sehiyye.info

"Uduzan, əzab çəkən, dərman ala bilməyən və Allahın ümidinə qalan yenə bədbəxt xalq olur"

"Uduzan, əzab çəkən, dərman ala bilməyən və Allahın ümidinə qalan yenə bədbəxt xalq olur"
DƏRMAN PREPARATLARININ QİYMƏTİ CİDDİ NARAHATLIQ DOĞURUR (problemin səbəb və tənzim mexanizmi haqqında)


Hazırda Dünyada 650 original dərman maddəsi (molekul) və 200 mindən çox müxtəlif farmaseptik dərman formaları şəklində qeydiyyata alınmış dərman preparatı vardır.

Dünyada öz tələbatını ödəyəcək miqdarda dərman preparatı istehsal edən ölkə yoxdur. Bu cəhətdən qibtə ediləsi yeganə ölkə Yaponiyadır ki, o da təlabatını yalnız 80% təmin edir. ABŞ təlabatının 45%, Latın Amerkası ölkələri birlikdə 20%, Afrika ölkələri isə, 10%-i qədər dərman preparatı istehsal edir. Rusiya öz xammalı hesabına, təlabatının yalnız 10%-i qədər dərman preparatı istehsal edir. Bəzi istisnalar nəzərə alınmazsa, əksər ölkələrdə öz xammalı hesabına dərman istehsalı yoxdur və ya çox kiçik faiz nisbətindədir. Odur ki, dərman idxalı, tək Bizim ölkə üçün deyil, bütün dövlətlər üçün qaçılmazdır.

Bunları ona görə yazıram ki, Azərbaycan dərman istehsal etməlidir, buna görə zavodlar tikilməlidir, Dövlət bu məsələyə xüsusi diqqət göstərməlidir və s. deyənlər, əsil həqiqəti bilsin. Belə zavodlar tikilsə belə, dərmanların hazırlanması üçün substansiyalar xaricdən gətirilməlidir. Substansiyaların alınma və daşınma xərcləri nəzərə alınarsa, bu halda dərman preparatlarının qiymətinin aşağı olacağını düşünmək mənasızdır.

Məlumdur ki, dərmanlar əsasən milliqramlarla dozalanır. Odur ki, vahid dərman substansiyasından 10-1000 və daha artıq təsir vahidi dozada dərman preparatı alınır. Bu cəhətdən, xüsusən sintetik preparatlar kütləvi istehsal platforması əsasında hazırlandığından, onların maya dəyəri çox ucuz başa gəlir. Söylədiyim əsasda, dərman preparatının daşınma xərci, istehsalçı və satış təminatçısının faiz əlavələri nəzərə alınsa belə, onların satış qiyməti, hətta maddi durumu qənaətbəxş olmayan insanlar üçün də, əlçatan olmalıdır.

Sinifli cəmiyyətdə, dərmanların satış qiymətin fantastik olması, rəqabət bazarında inhisarlıq, cəzasızlıq, Dövlət nəzarətinin zəif və oliqarx faktorunun heqemonluğu ilə əlaqədardır. Nəticədə, dərmanların topdan və ya pərakəndə satış qiyməti, real maya dəyərini dəfələrlə üstələyir. Maddi maraq prinsipinə görə, ixracatçı və idxalçı arasındakı müqavilələrdə bir qayda olaraq şişirdilmiş qiymətlər göstərilir. Nəticədə hər iki tərəf məlum faiz əlavələri nisbətində deyil, dəfələrlə artıq “çirkin qəlir” götürür.

Uduzan, əzab çəkən, dərman ala bilməyən və Allahın ümidinə qalan isə, yenə də bədbəxt, sadə zəhmətkeş xalq kütləsi olur. Belə olmasa idi, bu gün Dünyada dərman preparatlarının satışı 900 milyard 700 milyon dollardan çox, dərman preparatlarına ümumi təlabat isə, 4,5 trilyon dozadan artıq olmazdı.

Hazırkı reallıqda çıxış yolu söylədiklərimdir: hamı başa düşməli və bilməlidir ki, inkişaf etməkdə olan ölkələrdə İri Dərman Konsern və Birlikləri olmadığına görə, dərman təminatı, dövriyyəsi və satışı Dövlətin mütləq nəzarəti altında olmalıdır. İdxalda fərdi sahibkarlığa imtiyaz verilsə belə, bu şəxslər ixtisas yönümlü mütəxəssislər olmalı, idxalın strategiya və taktikasını isə, yalnız Dövlət müəyyən etməlidir. Əks hal, həm də milli genofonda ölümcül zərbədir. Bunun acı nəticələrini çox da uzaq olmayan yaxın gələcəkdə görəcəyik.

Səbəb kimi, xatırlatmağı lazım bilirəm ki, hazırda ən məşhur dərman Konsernləri belə, əlavə xərcə görə yeni, hətta brend preraratların terotogenlik, embriotoksiklik, mutagenlik və konsorogenliyini demək olar ki, öyrənmir. Lap elə dərman preparatlarını bir kənara qoyaq, son illər ölkəyə idxal olunan, tərkibində QAYT, taurin və sair kimi modulyatorlar olan qida əlavələrini götürək. Hazırda həkimlərin xəstələrə tövsiyyə etdiyi bu qida əlavələrinin neyro-humoral və immun sistemdə törədəcəyi dəyişiklik və onun nəticələrini düşünəndə insanı dəhşət bürüyür.

Gec də olsa, bu bəlalardan qorunmanın yeganə yolu, dərman və qida əlavələri idxalına Dövlətin elmə əsaslanan sərt nəzarətinin təmin olunması, dərmanların topdan və pərakəndə satış qiymətinin vahid mexanizmlə tənzimlənməsidir. Bu hal həm də Ölkə büdcəsinə milyonlarla dollar gəlir gətirə bilər.

P.S. Mən həqiqəti yazıb, çıxış yolunu göstərdim. Buna nə dərəcədə əməl olunacağı isə, artlq səlahiyyətlilərdən asılıdır...



REKLAM