sehiyye.info

Yod orqanizm üçün çox önəmlidir.

Yod orqanizm üçün çox önəmlidir.

İnsan orqanizmində 25 milliqram yod var, onun 15 milliqramı qalxanvarı vəzdə, qalan hissəsi əsasən qaraciyər, böyrək, dəri, tük və dırnaqlardadır.

Sehiyye.infoxəbər verir ki, yod orqanik və qeyri-orqanik birləşmələr və ya havada sərbəst şəkildə ola bilir. Yod atmosfer yağıntıları vasitəsilə torpağa və suya keçir. Bu mikroelementin funksiyası qalxanvarı vəzin hormonlarının sintezini tənzimləməkdir. Böyük insanın sutkalıq yoda tələbatı 100-150 mikroqramdır. Orqanizmdə yod çatışmazlığı endemik ur, hipotireoz, baş-beynin funksiyasının pozulması, yaddaş, eşitmə və görmə qabiliyyətlərinin zəifləməsi, apatiya, konyunktivit, qəbizlik, dəri və selikli qişalarda quruluqlar, arterial təzyiqin azalması, ürəkdöyünmənin zəifləməsi, saçın tökülməsi, enerji çatışmazlığı kimi fəsadlar yaradır.

Yod qalxanabənzər vəzin hormonlarının tərkibinə daxildir. Bu mikroelement tərkibli hormonlar boy, inkişaf, enerji və istilik mübadiləsini tənzimləyir, yağların, zülalların, karbohidratların oksidləşməsini artırır. Bu hormonlar xolesterinin parçalanmasını aktivləşdirir, ürək-damar sisteminin funksiyasının tənzimlənməsində iştirak edir, mərkəzi sinir sisteminin inkişafı üçün vacibdir.

Yod biostimulyator və immunostimulyatordur, qanın laxtalanması və trombun əmələ gəlməsinə mane olur. Yodla zəngin olan qida məhsulları dəniz kələmi, feyxoa, treska balığı, yodlaşdırılmış duz, lobya, ət, yumurta, buğda unu, kələm, yağ, qaraciyər, çuğundur, kök, süd və kartofdur. Bu mikroelement tərkibli preparatlardan fərqli olaraq dəniz kələmində olan orqanik yod yaxşı həzm olunur və uzun müddət orqanizmdə qalır.

Yodun orqanizmdə çoxluğunun əlamətləri ağız suyunun artması, selikli qişada şişkinlik, göz yaşarması, səpki və zökəmlə müşahidə edilən allergik reaksiya, ürəkdöyünmə, əsnəmə, əsəbilik, yuxusuzluq, tərləmənin artması, ishal hallarıdır. Qeyd etmək lazımdır ki, selenin defisiti yod azlığına da səbəb ola bilər. Beləliklə, yod defisiti ilə mübarizə zamanı selen defisiti və onu əmələ gətirən səbəblərlə də mübarizə etmək lazımdır.
Qeyd edək ki,yod aşağıdakı məhsullarda daha çoxdur.
Dəniz məhsulları - qırmızı və qəhvəyi yosunlar (kelp), halibut, treska, siyənək, karides, mezgit balığı, dəniz duzu, qabıqlı balıqlar, sardina;
yodlaşdırılmış duz;
mal əti qaraciyəri, yumurta, süd;
soğan, turşəng, ağ kələm, yerkökü (yodla zəngin torpaqda yetişdirildikdə)



REKLAM