda keçirsələr, bir neçə gündən sonra xəstəlik səngiyir və bir həftəyə yaxşılaşır”.
Bəs, xəstəliklər niyə ağırlaşır?
Adil Qeybulla deyir ki, insanlar rejimi gözləmir, təkrar soyuqdəyməyə məruz qalırlar:
"İnsanlara müyyən reseptlər verilməli, tövsiyələr edilməlidir, izahlar aparılmalıdır ki, xəstələnəndə onlara əməl eləsinlər”.